Lüksemburq Universitetinin doktorantı Nicat Hacıxanov: “Mənim üçün uğur hər addımı müvəffəqiyyətlə tamamlamaqdır”


Tanıtım. Nicat Hacıxanov 1990-cı ildə  Balakən rayonunun Hənifə kəndində anadan olub.  Orta təhsilinə  Qazma 1 nömrəli tam orta məktəbdə başlayıb. Balakən rayon Humanitar və Texniki təmayüllü Liseydə orta təhsilini tamamlayıb. Azərbaycan Dövlət Aqrar Universitetində bakalavr təhsili alıb. Sonra hərbi xidməti borcunu yerinə yetirib. Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsilinə başladıqdan sonra elə bu ali məktəbin Mühasibat-maliyyə departamentində iqtisadçı, aparıcı iqtisadçı kimi fəaliyyət göstərib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə  Dövlət Proqramı” çərçivəsində Avstraliya Milli Universitetində magistratura təhsili alib. Bu universitetdə maliyyəçi köməkçisi vəzifəsində çalışıb. Eyni zamanda Avstraliyada yerli institutda tədqiqatçı kimi akademik fəaliyyət də göstərib.  Daha sonra ölkəyə qayıdıb və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında müəllim vəzifəsində, eyni zamanda SABAH qruplarında, UNEC Beynəlxalq İqtisadiyyat Məktəbində pedaqoji fəaliyyətini davam etdirib.  2017-ci ilin iyun ayından isə Lüksemburq dövlətinin maliyyə dəstəyi əsasında Lüksemburq Universitetində doktorantura təhsilinə başlayıb və hazırda bu pilləni davam etdirir.

 

Yaşadığımız dövrün tələbləri gənclərimizin akademik təhsil həyatında öz ciddi korrektələrini  buraxmaqdadır. Elm yolunu seçən, təhsil  həyatında öz  qarşısında ali hədəflər qoyan gənclərimizin tədqiqatlara, dünyanı dəyişən inqilabi innovasiyalara meyil göstərməsi gələcək uğurun başlanğıcı  sayıla bilər.  28 yaşlı Nicat Hacıxanov bəhs etdiyimiz nüansları öz həyatında yaşayan gənclərimizdəndir.  Dünyanın 2 qitəsində təhsil həyatı yaşamaq,  Avropanın ən gənc universitetlərindən  birində  tədqiqat  aparmaqla  həm  də adlı-sanlı professorlarla çiyin-çiyinə müəllimliklə də məşğul olmaq, əslində Nicatın uğur hekayəsidir.  “SABAH”ımızın müəllimi,  həm də bildiyimizə görə tələbələrinin də sevimlisi olan Nicatla söhbətimizə orta məktəbdən, hər birimizin həyatında böyük dönüşlərin başlanğıcı sayılan ixtisas seçimindən başladıq.

 

- Əslində ixtisas seçiminin formalaşmasına əmim çox böyük köməklik edib, elə özü iqtisadçı olduğu üçün gələcək fəaliyyətimin bu istiqamətdə davam etməsinin uyğunluğunu artıq orta məktəbdə kəşf etmişdi. Elə onun tövsiyəsi əsasında mühasibat və audit istiqamətində təhsil istiqamətini seçmək qərarına gəldim. Bakalavr təhsili kimi Azərbaycan Dövlət Aqrar Universitetinin seçilməsi həm mühasibat sahəsinin ADAU-da kifayət qədər zəngin baza əsasında formalaşması və Gəncə şəhərinin özünəməxsus gözəlliyi ilə əlaqələndirə bilərəm. UNEC-in magistratura təhsili üçün seçilməsi artıq növbəti pillədə yeni şəhər və yeni təcrübənin əldə olunması ilə bağlı idi.

 

- UNEC-də müəllimlik edibsiniz.  Tələbəsi olduğunuz universitetin müəllimi olmaq,  bu,  necə bir hissdir  sizin üçün?

 

- Bilirsiniz, tələbə olduğum zaman artıq fikrimdə özüm üçün ideal müəllim obrazını canlandırırdım. Bu barədə düşünmürdüm ki,   pedaqoji istiqamət ilə məşğul olacağam.  Lakin təhsil bir prosesdir və tələbə kimi tərkib hissəsi olmaq artıq digər tərəf (müəllimlik) barəsində də fikir formalaşdırır. Tələbəsi olduğum universitetin müəllimi olmaq doğmalıq və daha çox töhfə vermək kimi məsuliyyət yaradır. Çünki bu halda artıq mühitə özümü alışdırmq kimi mərhələni keçmək tələb olunmur və birbaşa tədris işinə daha çox zaman ayırmaqla nəticələnir. 

 

İdeal müəllim

 

- İdeal müəllimdən danışdınız. Sizcə, ideal müəllim kimdir, o necə olmalıdır?

 

-  Bu suala cavab çox hərtərəflidir və ideal müəllim obrazını xarakterizə etmək üçün çoxlu faktorlar vardır. Məhz öyrədən tərəfin (müəllimin) səyi öyrənmək prosesinin əsasını təşkil edir. Mənə elə gəlir ki, ideal müəllim nəinki rahat öyrənmək mühiti təşkil etməlidir, həm də dinləyicilərin daha da rahatlığı üçün onları tədris zamanı əyləndirməyi bacarmalıdır. Bu rahatlıq öyrənmək, qavramaq işini daha da sürətləndirir. Eyni zamanda tələbələrin fikirlərini, düşüncələrini dinləməklə tədris prosesini onların nəyi qavrayıb, hansı sahədə çətinlik çəkdiklərini nəzərə almaqla quran müəllim effektiv hesab edilə bilər. Bu, tələbələrin fikirlərinin müəllim gündəmində əks olunması deməkdir. Məncə,  digər ən vacib amil müəllim və tələbə arasında münasibətlərin qurulmasıdır, müəllim çalışmalıdır ki,  tələbəni şəxs olaraq daha da yaxından tanısın. Eyni zamanda nəinki dərs mühitində baş verən problemlərə,  həm də universitet mühitindən kənar olan çətinliklərə maksimum dərəcədə kömək etməlidir. Məhz bu amil tələbənin özünü daha da rahat hiss etməsi və məlumatı daha həvəsli şəkildə qavranmasına yardım edəcək. Digər tərəfdən, müəllimlik pedaqoji sahə olmaqla, özündə psixologiyanı, sosiologiyanı və digər elm sahələrini cəmləşdirir. Ona görə ideal müəllim olmaq müəyyən zaman və bacarıq tələb edir.

 

SABAH qruplarında

 

-  SABAH qruplarında dərs demisiniz.  Bu qrupların əhəmiyyətini,  SABAH qrupu tələbələrinin biliklərini necə qiymətləndirərdiniz?

 

- Mənə elə gəlir ki, SABAH qruplarının yaradılması təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan ən mühüm addımlardan biridir. Aydındır ki, tələbə və müəllimlərin seçiminin mərhələli şəkildə aparılması keyfiyyət göstəricisinin artmasına səbəb olur. Tədris zamanı tələbələrin necə fəxrlə SABAH qruplarında təhsil aldıqlarını və qürurlandığının şahidi oldum. Düşünürəm ki, insan nə olursa-olsun zəhmət qarşılığında əldə edirsə onun dəyəri ölçülməzdir. Elə SABAH qruplarındakı tələbələr zəhmət və bacarıqla qruplara daxil olduqdan sonra var gücləri ilə çalışırlar. İnanıram ki, əldə olunan uğurlar gələcəkdə daha çox özünü göstərəcək.

 

Öyrənmək, dincəlmək, əylənmək

 

- Avstraliyada magistr təhsili almısınız.  Avstraliyada  təhsilin hansı üstünlüklərini qeyd edə bilərsiniz?  Beynəlxalq tələbələr hansı imkanlardan  yararlana bilərlər?

 

 

- Bilirsiniz, Avstraliya mənim üçün fərqli bir dünyadır, desəm yanılmaram. Təhsil sisteminə gəldikdə isə, əlbəttə ki, hər ölkənin inzibatçılığından, kadrlara olan tələbatından asılı olaraq Avstraliyada da fərqli idi. Avstraliya Milli Universiteti beynəlxaq tələbələrin sayına və ümumiyyətlə, multikultural olmasına görə dünyada ən yüksək reytinqə malikdir. Ona görə də bütün mövcud olan imkanlardan hər kəs eyni dərəcədə yararlana bilər. Mənim ən xoşuma gələn xüsusiyyəti isə kampus şəhərciyi və ikiillik zaman ərzində tam başqa aləm kimi yaddaşımda qalmasıdır. Elə bir aləm ki, öyrənmək, dincəlmək, əylənmək, bütün bunlar hamısı bir aradadır.

 

-  Siz hazırda Lüksemburqda təhsil alır, tədqiqatlarla məşğul olursunuz.   Hazırkı təhsil həyatınız və tədqiqatlarınız barədə məlumat verərdiniz.

 

- Hal-hazırda Lüksemburqda yaşayıram və Lüksemburq Universitetində doktrantura təhsili alıram. Lüksemburq Universiteti 2003-cü ildə əsası qoyulmaqla Avropanın  ən gənc universitetlərindən biri hesab edilir. Lüksemburqun beynəlxaq maliyyə mərkəzi olması, ən nüfuzlu müəssisələrin, şirkətlərin mərkəzlərinin burada yerləşməsi universitet məzunlarının iş mühiti, təcrübə sahələrilə daha asan əlaqəsi ilə nəticələnir. Hökumətin təhsil və tədqiqata qayğısı həddən artıq yüksəkdir. Sadə bir faktı göstərmək olar ki, 2018-ci ilin planına əsasən növbəti üç il ərzində ali təhsil və tədqiqat yönümünə 1.4 milyard avro vəsait nəzərdə tutulub. Bu isə Lüksemburqun nəinki maliyyə mərkəzi, həm də elm mərkəzinə çevrilməkdə nə dərəcədə iddialı olmasından xəbər verir. Mənim tədqiqat dəstəyim məhz Lüksemburqun təhsil siyasəti əsasındadır. Universitetdə doktorantura təhsili fərqliliyi ilə seçilir. Təhsilə  başlamazdan əvvəl işçi müqaviləsi bağlanılır və əməkhaqqı əsasında doktorant kimi işçi statusu verilir. Maraqlıdır ki, eyni zamanda ölkədə nəqliyyat sistemindən tələbə statusu əsasında tam pulsuz yararlanmağı da universitet təklif edir. Tədqiqat işinin aparılması üçün bütün şərait təmin olunur. Mənim işimə üç professor - maliyyə mühasibatı, maliyyə və menecment mühasibatlığı sahəsində professorlar Anke Muessig, Kerstin Lopatta, Thomas Kaspereit rəhbərlik edir, bu da daha çox məsuliyyətli olmağı və öyrənməyi tələb edir. Tədqiqat sahəm maliyyə  hesabatlarının məlumatı və göstəriciləri əsasında müəssisələrin maliyyə bazarında baş verən proseslərə nəzərən maliyyə göstəricilərinə nə kimi təsirinin statistik araşdırılmasından ibarətdir. Eyni zamanda  elmi  rəhbərimlə birlikdə universitetdə dərs deməklə də məşğul oluram.

 

Lüksemburqun azərbaycanlı müəllimi

 

- Lüksemburq Universitetinin azərbaycanlı müəllimi əcnəbi auditoriya qarşısında özünü necə hiss edir?

 

- Bilirsiniz, bu mənim üçün böyük qürurdur, həm də çox böyük təcrübədir. Çünki hər həftə dərs deməkdən əlavə, professorların, digər universitetlərin əməkdaşları öz tədqiqatlarını nümayiş etdirirlər və bu seminarlara qatılmaq, onlarla fikir mübadiləsi aparmaq çox dəyərlidir. Tələbələr artıq əcnəbi müəllim gördükdə təəccüblənmirlər və demək olar ki,  əksər müəllimlər əcnəbidir. Ona görə də milliyyətindən asılı olmayaraq onlara müəllim kimi dəyər verilir və münasibət göstərilir.

 

- Tələbələrin elmi tədqiqatçılığa cəlb olunması nə səviyyədədir? Bunun üçün hansı stimullaşdırıcı işlər görülür?

 

- Avropada tədqiqat aparılmayan təhsil müəssisəsi demək olar ki, yoxdur. Tədqiqat olmadan universitet adlanan qurumun fəaliyyəti demək olar ki, qəbul olunmur. Yalnız aparılan araşdırmaların sayına və verdiyi töhfəsinə görə universitetlər bir-biri ilə rəqabət aparır. Bu işi başlatmaq üçün elə bakalavr, magistr səviyyəsindən tədqiqat işi üzrə biliklər formalaşdırılır. Digər tərəfdən, bizim kimi gənc tədqiqatçıların tələbələrin arasında olması imkan verir ki, bizimlə söhbət etsinlər və elə buradan tədqiqatçı olmaq istəyi yaranmağa başlayır. Onu da deyim ki, bu iş mükəmməl düşünülüb, elə hökumətin verdiyi status və dəstək, gələcəkdə cəmiyyətdə tutulacaq mövqe və s. gənc tələbələrin arasından mütləq bu istiqamətə meyil və həvəsi artırır. Tədris zamanı magistrantlar  üçün tezis işləməzdən əvvəl onlara tədqiqat aparmaq metodları xüsusi mütəxəssis tərəfindən öyrədilir, sonra isə hər kəsin kreativ olaraq öz istəyinə uyğun tədqiqat istiqamətini düşünməsi üçün şans verilir. Bundan sonra fərdi olaraq bütün fikirlər qiymətləndirilir və araşdırma aparılması üçün rəy verilir.

 

Təhsil sistemində fərqlər

 

- Siz fərqli  coğrafiyalarda olan ölkələrdə təhsil həyatı yaşamısınız.  Avstraliya və Lüksemburqun  ali təhsil sistemlərini necə müqayisə edə bilərsiniz?

 

 

- Bilirsiniz, hər bir ölkənin istər coğrafi, istərsə də inkişaf strategiyasından asılı olaraq təhsil sistemində fərqlər mövcuddur. Məsələn, Lüksemburq maliyyə mərkəzi olmaqla daha çox bu sahədə olan mütəxəssisə ehtiyac duyur və təbii ki, bu da tələbi artırır. Avstraliyada isə təbiət, humanitar elmlərə daha çox maraq var. Əlbəttə ki, inzibati sistemdə fərqlər özünü açıq büruzə verir. Məsələn, Avstraliyada təhsil ödənişli və kifayət qədər bahalıdır. Lüksemburqda isə əksər Avropa ölkələrində olduğu kimi,  o qədər də yüksək olmayan ödəniş əsasında təhsil almaq mümkündür.

 

Əlbəttə ki, Avstraliya materik olduğu üçün mən özümü hər tərəfdə eyni ölkədə görürdüm. Burada isə əksinə, Avstraliyanın digər şəhərinə qədər olan məsafə qət etdiyim zamanla artıq Skandinaviya sərhədinə qədər çoxlu ölkəni görmək mümkündür. Mən də bu fürsətdən istifadə edib boş vaxtlarımda yeni ölkələr, mədəniyyət, tarixi yerlər ilə tanış oluram.

 

- Sizi daha çox nə cəlb edir - müəllimlik  və ya hansısa  audit və ya vergi sistemində işləmək?

 

- Bilirsiniz, əslində dostlarımın əksəriyyəti auditor və vergi işlərində çalışırlar. Onların gördüyü iş vacibdir və alqışa layiqdir. Lakin mənim üçün hər gün yeni bir tərzdə işə başlamaq, yeni bir fikrin mülahizəsi daha maraqlıdır və rəngarəngdir. Lüksemburq doktorantura təhsili sahəsinə təkcə akademik fəaliyyət kimi yanaşmır, eyni zamanda daha yüksək qiymət verir və  dəyərli mütəxəssis kimi yanaşılır.

 

Hədəfim ölkəmə layiqli kadr olmaqdır

 

- Sizə görə uğurun mənbəyi nədir?  Həyatda uğurlu  olmaq üçün nə etməli?

 

 

- Mənim üçün uğur hər addımı müvəffəqiyyətlə tamamlamaqdır, bunun üçün isə yalnız həddən artıq etdiyin işə həvəskar olmaq və onu çox istəməkdir. Digər amil isə ətrafında yol göstərəcək və dəstəkləyəcək insanların olmasıdır. Valideynlərimə, dostlarıma, UNEC rəhbərliyinə, Dövlət Gömrük Komitəsi rəhbərliyinə, Lüksemburqdakı professorlarıma borcluyam ki, hər addımda onların göstərdiyi mənəvi dəstək mənə daim kömək olub.

 

-  Gələcəklə bağlı hansı planlarınız var?

 

- Yaxın gələcək üçün plan kimi hal-hazırda yüksək reytinqli jurnallara təqdim edəcəyimiz məqalələr üzərində işləyirik. Eyni zamanda Almaniyada digər professorum ilə birgə bir müddət dərs deyəcəyik. Doktorantura pilləsindən sonra yüksək təkmilləşdirmə dərəcəsi də almağı düşünürəm. Bütün bu addımların mənim üçün bir məqsədi var, hədəfim ölkəmə bacardığım dərəcədə layiqli kadr olmaqdan ibarətdir.

 

Oruc MUSTAFAYEV