Böyük fəxr hissi ilə bildiririk ki, Azərbaycan müəllimlərinin XVI Qurultayı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuşdur. Eyni zamanda, müəllimlərin bu ali məclisi Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması dövründə keçirilən ilk Müəllimlər Qurultayı kimi tarixə düşmüşdür. Bu şanlı tarixi dövr qarşıya yeni imkanlar və vəzifələr qoyur, eləcə də, Azərbaycanın sosial-iqtisadi qüdrətinin artması, təhsil sahəsində davamlı islahatların intensiv xarakter alması, rəqabətli insan kapitalının formalaşması, işğaldan azad edilmiş ərazilərimizdə təhsilin bərpası və inkişafı istiqamətində əhəmiyyətli addımların atılması ilə xarakterizə olunur.  

 

Qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunda təhsil sahəsində həyata keçirilmiş fəaliyyətləri yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Bu, dövlət başçısının elm və təhsilə göstərdiyi böyük diqqət və qayğının parlaq təzahürü, təhsil sektorunun inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınmasının bariz nümunəsidir. 

 

Qurultay hesab edir ki, hesabat məruzəsində elm və təhsil sahəsində nəzərdə tutulan strateji istiqamətlər üzrə həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər obyektiv mövqedən işıqlandırılmış və qarşıda duran əsas çağırışlar dəqiq müəyyənləşdirilmişdir. 


Qurultay ötən müddətdə təhsilin inkişafı sahəsində mühüm addımların atıldığını, bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi və əhatəliliyininin artırılması, səmərəli idarəetmə və maliyyələşmə modellərinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, təhsil infrastrukturun müasirləşdirilməsi, işğaldan azad edilmiş ərazilərdə təlim-tədris prosesinin bərpası baxımından sistemli tədbirlərin həyata keçirilməsini xüsusi vurğulayır. Elm və təhsil sahəsində əhəmiyyətli nailiyyətlərin qazanıldığını, bu sahədə siyasətin vacib göstəriciləri olan əhatəlilik, keyfiyyət, əlçatanlıq, bərabər imkanlar və səmərəlilik sahəsində müsbət dinamikanın əldə olunduğunu qeyd edərək, hesabat məruzəsini qənaətbəxş hesab edir. 

 

Qurultay Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik məktubunda öz əksini tapmış konseptual müddəaları, hesabat məruzəsində, məruzə ətrafında çıxışlarda və plenar sessiyalarda irəli sürülən təklifləri nəzərə alaraq, aşağıdakı istiqamətləri əhatə edən qətnaməni qəbul edir:

- Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil infrastrukturunun yaradılması və tədris prosesinin müasir standartlara uyğun təşkili işinin davam etdirilməsi;

 

- təhsil müəssisələrində tərbiyə işinin sistemli təşkili, Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi, Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət və vətəndaşlıq mövqeyinin formalaşdırılması;


- ümumi təhsilin məzmununda Vətən müharibəsində “Böyük Zəfər” və Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ilə bağlı məlumatların əks etdirilməsi, ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı məzmunun zənginləşdirilməsi və bu ideyaların yetişməkdə olan gənc nəslə aşılanması sahəsində sistemli işin aparılması;

 

- gələcək süni intellekt və IV Sənaye İnqilabı dövrünün tələblərinə, dünyada təhsilin inkişaf tendensiyalarına uyğun olaraq, ümumi təhsildə fənlərin tədrisinə yeni yanaşmaların tətbiqi ilə bağlı zəruri tədbirlərin görülməsi, bununla əlaqədar dərsliklərin və dərs vəsaitlərinin məzmun baxımından təkmilləşdirilməsi;

 

- uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, məktəbəqədər təhsilin məzmununun təkmilləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi və müəllim heyətinin peşəkarlığının arıtılması;

 

- ölkədə ümumi təhsildə səriştəəsaslı məzmunun, nəticəyönlü idarəetmə və maliyyələşmənin tətbiqi, təmayüllərin əhatə dairəsinin genişləndirilməsi və infrastrukturun müasirləşdirilməsi nəticəsində təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə ölkənin nəticələrinin yüksəldilməsi;

 

- təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal bacarıqların aşılanması, təhsil müəssisələrində İKT əsaslı infrastrukturun inkişaf etdirilməsi, tədris prosesində və idarəetmədə İKT-nin tətbiqinin və STEAM-əsaslı tədrisin əhatə dairəsinin genişləndirilməsi vasitəsi ilə təhsilin keyfiyyətinin artırılması;


- təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin peşəkar inkişafı sisteminin təkmilləşdirilməsi, müəllim fəaliyyətinin qiymətləndirilməsi və diferensial əməkhaqqı sisteminin tətbiqi üzrə fəaliyyətlərin davam etdirilməsi;

 

- əmək bazarının tələbələrinə uyğun olaraq, peşə təhsilinin əhatə dairəsinin və keyfiyyətinin artırılması, peşə təhsili sistemində maliyyələşmə və idarəetmə sisteminin təkmilləşdirilməsi, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması;

 

- ali təhsilin məzmununda əmək bazarının tələblərinin nəzərə alınması, rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması ilə ali təhsilin əlçatanlığının artırılması, müasir təfəkkürlü gənclərin elmi araşdırmalara cəlb edilməsi, elm və təhsilin inteqrasiyası sahəsində tədbirlərin davam etdirilməsi;

 

- bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilininin təşkili mexanizminin yaradılması və tətbiqi;

 

- istedadlı uşaq və gənclərin aşkara çıxarılması və inkişafı üzrə işin səmərəliliyinin artırılması, fənn olimpiadaları və bilik yarışları sahəsində qazanılan uğurların davamlılığının təmin edilməsi, istedadlı uşaq və gənclərin inkişafına nail olunması;


Qurultay böyük inam və nikbinliklə bəyan edir ki, elm və təhsil işçiləri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil quruculuğu prosesini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirəcək, müasir dövrün çağırışlarına, müəyyən olunmuş strateji hədəflərə və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq, növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəkdir.