Elm və Təhsil və Fövqəladə Hallar nazirliklərinin dəstəyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı, Sumqayıt və Abşeron peşə təhsili müəssisələrinin rəhbər heyəti üçün fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu cür silsilə tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edərək, peşə təhsili müəssisələrində davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsi, bu sahədə maarifləndirmə prosesinin davamlı olmasını xüsusi vurğulayıb.
Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev çıxış edərək təhsilalan və təhsilverənlərin yarana biləcək fövqəladə hallara hazır olmasından, lazımi tədbirlər görülməsinin əhəmiyyətindən danışıb, gündəlikdə duran məsələlərin müəllim və şagirdlərə, valideynlərə çatdırılmasının və onlara davranış qaydalarına dair vərdiş və biliklərə yiyələnməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən suda boğulma, yanğın, dəm qazı və digər fövqəladə hallar zamanı davranış qaydalarına dair ətraflı məlumat verilərək, maarifləndirici videoçarxlar nümayiş etdirilib. Bölgələrdə yerləşən məktəbəqədər və ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması və təhlükəsizliyini artırmaq üçün müxtəlif hallarda əlavə tədbirlər görülməsi də iştirakçıların diqqət mərkəzində olub.
Tədbirdə Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirilmə işlərinin aparılması üçün yerlərdə treninq-müşavirələrin keçirilməsi, ümumi təhsil müəssisələrində təşkil olunan həftəlik sinif saatlarında şagirdlərə, valideyn iclaslarında isə valideynlərə izah edilməsi tövsiyə olunub.