Naxçıvan Dövlət Universiteti (NDU) ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili məqsədilə rektor Elbrus İsayev və rektor müşaviri Rəcəb Cəfərli Macarıstanın ən böyük ikinci universiteti olan Korvinus Universitetində görüşlər keçiriblər.

 

İkitərəfli görüşlərdə bildirilib ki, Korvinus Universiteti maliyyə, iqtisadiyyat və idarəetmə sahəsində üstün təhsil verən bir universitetdir. 14 mindən çox tələbəsi olan universitet kənd təsərrüfatı elmləri, biznes idarəetməsi, iqtisadiyyat və sosial elmlər sahələrində olduqca inkişaf edib.

 

Görüşdə ilkin razılığa əsasən, Naxçıvan Dövlət Universiteti ilə Korvinus Universiteti elmi kitabxanaları arasında ikili münasibətlərin qurulması, hər iki ali təhsil müəssisəsi kitabxanalarının elmi bazasından tədqiqatçıların, müəllim və tələbə heyətinin istifadə etməsi planlaşdırılıb.

 

Korvinus Universitetinin heyəti ilə keçirilən görüşlərdə eyni zamanda iki ali təhsil müəssisəsinin tədqiqat mərkəzləri arasında əlaqələrin yaradılması,  magistratura və doktorantura ixtisasları istiqamətində birgə tədqiqatların aparılması, elmi əsərlərin hazırlanması və yayımlanması nəzərdə tutulub.

 

Qarşılıqlı müzakirələr zamanı NDU tələbələrinin Macarıstan təqaüd proqramlarından istifadə edərək Korvinus Universitetində təhsillərini davam etdirməsi, Korvinus Universitetindən isə tələbələrin NDU-da 1 və ya 2 semester boyunca təhsillərini davam etdirməsi üçün razılıq əldə olunub.