Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Təcrübə və Karyera Mərkəzinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin bir qrup əməkdaşı universitetin “Meşəçilik” ixtisasının III və IV kurs tələbələri üçün təlim keçiblər.
Tədbirdə Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdir müavini Azad Quliyev, Meşəbərpa şöbəsinin baş məsləhətçisi Gülnarə Məmmədova və Meşə Təsərrüfatı tədbirləri mərkəzinin qrup rəhbəri Rəşad Sərkarov iştirak ediblər.
Çıxış edənlər tələbələrə Azərbaycan meşələrinin ümumi vəziyyəti, onların qorunub saxlanılması, bərpası və yeni meşələrin salınması, əkin materiallarının yetişdirilməsi, habelə digər meşə təsərrüfatı tədbirlərinin yerinə yetirilməsi barədə fikirlərini səsləndiriblər. Bundan əlavə, Meşələrin İnkişafı Xidməti və onun funksiyaları barədə məlumat verərək gələcəkdə ixtisaslı kadr kimi tələbələrin istər Xidmətdə, istərsə də Regional Meşə Təsərrüfatı Mərkəzlərində işlə təmin edilmələri üçün imkanların olduğunu bildirib, sualları cavablandırıblar.
Bildirilib ki, bu kimi təlimlərin davamlı olaraq keçirilməsi tələbələrin öz ixtisaslarına daha da maraqla yanaşmalarında və bu sahə üzrə biliklərinin artmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.