“Elə bilirdim ki, öz yaşıdlarım olan qızların hamısının adı "qaçqındır“”


İsti yay günlərindən biri idi. Məktəbə gedəcəyim ilk günü– sentyabrın 1- ni səbirsliklə gözləyirdim. Artıq valideynlərim mənim üçün məktəb hazırlıqlarına başlamışdılar. Atam çanta da almışdı. Fikrim ancaq bu çantada olardı. Gecə yatanda da, səhər duranda da birinci çantanı gözdən keçirərdim; heç gözümü çəkə bilmirdim.

 

Uşaq olduğum üçün dünyadan o qədər də baş açmırdım. Bilmirdim ki,  vətənimin başının üstünü qara buludlar alıb.

 

Səhər tezdən güruldayan ağır top səslərinə oyandıq. Anam təlaş, həyacan içində bizi yuxudan ayıltmışdı.

 

Evimiz Bərdə-Ağdam yolunun kənarında yerləşdiyindən gedən-gələn hərbi maşınları, ağır texnikaları görə bilirdik. Qarabağ cəbhəsində baş verən hadisələrdən daha tez xəbər tuturduq. Bir gün atam evdən şəhərə çıxmışdı. Az keçmişdi ki, həyacanlı halda evə qayıtdı. Anama dedi ki, ermənilər Ağdamı işğal elədi, vəziyyət pisdi.  Bu xəbər anamı çox sarsıtmışdı. Böyüdüyü, xatirələrinin doğma şəhəri işğal olunduğundan hansı hisslər keçirdiyini təsəvvür etmək çətin deyildi. Heç vaxt yadımdan çıxmayan həmin an mənim üçün indi də donmuş kadr effekti yaradıb. Nə baş verdiyini tam dərk etməsəm də, anamın üzündə yaranan kədər və ümudsizliyi sezə bilmişdim. O günlər “ ermənilər Qarabağda azərbaycanlıları öldürür, evlərindən qovur, dinc əhaliyə terror divanı tutur”- sözlərini tez- tez eşidirdim. Yaşadığımız bina hündür mərtəbəli olduğu üçün şəhərin küçələrini daha yaxşı  görmək olurdu. Rayonumuza çoxlu insanlar gəlirdi. Ağır texnikaların şahidi olurduq.

 

Küçələrdə insan səsləri ilə bərabər güllə səsləri eşidilirdi. Sonralar anladım ki, onlar müharibə səhnəsi idi. Ailəmizlə birgə rayonumuzun uzaq kəndlərinə gedəndə həmyaşıdlarımı analarının yanında küçələrdə görməyim heç vaxt yaddaşımdan silinməyib. Biz onlara "qaçqın" (köçkün) deyirdik. Elə bilirdim ki, öz yaşıdlarım olan qızların hamısının adı "qaçqındır"...

 

O vaxtların bir sözü yadımdan heç vaxt çıxmaz. Böyüklər danışardı: Heydər Əliyev gəldi bizi bu bəladan qurtardı. Hamı baş verənlərə görə səriştəsiz hakimiyyəti qınayırdı. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası isə hadisələri yeni, həlledici mərhələyə keçirmişdi.

 

Onu da deyim ki, müharibə bizim rayonumuzda daha çox hiss olunurdu. Çox insanların köçkün kimi məcburən rayonumuza gəlməsi çörək qıtlığı yaratmışdı.  Ağlaşma səslərini eşitmək adi hala çevrilmişdi. Küçələrdə çoxlu silahlı adamlar gəzişirdi. Gecələr atam evdən çıxanda çox qorxardıq. Atam gecədən gedib uzun çörək nöbəsinə dayanar, çətin də olsa, 5 nəfərik ailəyə 2 ədəd çörək ala bilərdi. Hərdən çörək ala bilməyib, əliboş qayıtdığına görə ac yatmağımızı da  heç vaxt unutmuram.

 

Artıq məktəbə gedirdim. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyat öz  axarına düşürdü.  Küçələrin əvvəlki kədərli  mənzərəsi dəyişmişdi. İnsanlar hay-küy salmır, küçələrdə yığışmırdılar.  Oxuduğumuz məktəbdə xeyli köçkün  ailə yaşayırdı. Sinif yoldaşımız olan uşaqlardan bəziləri bizimlə həm oxuyur, həm də oxuduğumuz məktəbdə qalırdılar. Onda başa düşdüm ki, "qaçqın" bu uşaqların adı deyilmiş, sadəcə onlara məcbur olub evlərini tərk etdiklərinə görə qaçqın (köçkün) deyirmişlər…

 

Yaşım artdıqca Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü anlamağa başlayırdım. Dahi şəxsiyyətin dövlətimiz üçün gördüyü işlərin mahiyyətini dərk edirdim.

 

1994-cü  ildə ordumuzun düşmənə tutarlı cavabı sayəsində  Füzulinin 30- dan artıq, Cəbrayılın isə bir yaşayış məntəqəsi azad edilmişdi. Düşmən artıq  Azərbaycan ordusunun gücü ilə rastlaşmışdı.  

 

Ümummilli Lider Heydər Əliyevin ardıcıl və uzaqgörən siyasəti sayəsində həm hərb meydanında, həm də diplomatiya cəbhəsində qələbələr qazanılırdı.  Görkəmli siyasi xadimin 1996-cı ildə Lissabon şəhərində keçirilən sammitdə özünün məntiqli siyasəti ilə düşməni çıxılmaz vəziyyətə salması, ermənilərin işğalçı olduğunu dünyaya sübut etməsi bu böyük şəxsiyyətə qarşı məndə daha çox rəğbət hissi yaratmış oldu. Artıq bir azərbaycanlı kimi özümü çox xoşbəxt sayırdım.

 

Dinamik inkişaf sayəsində daim irəliləyən Azərbaycanın davamlı uğurları ilə dünyanın nüfuzlu ölkəsinə çevrilməsi Ümummilli Lider Heydər Əliyev dühasının təntənəsi demək idi.

 

Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra layiqli siyasi varis yetişdirib, bizi yeni qələbələrə istiqamətləndirməsi oldu.

 

Mənim uşaqlıq illərim Ulu Öndərimizin ölkəmizə rəhbərlik etdiyi vaxta düşdü. Gənclik illərim isə cənab Prezident İlham Əliyevin rəhbərliyi dövrünə.  Ona görə də çox xoşbəxtəm ki, təhsilim bu dövrlərə təsadüf edib. 

 

2003-cü ildən ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyev Ulu Öndərin bütün siyasi kursunu layiqincə davam etdirir. Onun uzaqgörən siyasəti və qətiyyətli addımları ilə 44 gün ərzində düşmən diz çökdü. Qarabağımız azad edildi. İndi başımızı dik tutur, vüqarlı durmağı bacarırıq.

 

Qarabağımızda quruculuq işləri sürətlə davam edir. Direktor müavini işlədiyim Şuşa rayon Malıbəyli kənd 1 nömrəli  tam orta məktəbin müəllim və şagirdləri ilə doğma Qarabağımıza qayıtmaq gününü səbirsizliklə gözləyirik.

 

Böyük qayıdışı bizə yaşadan, bəxş edən dahı insan Ulu Öndər Heydər Əliyevə, onun layiqli davamçısı Prezident İlham Əliyevə hər zaman borcluyuq.

 

Zövqiyyə Əsədova,

Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin direktor müavini