Dekabrın 9-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda konfrans keçirilib.

 

Konfransda Yeni Azərbaycan Partiyası sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, elm və təhsil naziri Emin Əmrullayev, YAP-ın İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov, YAP-ın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov, YAP-ın Veteranlar Şurasının üzvü Əli Həsənov və digər qonaqlar iştirak ediblər. 

Əvvəlcə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

 

Sonra Heydər Əliyevin universitetin foyesindəki büstü önünə əklil qoyulub, ümummilli liderin əziz xatirəsi ehtiramla anılıb.

 

Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, ardınca isə Dövlət Himni səsləndirilib.

 

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını  salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Tahir Budaqov müstəqil Azərbaycanın banisi, YAP-ın qurucusu, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin zəngin dövlətçilik irsinin tədqiqi, ideyalarının öyrənilməsi və təbliğinin əhəmiyyətindən danışıb.

 

Sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək 2023-cü ilin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsi baxımından xalqımızın tarixində ən şanlı illərdən biri olduğunu, həmçinin ölkəmizin müxtəlif təhsil müəssisələrində Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlərin keçirildiyini vurğulayıb.

 

Prezident İlham Əliyevin ulu öndərin əsasını qoyduğu təhsil siyasətini uğurla davam etdirdiyindən də danışan nazir dövlət proqramları, son illərdə Azərbaycanda 3500-ə qədər məktəbin tikilməsi, əsaslı təmiri, hazırda ölkə üzrə 300 mindən artıq şagirdin proqramlaşdırma dərslərinə, 100 mindən artıq şagirdin isə STEAM dərslərinə cəlbi, Xankəndi şəhərində Qarabağ Universitetinin təsisi məsələlərini diqqətə çatdırıb.

 

YAP-ın İdarə Heyətinin üzvü, ADNSU-nun rektor əvəzi Vazeh Əskərov çıxışında “Heydər Əliyev İli” çərçivəsində cari ildə universitetdə ulu öndərin 100 illiyinə həsr olunmuş 50-dək konfrans, forum, müsabiqə keçirildiyini vurğulayıb. Vazeh Əskərov həmçinin bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan zəfər və torpaqlarımızın azad olunması Prezident İlham Əliyevin uğurlu, uzaqgörən siyasətinin real nəticəsi olmaqla yanaşı, ulu öndərin ideyalarının təntənəsidir.

 

YAP-ın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov, həmçinin YAP-ın Veteranlar Şurasının üzvü Əli Həsənov çıxış edərək Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətini diqqətə çatdırıblar. 

 

Sonra YAP-ın media orqanı olan Yeni TV-nin hazırladığı “Heydər Əliyev və yeni Azərbaycan” filmi nümayiş olunub.

 

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

 

Sonda ADNSU-nun tələbələrinin ifasında bədii hissə təqdim edilib.