Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini: “Bir şəxsiyyət kimi formalaşmağımızda sizin əməyiniz böyükdür”
Bakıdakı 177 nömrəli tam orta məktəbdə “Məzunun məktəbdə bir günü” layihəsi çərçivəsində uğur qazanmış məzunlarla şagirdlərin görüşləri təşkil edilir. Təhsil müəssisəsində növbət görüş Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı, “Polis” qezetinin redaktoru Hafiz Təmirovla keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arzu Süleymanova belə tədbirlərin təhsil ocağında təşkil olunmasının əhəmiyyətindən danışıb. Direktor bildirib ki, layihə çərçivəsində məktəbin ilk qonagı Azərbaycan Dövlət Turizm Agentliyinin tədris və təlim sektorunun müdiri, “Yüksəliş” müsabiqəsinin qalibi Arzu Tairquliyeva-Nagıyeva olub.
Layihənin hazırkı qonağı barədə danışan A.Süleymanova Hafiz Təmirovu məktəbin fəxr olunası məzunlardan biri kimi xarakterizə edib. Belə məzunların şagirdlər üçün gözəl örnək oldugunu deyən direktor layihənin davam edəcəyini və tanınmış, uğur qazanmış məzunlarla belə görüşlərin tez-tez təşkil olunacağını qeyd edib.
Tədbirdə cıxış edən H.Təmirov dəvətə görə məktəb rəhbərliyinə təşəkkürünü bildirib. O, məktəb illərindəki xatirələrini şagirdlərlə bölüşüb: “Müəllimlərimi gördüm, o illərə qayıtdım. Bu məktəb divarları, bu dəhlizlər, bu geniş pilləkan məni cantanı güclə götürüb məktəbə gələn Hafizi xatırlatdı. Məktəb pilləkanını qalxdıqca balaca Hafiz də addım atdığı hər pillə ilə böyüdü. O pillələri siz müəllimlərin köməyi ilə qalxdım. Əziz müəllimlərim, sizlərin qarşısında baş əyirəm. Ömrüm boyu sizlərə minnətdaram. Sizlərin zəhməti sayəsində əlimiz çörəyə çatdı. Bir şəxsiyyət kimi formalaşmağımızda sizin əməyiniz böyükdür”.
Tədbirin sonunda qonaq şagirdləri maraqlandıran sualları cavablandırıb.
Rəşad ZİYADOV