Naxçıvan Dövlət Universitetində Beynəlxalq Könüllülər Günü qeyd olunub
Naxçıvan Dövlət Universitetində (NDU) Beynəlxalq Könüllülər Günü qeyd olunub. Ali təhsil ocağının rektoru Elbrus İsayev bu münasibətlə keçirilən tədbirdə çıxış edərək bildirib ki, BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib. Rektor qeyd edib ki, innovativ və cəmiyyətin maraqlarına cavab verən yeni addımlara ehtiyacın yaranması məhz könüllülük fəaliyyətinin inkişafı ilə nəticələndi və 2009-cu ildə Milli Məclisdə “Könüllü fəaliyyət haqqında” Qanun qəbul edildi. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu.
Rektor rəhbərlik etdiyi ali təhsil ocağında könüllülük fəaliyyətinin sistemli şəkildə inkişafından danışaraq onların işini yüksək qiymətləndirib. Qeyd edilib ki, ali təhsil ocağının ev sahibliyi etdiyi bir çox tədbirlərdə könüllülər nəinki fəal çıxış edir, eyni zamanda universitetin imicini yüksək tutur, təhsil aldıqları ali təhsil müəssisəsinə başucalığı gətirirlər. E.İsayev könüllülük fəaliyyətindən sistemli şəkildə istifadə edən universitetin İnformasiya texnologiyaları şöbəsi, Media və ictimaiyyətlə əlaqələr bölməsi, tələbə təşkilatlarının fəaliyyətlərini xüsusi olaraq qeyd edib. Rektor könüllü fəaliyyət göstərən hər bir gənci təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbirdə universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Nicat Yaqubovun, universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanovun çıxışları dinlənilib. Çıxışlarda vurğulanıb ki, universitetdə 600-ə yaxın könüllü fəaliyyət göstərir.
Sonda könüllülük fəaliyyətində xüsusilə fərqlənənlər fəal könüllü nominasiyasına görə diplomla təltif olunublar.