Oktyabrın 20-də respublika və beynəlxalq fənn olimpiadaları qaliblərindən ibarət bir qrup şagirdin Şamaxı Safari Parkına ekskursiyası təşkil olunub.  
 
Ölkə Prezidenti cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Həmin sənədə əsasən, Şamaxı rayonunun Pirqulu dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun çəpərlənərək vəhşi heyvanlar üçün ekoloji qoruq - Şamaxı Safari Parkı yaradılıb. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından genetik qiymətli heyvanlar gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılıb.
 
Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən, Təhsil Nazirliyi ilə Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə 2018-2019-cu tədris ilinin oktyabr, noyabr və aprel, may aylarında Bakı şəhərində yerləşən ümumtəhsil məktəbləri şagirdlərinin Şamaxı Safari Parkına həftədə bir dəfə ekskursiyalarının təşkili nəzərdə tutulub. Ekskursiyalar ekoloji turizm sahəsində xüsusi təcrübəsi olan Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən həyata keçiriləcək. İDEA İctimai Birliyi, Respublika İnkişaf Mərkəzi, Ümumdünya Vəhşi Təbiət Fondu ilə birgə bir çox ekoloji yönümlü layihələr həyata keçirir. Bu layihələrdən “Ceyranları qoruyaq”, “Bəbirləri mühafizə edək”, “Zubrları təbiətimizə qaytaraq” adlı layihələr ekoloji sahədə uşaq və gənclərin maarifləndirilməsi, onlarda doğma təbiətə sevgi və qayğı hisslərinin aşılanması, vəhşi təbiətdə olan müxtəlif növ heyvan cinslərinin tanıdılması, nəsli kəsilməkdə olan heyvan cinslərinin qorunması, onlara qayğının təbliği, müvafiq sahələrdə praktik biliklərin əldə edilməsi məqsədilə davamlı olaraq keçirilir.
 
Ekskursiyada Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov və media nümayəndələri iştirak edib.