Laçınlılar 30 il həsrətində olduqları doğma yurda qayıdışın sevincini yaşayırlar
Azərbaycanın dilbər guşələrindən biri olan, strateji mövqedə yerləşən Laçının işğaldan azad edilməsindən üç il ötür. Qırx dörd günlük Vətən müharibəsinin gedişində ordusu tamamilə darmadağın edilən Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və üç rayonumuzdan, o cümlədən Laçından öz qoşunlarını çıxardı. 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycan Silahlı Qüvvələrinə təhvil verildi və bununla da otuz ilə yaxın davam edən işğala son qoyuldu.
AZƏRTAC Laçının işğaldan azad edilməsi prosesinə, hadisələrin sonrakı gedişinə, son üç ildə rayonda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə bir daha nəzər salır.
Laçın öz azadlığına necə qovuşdu?
Ümumilikdə 127 yaşayış məntəqəsindən ibarət olan Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğaldan əvvəl rayonda 65 min nəfər əhali yaşayırdı. Birinci Qarabağ müharibəsində 264 nəfər laçınlı şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər sağlamlığını itirib.
İşğal illərində digər ərazilər kimi, Laçın rayonu da erməni vandalizminə məruz qalıb. Rayondakı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, beş musiqi məktəbi, bir internat məktəbi, bir orta texniki peşə məktəbi, iki avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. Eyni zamanda 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidəyə böyük ziyan vurulub.
Son statistikaya görə Laçının əhalisi artaraq 80 min nəfəri ötüb, laçınlılar respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
Prezident İlham Əliyev xalqa müraciətində Laçının işğaldan azad olunmasının əhəmiyyətini vurğulayaraq deyib: “Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə zamanı təqribən 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər – 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı... Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə”.
2022-ci ilin avqustun 26-da isə Ordumuz Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürdü. Nəhayət, sentyabrın 21-də Laçın şəhərində Müzəffər Ali Baş Komandan tərəfindən Azərbaycanın Dövlət Bayrağı ucaldıldı.
Çox keçmədən daha bir mühüm addım atıldı. Üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə bu il aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da proseslər öz məntiqi sonluğuna çatdı.
Laçın bərpa edilir, yenidən qurulur
İşğaldan azad olunmuş ərazilərdə üç ilə yaxındır ki, möhtəşəm bərpa-quruculuq işləri həyata keçirilir. Sıfırdan yeni şəhərlər və kəndlər inşa edilir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpası nəzərdə tutulur.
Laçın rayonuna da həyat yenidən qayıdır. Prezident İlham Əliyev rayona ilk səfəri zamanı Güləbird Su Elektrik Stansiyası işə salındı. Həmin stansiya təxminən 7 min nəfər əhalini, həmçinin Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidəki digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
Hazırda uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi gedir. Yol üzərində üç tunel tikilir. 2020-ci il iyunun 26-da təməli qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Dövlətimizin başçısı Laçına səfərləri zamanı Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin, Şəlvə və Güləbird kəndlərinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub.
Doğma yurda qayıdışın sevinci
Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonunadək azad olunan ərazilərdə 34 min 500 evin tikilməsi, 140 min keçmiş məcburi köçkünün öz doğma evlərinə köçürülməsi planlaşdırılır.
Bu il Laçın şəhərinə 700 ailənin köçürülməsi nəzərdə tutulur
Bu il mayın 28-dən başlayaraq laçınlıların da doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri 346 ailəyə qucaq açıb, 1326 laçınlının yurd həsrəti bitib. Zabux kəndinə isə 121 ailə, ümumilikdə 476 nəfər köçürülüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşırlar. Ümumiyyətlə Böyük Qayıdış Proqramına əsasən, 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulur.
Laçına növbəti səfəri zamanı Prezidenti İlham Əliyev şəhərə qayıdan insanlarla görüşüb, onlara evlərin açarlarını təqdim edib.
Laçının bu günü və yaxın perspektivləri
Laçında bərpa-quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkəti təmin ediləcək.
Digər tərədən Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Həmçinin istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır.
Bu il avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olublar. Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli qoyulub. Rayonda “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları, rayon 2 nömrəli tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib, “Həkəri Balıq Təsərrüfatı”nın, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub.
Avqustun 26-da “Laçın Şəhəri Günü” bayram tədbirindəkı çıxışında rayonun yaxın perspektivi ilə bağlı bəzi məqamları açıqlayıb: “İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Ona görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi. Biz qısa müddət ərzində yeni yol çəkərək həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtdıq və bu gün səhər zabuxlularla mənim görüşüm olub. Onlar dünən axşam uzun fasilədən sonra – 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar isə mayın 28-dən etibarən artıq buradadırlar. Mayın 28-də - Müstəqillik Günündə mən birinci qrup laçınlılara onların evlərinin açarlarını təqdim etdim və beləliklə, Laçının dirçəliş dövrü başlamışdır. O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşıb və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən bizim müzəffər Silahlı Qüvvələrimizdir”.
Göründüyü kimi, azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı uğurla reallaşır, doğma yurda qayıdanların sevinci yerə-göyə sığmır. Bu tükənməz sevincdən minlərlə laçınlıya da pay düşür.