“Qarşıda məni böyük sınaqlar gözləyirdi”
...Elə mən özüm də bu qəbildən olan gənclərlə həmsöhbət olmaqdan zərrəcə yorulmuram. Ali məktəblərə yüksək balla qəbul olunan tələbələrlə görüşdən necə zövq almayasan? Hər birini dinləyərkən sonda gəldiyim nəticə bu olur ki, onların hamısı bu və ya digər formada başqa tələbələrdən fərqlidir; nail olduqları uğurlara aparan yuxusuz gecələri barədə təəssüratlarını dinləyərkən necə də mətin iradə sahibləri ilə həmsöhbət olduğumdan sözün tam mənasında məmnun qalıram. Bu qəbildən olan tələbələrin biri ilə bu günlərdə görüşdüm. Sözünü-söhbətini dinləməkdən doymaqmı olardı?! Həmin tələbə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin məzunu Arif Hacıyev idi. Hazırda o, Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi fakültəsinin I kurs tələbəsidir. Adını Prezident təqaüdçüləri sırasında görən Arif həmin anda yaşadığı hissləri və ümumiyyətlə, təhsildə qazandığı uğurlar barədə fikirlərini həyəcansız ifadə edə bilmirdi:
“Uğurlarımı davam etdirəcəyəm”
- “Liseydə oxuduğum müddətdə bütün fənləri həvəslə öyrənirdim. Olimpiadalara qatılır, müsabiqələrdə iştirak edirdim. Hər uğura imza atdıqca daha da ruhlanır, məsuliyyət hissim daha da artırdı. Peşəkar müəllimlərdən dərs almışam. Qarşıda məni böyük sınaqlar gözlədiyini anlayırdım. Nəhayət ki, 5 mart buraxılış imtahanlarında 300 baldan 296,7 bal toplayaraq respublika birincisi oldum və ümumilikdə isə 678,5 balla Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olundum. Bakı Ali Neft Məktəbində təhsil almaq mənim üçün çox qürurvericidir. Uğurlarımı davam etdirəcəyimə söz vermişəm. Ən çox kimya və riyaziyyat elmləri ilə məşğul oluram. Bu fənləri orta məktəb illərindən sevirəm”.
“Biz tələbələr üçün böyük bir məsuliyyətdir”
Prezident təqaüdünə layiq görülməyimi eşidəndə bu xəbər məni çox sevindirdi. Doğrusu, əvvəl inanmadım, çünki mənim üçün bu xəbər gözlənilməz oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Prezident təqaüdü ilə bağlı imzaladığı sərəncamı oxuyarkən 102 tələbənin arasında adımı gördükdə sanki bütün dünyanı mənə bağışladılar. Çünki hər kəs Prezident təqaüdünə layiq görülə bilmir və əgər mən buna layiq görülmüşəmsə, demək daha çox çalışmalı və öz üzərimdə davamlı şəkildə işləməliyəm. Bu, biz tələbələr üçün böyük bir məsuliyyətdir. Ölkə rəhbərinin diqqət və qayğısı daha yaxşı nəticələrə imza atmaq üçün biz tələbələrdə böyük stimul yaradır. Deməliyəm ki, mən aşağı siniflərdə təhsil aldığım illərdə də daim öyrənməyə çalışmışam. Asudə vaxtlarımdan həmişə səmərəli istifadə etmişəm. Saatlarla oturub məsələ - misallar həll etməkdən yorulmurdum. Əksinə, zövq alırdım.
Sifai SƏFƏROVA