Təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam edir


Ölkənin ümumi təhsil, orta ixtisas və ilk peşə ixtisas təhsili müəssisələrində Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı silsilə maarifləndirmə tədbirləri keçirilir. Bakı şəhəri və respublikanın bir sıra regionlarını əhatə edən maarifləndirmə kampaniyasının davamı olaraq növbəti tədbir Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə Beyləqan rayon Dünyamalılar kənd Ə.Şirinov adına 1 nömrəli tam orta məktəbində, İmişli şəhər 5 saylı məktəb-liseyin şagird və müəllim heyəti və Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.

 

Tədbirdə Elm və Təhsil Nazirliyinin sektor müdiri Qeyrət Şirəliyev, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəisi Vüqar Ağayev, Mil-Muğan Regional Təhsil İdarəsinin əməkdaşları, şagirdlər, müəllimlər iştirak edib.

 

Tədbirlərin həyata keçirilməsində məqsəd məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin təbii və texnogen xarakterli (suda boğulma, yanğın, dəm qazı və s.) fövqəladə hallarla bağlı maarifləndirilməsi ilə əlaqədar qarşıda duran məsələlər və onların həlli yollarının müzakirəsi, bu istiqamətdə səmərəli işin qurulması üçün metodiki köməkliyin göstərilməsi, belə vəziyyətlər zamanı davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsi, bu istiqamətdə maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsindən ibarət olub.

 

Tədbirlərdə giriş sözü ilə çıxış edən Elm və Təhsil Nazirliyinin sektor müdiri Qeyrət Şirəliyev layihənin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə maarifləndirici görüşlərin keçirilməsinin vacibliyini bildirib. Qeyd edilib ki, təhsilalan və təhsilverənlərin yarana biləcək fövqəladə hallara hazır olması, lazımi davranış qaydalarına dair vərdiş və biliklərə yiyələnməsi vacibdir.

 

Sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda boğulma, yanğın və dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib, sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, həmçinin maarifləndirici videoçarxlar nümayiş olunub.

 

Sonda mövzuya dair videoçarxların müşayiəti ilə interaktiv formada keçirilən tədbirdə suallar ətraflı cavablandırılıb.