Qərib Mürşüdov: “Əsas diqqət Azərbaycanda elmi işlərin keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir”


“Azərbaycan müəllimi” qəzetinin büdəfəki müsahibi Böyük Britaniyanın Kembric Universitetinin professoru Qərib Mürşüdovdur. O, Kembric Universitetinin Tibbi Tədqiqatlar şöbəsinin Molekulyar Biologiya Laboratoriyasında (MBL) qrup rəhbəridir. Oxuculara onu da çatdıraq ki, bu vaxta qədər MBL alimlərinin 12 işi  Nobel mükafatına layiq görülüb: 9-u kimya, 3-ü isə fiziologiya və tibb üzrə. Bu mükafatlar ilkin elmi tədqiqatlar və molekulyar biologiya üçün qabaqcıl üsulların inkişafı istiqamətində əsas nailiyyətləri qeyd edir. Q.Mürşüdovla rəhbərlik etdiyi Tədqiqat Qrupunun fəaliyyət istiqamətləri, əldə olunan nəticələr və onların elmi əhəmiyyəti, eləcə də ölkəmizdə elm və təhsilin təşkili barədə söhbətləşirik.

 

“Elmi işlərimə 62000-dən çox istinad var”

 

- Mənim tədqiqat qrupum Böyük Britaniyanın Tibb Tədqiqatlar şöbəsinin Kembricdə yerləşən Molekulyar Biologiya Laboratoriyasında çalışır. Elmi qrupun adı Hesablama Struktur Biologiyasıdır. Əsas məqsədimiz eksperimental verilənlərdən istifadə edərək makromolekulların üçölçülü quruluş modellərinin alınması üçün istifadə edilən proqram təminatı yaratmaqdır. Biz riyaziyyatdan, kompüter elmlərindən istifadə edərək yeni üsulları inkişaf etdiririk və onları proqramlarda yazaraq struktur biologiya cəmiyyətinə təqdim edirik. Bizim proqramlardan dünyanın hər bir tərəfində istifadə olunur. Bizim elmi işlərə çoxsaylı istinadlar olur, bu isə gördüyümüz işlərin vacibliyini göstərir. Məsələn, Google Scholar göstərir ki, mənim özümün elmi işlərimə 62000-dən çox istinad var,  H-faktor isə 59-dur.

 

Onu da qeyd edim ki, Azərbaycanda elmin inkişafına və əsasən də gənclərin elmi işlərində kömək etmək üçün mən Azərbaycanda Molekulyar Biologiya və Biotexnologiya İnstitunda da elmi laboratoriyaya rəhbərlik edirəm. Bu laboratoriyada işlərimiz istədiyim kimi sürətlə getməsə də artıq müəyyən nəticələrə nail olmuşuq.

 

“Müxtəlif sahələrin əməkdaşlığı vacibdir”

 

- Hazırda elmlərin inteqrasiyası baş verir və bir çox kəşflər də elmlərin qovşağında baş verir. Eləcə də riyaziyyatla molekulyar biologiyanın sıx inteqrasiyası. Bu barədə fikirlərinizi bilmək istərdik. 

- Tamamilə razıyam ki, elm və texnologiyanın inkişafı ancaq müxtəlif istiqamətlərdə elmi tədqiqatların bir yerdə istifadəsindən irəli gəlir. Məsələn, struktur biologiyası molekulyar biologiyanın bir tərkibidir. Problemlər bioloji problemlərdir. İstifadə edilən üsullar fizikadan irəli gəlir (rentgen və elektron kimi hissəciklərin səpilməsindən istifadə edərək molekulların şəkillərinin alınması), alınan verilənlərin analizi riyazi və kompüter elmləri üsullarının tətbiqini tələb edir (statistik modellərin qurulması və yoxlanılması), molekulların özləri isə böyük kimyəvi maddələrdir və onların xüsusiyyətini kimyəvi üsullar ilə öyrənmək olar.  Bundan əlavə, yeni üsulların inkişafı yeni avadanlıqların yaradılmasını tələb edir, bu isə əsasən elektronik, elektrik və mexaniki mühəndislik bilikləri tələb edir. Ayrı misal: tibbi problemlərin araşdırılması təbabət elmlərindən başqa kimya (verilən xüsusiyyətlərə malik olan maddələrin hazırlanması), fizika (xəstəlik və orqanizmdə gedən ayrı proseslərin qarşılıqlı əlaqəsinin öyrənilməsi), biologiya (xəstəliklər elə bioloji proseslərin bir qismidir), riyaziyyat (xəstəliklərin modelləşdirilməsi, verilənlərin statistik analizi və modelləşdirilməsi), kompüter elmləri (böyük sayda verilənlərin analizi və diaqnoz/proqnozların hazırlanması) və sair kimi sahələrin birgə tədbiqini tələb edir.

 

Ümumiyyətlə, müasir problemləri araşdırmaq üçün müxtəlif sahələrdən biliklər tələb olunur. Bütün sahələri bilən mütəxəssislərin hazırlanması, demək olar ki, qeyri-mümkündür. Problemlərə yanaşmaq üçün müxtəlif sahələrin əməkdaşlığı vacibdir. Buna nail olmaq üçün şərait yaradılmalıdır. İşlər universitetdəki təhsildən başlayaraq tədqiqat institutlarında elmin təşkilinə qədər müxtəlif mərhələlərdə görülməlidir. Əməkdaşlıqların həvəsləndirilməsi üçün müxtəlif istiqamətdə qrantlar yaratmaq olar. 

 

Sırf elmi istiqamətlərin vacibliyini aşağı salmaq da düzgün olmazdı. İndiyə qədər həm maraqlı və həm də çox çətin olan riyaziyyat, fizika və kimya problemləri həddən artıq çoxdur. Bu istiqamətlərin, fundamental elm istiqamətləri kimi maliyyələşdirilməsi vacibdir. Əvvəl-axır müxtəlif elmi səhələrinin əməkdaşlığı üçün hər bir sahənin kifayət qədər güclü olması vacibdir. Nəzərə almaq lazımdır ki, güclü fundamental elmi sahələr elm və texnologiyanın inkişafı üçün mühit yaradır və bu mühit daxilində yeni elmi istiqamətlər inkişaf edir.

 

“Bu istiqamətdə çox işlər görülməlidir”

 

- Azərbaycanda elmin dünya elminə inteqrasiya etməsi və tanınması  üçün hansı işlər görülməlidir? Alimlərimizə nüfuzlu beynəlxalq elmi bazalara daxil olan jurnallarda dərc olunan məqalələrin sayını artırmaq üçün nə kimi tövsiyələr verərdiniz?

- Mənə belə gəlir ki, əsas diqqət Azərbaycanda elmi işlərin keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir. Əgər elmi işlərin keyfiyyəti yuxarıdırsa, onda dünyada gedən elmi proseslərdə iştirak etmək üçün müxtəlif mexanizmlər var, onlardan istifadə etmək olar. Hər bir sahədə elmi konfranslar var, onlarda iştirak etmək lazımdır. Əsl elmi konfranslarda iştirak etmək üçün maliyyələr olmalıdır. Əsasən gənclərin belə konfranslarda iştirak etməsi daha məsləhət olardı. Bu konfranslar elmi işlərin təqdimatından əlavə gənclər üçün əlaqələr şəbəkəsi yaratmağa imkan verir. Gənclər elm sahəsində hansı müasir işlərin görüldüyü, onların necə müzakirə olunduğunu əyani görürlər. Əgər elmi işlərin keyfiyyəti yuxarıdırsa onda bu işlər elmi jurnallarda nəşr olunmalıdır. Yenə də, nəzərə almaq lazımdır ki, külli miqdarda “yırtıcı jurnallar” var. Onlardan qaçmaq lazımdır. Yekunlaşdırsaq, birinci və əsas məqsəd elmi tədqiqatların keyfiyyətinin qaldırılması olmalıdır. Əgər buna nail ola bilsək onda “tanıtmaq” problemini həll etmək asan olar. Bu istiqamətdə çox işlər görülməlidir. İşlər müxtəlif sahələri əhatə etməlidir. Bura orta məktəb təhsili; ali məktəb sistemində islahatlar; elmi tədqiqatların təşkilində islahatlar və tədqiqat institutlarının maliyyələşdirilməsinə yenidən baxılması; yeni tipli tədqiqat institutlarının yaradılması; Azərbaycanda elmi təşkilatların yaradılması və onların beynəlxalq elmi təşkilatlara üzv olması kimi sahələrdə işlər daxildir.

 

“Yeni elmi mühiti olan tədqiqat institutları yaratmaq lazımdır”

 

- Azərbaycanda yeni nəsil tədqiqatçıların yetişdirilməsi üçün nə kimi təklifləriniz vardır?

- Yeni nəsil tədqiqatçıların inkişafı üçün bir neçə istiqamətdə işlər görülməlidir. Hazırda əsas iki istiqamət haqda danışmaq olar: a) gənclərin dünyada aparıcı universitetlərdə və ya tədqiqat institutlarında təcrübə alması; b) gələcəkdə bu gənclərin Azərbaycanda fəaliyyəti üçün mühitin yaradılması hissəsini həll etmək çətin deyil və bu istiqamətdə işlər görülür. Dövlət proqramları məhz bu istiqamətdə görülən addımlardır və bunu alqışlamaq lazımdır. Amma, nəzərə almaq lazımdır ki, bu gənclərin Azərbaycanda işləməsi və yaradıcılıqla məşğul olması üçün şərait yaradılmalıdır. Belə şəraitin yaradılması çox mürəkkəb məsələdir. Yeni elmi mühiti olan tədqiqat institutları yaratmaq lazımdır. Bunun üçün həm Azərbaycanda mövcud potensialları olan elmi işçilərdən və həm Azərbaycandan kənarda olan və kifayət qədər inkişaf etmiş azərbaycanlı alimlərdən istifadə etmək olar. Ola bilər ki, iki məsləhətçi komitə yaradılsın: daxili və hazırda potensialları bəlli olan alimlərdən ibarət; Azərbaycandan kənarda olan və Azərbaycan ilə bağlı olan alimlərdən ibarət komitə. Bu komitələr bir-birindən asılı olmasa da daimi müzakirələr apara bilərlər. Birinci komitə üzvləri daxili vəziyyəti daha yaxşı bilirlər, ikinci komitə isə dünyada elmi işlərin necə getdiyini bilirlər. Belə komitələrin yaradılması haqda çox yaxşı fikirləşmək lazımdır.

 

“Universitetlər sərbəst işləyə bilən, yaradıcı mütəxəssislər hazırlamalıdırlar”

 

- Ali təhsil sistemində tədris və tədqiqatçılıq fəaliyyətlərini  necə nizamlamaq olar? Britaniyada bu sahədə hansı  təcrübələri qeyd edərdiniz?

- Britaniyada və bir sıra ölkələrdə universitetlərin əsas məqsədi təhsil olsa da, elmi tədqiqatların əsas hissəsi universitetlərdə həyata keçirilir. Buna nail olmaq üçün müəllim heyətinin dərs yükləri azaldılmalıdır və tələbələr daha çox sərbəst işlər görməlidirlər. Bunun üçün isə təhsil sistemində islahatlar lazımdır. Məsələn, təhsili belə təşkil etmək olar. Fərz etsək ki, universitet təhsili dörd ildən ibarətdir. 1-ci il: 100% mühazirələr, seminarlar və imtahan; 2-ci il: 75% mühazirə/seminar/imtahan, 25% axtarışlar və nəticələrin yazılı və şifahi təqdimatı; 3-cü il: 50% mühazirə/seminar/imtahan, 50% axtarış/təqdimat; 4-cü il 25% mühazirə/seminar/imtahan və 75% axtarış/təqdimat. Magistraturada bunu davam etmək olar. Ya 50/50 və ya 25/75% nisbətində ola bilər. Doktoranturada isə 20/80 və ya 10/90 etmək olar. Bu, müəllimlərin yükünü azaldar, amma həm müəllimlərin və həm də tələbələrin cavabdehliklərini yüksəldər. Axtarış aparmaq üçün tədqiqat mövzuları ortaya qoyulmalıdır, bu isə müəllimlərin öz sahələrini kifayət qədər yaxşı bilməsini tələb edir. Bu üsul tədbiq edilə bilsə, onda tələbələr sərbəst işləməyi və axtarış etməyi öyrənərlər. Əvvəl-axır, universitetlər biliklərdən başqa sərbəst işləyə bilən və yaradıcı olan mütəxəssislər hazırlamalıdırlar.

 

Nəzərə almaq lazımdır ki, bu sistemə keçmək üçün müəllimlərin maaşı dərslərdən asılı olmamalıdır. Bunun üçün ümumi maaş quruluşunun islahatı haqda fikirləşmək lazımdır. Maaşlar nə dərslərdən, nə rəhbərlik etdikləri tələbələrin sayından, nə qrantlardan asılı olmalıdır. Amma maaş kifayət qədər olmalıdır ki, onu itirmək istəməsinlər. Buna necə nail olmaq maraqlı mövzudur, ayrı müzakirə tələb edir. Britaniyada əksər universitetlər, dediyim üsulların variasiyalarından istifadə edirlər. Əlbəttə, bu üsulu tətbiq etmək üçün müəllimlərin səviyyəsi kifayət qədər yüksək olmalıdır. Bunu isə ancaq ciddi yoxlamaqla (sertifikasiya kimi bir üsulla) öyrənmək olar. Əgər universitetlərin gəliri tələbələrin səviyyəsinə, hazırlanan mütəxəssislərə və universitetdə olan tədqiqatların keyfiyyətinə görə müəyyən edilsə, onda yaxşı nəticələr almaq olar.

 

“Reytinq məqsəd olmamalıdır”

 

- Ali təhsil müəssisələrimiz beynəlxalq reytinqlərdə möhkəmlənmək üçün nə kimi addımlar atmalıdır?

- Gəlin bu məsələyə baxaq: universitetlərin reytinqlərinin məqsədi tələbələri cəlb etməkdir. Orta məktəbdən sonra tələbələr universitetləri onların reytinqlərinə görə seçirlər. Adətən güclü universitetlər reytinq haqda az fikirləşirlər və reytinqi qaldırmaq üçün az maliyyə istifadə edirlər. Orta və aşağı səviyyədə olan universitetlər üçün isə reytinq qürur mənbəyi olur. Bu, əminlik gətirir ki, onlar yaxşı səviyyəli kifayət qədər tələbələri cəlb edə biləcəklər. Bu isə universitetin gəlirini müəyyən edir. Həm də nəzərə almaq lazımdır ki, bir sıra reytinq sxemləri ingilis dilli universitetləri daha yuxarı qiymətləndirirlər. Bu isə Qərbdə olan iş bazarının vəziyyətini ifadə edir. Qısa desək: reytinq dalınca qaçmağın Azərbaycan universitetləri üçün məqsədəuyğun olmadığını fikirləşirəm.

 

Mənə belə gəlir ki, reytinq əvəzinə universitetdə təhsilin və tədqiqatın keyfiyyətini yuxarı qaldırmaq lazımdır. Onda həm reytinq yuxarı qalxar və həm də maliyyələr çoxalar. Reytinq məqsəd olmamalıdır.

 

“Əməkdaşlıq olmadan nadir hallarda yüksək elmi nəticələrə gəlmək olur”

 

- Bir neçə gün əvvəl nazir Emin Əmrullayevin doktorant və gənc tədqiqatçıların elmi konfransında məzmunlu çıxışı oldu. Mühüm mesajlardan biri kimi Azərbaycan alimlərinin xarici ölkələrdən olan alimlərlə birgə tədqiqatlar aparması zəruriliyi qeyd olundu. Elmi kollaborasiyaların əhəmiyyətini necə qiymətləndirirsiniz? Bu bizim elmə nə kimi yeniliklər gətirə bilər?

- Mən cənab nazirlə tamamilə razıyam. Ümumiyyətlə, hazırda beynəlxalq əməkdaşlıq olmadan nadir hallarda yüksək elmi nəticələrə gəlmək olur. Əməkdaşlıq müxtəlif səviyyədə və müxtəlif formalarda ola bilər. Ən sadəsi “bölmə və hökm sür” prinsipi kimi ola bilər. Hər hansı bir elmi iş hissələrə bölünür və ayrı-ayrı hissələrdə işlər müxtəlif laboratoriyalarda görülür. Bunun üçün hər bir laboratoriyanın kifayət qədər gücü olmalıdır. Başqa bir forma belə ola bilər: hər hansı aparıcı laboratoriyanın işində iştirak etmək. Bu halda əsas nəticə aparıcı laboratoriyanındır. Digər iştirakçılar üçün əsas nəticə təcrübə əldə etməkdir. Əməkdaşlıq müzakirə səviyyəsində də ola bilər. Yəqin ki, hazırda, Azərbaycanda infrastruktur yaradılana qədər, aparıcı laboratoriyaların işində iştirak edərək təcrübə qazanmaq kimi əməkdaşlıq etmək olar. Bu, Azərbaycanda elmin inkişafına təkan verə bilər. Amma belə əməkdaşlıq, elmi mühitin yaradılması üçün islahatlar və infrastrukturun təşkili ilə eyni zamanda həyata keçirilsə, gələcəkdə sərbəst işləyə bilən mütəxəssislər və laboratoriyalar yaratmaq olar.

 

Oruc MUSTAFAYEV