Ötən günlərdə “Azərbaycan müəllimi” qəzetinə müsahibəmdə “Bilirsiniz ki, artıq Qarabağda yenidənqurma işlərinə start verilib. Bölgələrimizin Azərbaycan iqtisadiyyatına reinteqrasiyasına başlanılıb. Bir doktorant olaraq Qarabağda kənd təsərrüfatının dirçəldilməsi üzrə nə kimi təklifləriniz olardı?” sualına cavab verərkən emosional olmamaq mümkün deyildi, lakin bu mövzuda emosional olduğum qədər rasional olmağın da tərəfdarıyam. Qeyd etdiyim “Qarabağı nəinki Azərbaycanın, Qafqazın kənd təsərrüfatı istiqaməti üzrə elmi tədqiqat mərkəzinə çevirmək olar” fikrini səsləndirərkən cənab Prezidentin Qarabağda, Xankəndində Qarabağ Universitetinin yaradılmasına dair sərəncam imzalayacağından xəbərsiz idim. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı məqsədilə genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində imzalanan bu sərəncam olduqca ümidvericidir. Bu, eyni zamanda keçmiş tarixin bərpa edilməsidir.

 

Bildiyimiz kimi, Xankəndidə bundan öncə də elm təhsil ocağı olan Xankəndi Pedaqoji İnstitutu fəaliyyət göstərib. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması, orada dünya standartlarına cavab verən təhsil mühitinin formalaşdırılması istiqamətində böyük işlər görülməlidir. Bu mənada düşünürəm ki, elm-təhsil ictimaiyyətinin üzərinə böyük məsuliyyət düşür. Bu hər bir xaricdə təhsil almış gəncin, bu gün dünya elminə inteqrasiya edə bilmə fürsəti olan hər bir azərbaycanlının ümdə amalına çevrilməlidir. Heç şübhə etmirəm ki, gələcəkdə Qarabağ Universiteti bir çox beynəlxalq konfrans və simpoziumlara ev sahibliyi edəcək.

 

Aytən Pirverdiyeva,

ABŞ-ın Corciya Universitetinin doktorantı