Noyabrın 29-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda birgə ictimai dinləmə keçirilib.

 

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müzakirəyə çıxarılan mövzunun vacibliyindən danışaraq, ailənin həm şəxsiyyət, həm də cəmiyyət üçün böyük əhəmiyyətə malik ümumbəşəri dəyər olduğunu qeyd edib. Komitə sədri Ailə Məcəlləsinin qəbul edilməsini bu sahədə önəmli addım adlandırıb, ailələrin sağlam mühitinin təşkili, ailə üzvlərinin hüquqlarının qorunması istiqamətində qanunvericilik bazasının davamlı olaraq təkmilləşdirildiyini deyib.

 

Ölkəmizdə ailə institutunun qorunub saxlanılması üçün davamlı işlər görüldüyünü deyən komitə sədri, bununla yanaşı, bu sahədə bəzi problemlərin də olduğunu diqqətə çatdırıb, bununla əlaqədar təbliğat və maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb.

 

Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən danışıb. Əhliman Əmiraslanov çıxışında ölkədə ana və uşaq ölümü ilə bağlı vəziyyətdən, bu problemin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. Komitə sədri səhiyyə qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının yaxşılaşdırılması, mütəxəssislərin hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.

 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov uşaq və gənclərimizin ailə dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasının əhəmiyyətini vurğulayıb. Nazir müavini Elm və Təhsil Nazirliyinin  milli, mənəvi və ailə dəyərlərinin təbliği istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.

 

İctimai dinləmədə səhiyyə nazirinin müavini İlqar Qasımov Səhiyyə Nazirliyinin ana ölümü ilə və ölümlə nəticələnməyən ağırlaşmalarla bağlı fəaliyyəti barədə danışıb. İlqar Qasımov bildirib ki, regionlarda selektiv abortlarla bağlı maarifləndirmə işləri aparılır və görülən işlərin müsbət dinamikası müşahidə olunmaqdadır.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli bildirib ki, təmsil etdiyi nazirlik ailə institutunun möhkəmləndirilməsi, uşaqların hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlər görür.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dini icmalar tərəfindən ailə adət və ənənələrinin qorunub saxlanılması, təbliği istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə maarifləndirmə işinin əhəmiyyətini qeyd edib.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova da öz növbəsində icbari tibbi sığorta çərçivəsində ana və uşaqlara göstərilən tibbi xidmətlər barədə fikirlərini bölüşüb.

 

İctimai dinləmə müzakirələrlə davam etdirilib. Müzakirələrdə ailə institutunun möhkəmləndirilməsi, erkən nikahların qarşısının alınması, qadın və uşaqların sağlamlığının qorunması, ailələrin sosial rifahının yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.