Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Lənkəran Dövlət Universitetinin (LDU) şəhid məzunu, baş leytenant Vüsal Kazımovun xatirəsinə həsr edilmiş “Vüsal hicrandan acıymış” filminin təqdimatı keçirilib.

 

Təqdimat mərasimində LDU-nun rektoru professor Natiq İbrahimov başda olmaqla, universitetin professor-müəllim-tələbə heyəti, rayon rəsmiləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri iştirak ediblər.

 

Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində şəhid baş leytenantın döyüş yolunu əks etdirən rəsm əsərlərinə, kitab və jurnallara baxış keçirib, onun ömür yolu ilə tanış olublar.

 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycan xaqlqını Zəfərə aparan yolun Vüsal Kazımov kimi igidlərin şəhadətindən keçdiyini, illər, qərinələr ötsə də, onların müqəddəs xatirələrinin Azərbaycan xalqı tərəfindən heç zaman unudulmayacağını, hər zaman ehtiramla anılacağını deyib. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın tam Zəfərə nail olduğunu, 30 ilə qədər düşmən tapdağında qalan torpaqlarımızın işğaldan azad edildiyini, Xankəndində 3 rəngli Azərbaycan bayrağının dalğalandığını şəhidlərin intiqamı kimi dəyərləndirib. Bildirib ki, şəhid ailələri  daim dövlətin diqqətində olacaq, onlara ehtiram və məhəbbət heç vaxt əskilməyəcək.

 

Tədbirdə LDU rektorunun müşaviri, professor Mikayıl Məhərrəmov, şəhid Vüsal Kazımovun həyat yoldaşı Aysel Kazımova, filmin yaradıcısı Çinarə Ömray çıxış edərək şəhidlə bağlı xatirələrini danışıblar.

 

Çıxışlardan sonra “Vüsal hicrandan acıymış” filminin təqdimatı  olub. Filmdə şəhid baş leytenant Vüsal Kazımovla bağlı doğmalarının, dostlarının, tələbə yoldaşlarının, cəhbədəki silahdaşlarının xatirələri yer alıb.

 

Sonda şəhidin atası, LDU-nun sosial məsələlər üzrə prorektoru professor Kamran Kazımov çıxış edərək filmi ərsəyə gətirən yaradıcı qrupa ailəsi adından təşəkkürünü  bildirib.