Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının leytenantı, pilot, Vətən müharibəsinin iştirakçısı Abdulla Süleymanovun şəhadətə ucalmasından 2 il ötür.

 

Məlumdur ki, 2021-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğradı. O zaman şəhid olan pilotlardan biri də Abdulla Süleymanov idi.  

 

Abdulla Süleymanov 1999-cu ildə Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Çərəkən kəndindən olan Abdulla orta təhsilini tamamladıqdan sonra Dövlət Sərhəd Xidmətinin Akademiyasına daxil olub, 2020-ci ildə həmin akademiyada “Aviasiya” ixtisası üzrə təhsilini başa vurub. Sonra Səngəçalda xidməti fəaliyyətə başlayıb...

 

...Nəhayət ki, anası Samirə xanımın ona danışdığı Vətən, doğma yurd yerləri  haqqında arzular gerçəkləşdi.  Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu.  Düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edildi. Öz canlarından keçən şəhidlərimiz, qazilərimiz tarix yazdılar. Onlardan biri də A.Süleymanovdur.  

 

Anası Samirə xanım oğlu ilə qürur duyur:“ 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində pilot olaraq iştirak etdi.  Qubadlı və Zəngilan rayonlarının azad olunması uğrunda döyüşlərdə fəallıq göstərdi.  Xidmətlərinə görə diplom və təşəkkürnamələr aldı.  Abdullanın vətənpərvərlik hissi, hərbiyə olan sevgisi kiçik yaşlarından başlamışdı. Çox ağıllı, tərbiyəli, müəllimlərinə qulaq asan uşaq idi. Hərbiçi olub torpaqlarımızı azad  etmək, bizi doğma Cəbrayılın Çərəkən kəndinə aparmaq arzusi ilə yaşayırdı. Elə ali məktəbə də öz biliyi ilə daxil oldu. Pilot olmaq, göylərdə uçmaq istəyirdi, balam.  İkinci Vətən müharibəsi başlayanda  komandir müharibədə kimin döyüşmək istədiyini soruşanda, Abdulla qabağa ilk çıxanlardan  olub. Cəbrayıl işğaldan azad edilən günü  onun sevincinin həddi-hüdudu yox idi...

 

...Noyabrın 30-da hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak oldu. Oğlum Abdullanın pilot-sərhədçi forması əynində yanıb, bədəninə yapışmışdı. Bircə ayağının altı yanmamışdı. Nəşini elə ayaq barmaqlarından tanıdım”.

 

Qeyd edək ki, Samirə xanım  Qaradağ rayonunun Qobu 3 yaşayış kompleksində Prezident tərəfindən məcburi köçkünlərə verilən mənzildə yaşayır. Evin önünə şəhid oğlunun şəklini vurub. Abdullanın otağını isə muzeyə çevirib:  ondan xatirə qalan əşyaları – döyüş vaxtı çəkdirdiyi şəkilləri, namaz qıldığı möhür və təsbehi, geyindiyi zabit mundirini divardan asıb. Hər il doğmaları, dostları, yaşadığı evə baş çəkir, II Şəhidlər xiyabanında onun məzarını ziyarət edirlər.

 

Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamına əsasən  "Vətən uğrunda" medalı ilə təltif edilən şəhid pilot  öz fədakarlığı ilə adını tariximizin şanlı səhifəsinə yazıb və  bu ad heç zaman unudulmayacaq.

 

Zöhrə  Məmmədova