Teodor Drayzerin “Dahi” romanı müzakirə olunub
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Mərkəzi Elmi Kitabxana ilə birgə Teodor Drayzerin “Dahi” romanının müzakirəsini keçirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli sərəncamına əsasən keçirilən tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək sözügedən sərəncamın əhəmiyyətindən danışıb. O, tövsiyə olunan nəşrlər sırasında Teodor Drayzerin “Dahi” romanının da yer aldığını bildirib. Romanın məziyyətlərindən danışan alim deyib ki, Amerika ədəbiyyatında realizmin ən görkəmli nümayəndələrindən olan Teodor Drayzer bu əsəri yazmaqla insan həyatının mənasını təhlil edib, yaşam uğrunda mübarizəsini göstərib. Müxtəlif təbiətli, fərqli dünyagörüşlü çoxsaylı obrazlar yaradan yazıçı əsərini sadə bir rəssamın həyat tərzi, yaradıcılığı, uğuru, mənəvi faciəsi üzərində qurub.
Tədbirdə institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Dahi haqqında dahiyanə əsər” mövzusunda məruzəsi dinlənilib.
Sonra mövzu ətrafında Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova və Mərkəzi Elmi Kitabxananın direktoru Sahab Əliyeva çıxış ediblər.