“Parlaq gələcəyim” layihəsi çərçivəsində növbəti görüş Şirvan şəhəri 21 nömrəli tam orta məktəbdə keçirilib.

 

Görüş Elm və Təhsil Nazirliyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP), Azərbaycan – Çin Məzunlar Assosiasiyasının (ACCA) nümayəndələri və “2007–2015 Dövlət Proqramı” məzununun iştirakı ilə keçirilib.

 

Tədbirdə iştirak edən Şirvan – Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Allahverdiyev açılış nitqində qonaqları salamlayıb, xaricdə təhsil istiqamətində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

 

“2007–2015 Dövlət Proqramı” çərçivəsində Macarıstanın “International Business School Budapest” Universitetindən məzun olmuş Günel Əliyeva insan resurslarının idarə edilməsi ixtisası barədə uşaqları məlumatlandırıb.

 

ASAP-ın beynəlxalq əlaqələr üzrə meneceri Ramiyyə Şahgəldiyeva və ACCA-nın sədri Ruhəngiz Həmidli isə şagirdlərə tələbə-məzun birlikləri, ölkə daxilində və xaricində keçirilən tədbirlər, təhsil aldıqları ixtisaslar, eləcə də xaricdə təhsil təcrübələrindən bəhs ediblər. 

 

Daha sonra Elm və Təhsil Nazirliyinin nümayəndəsi Niftalı Qasımlı Hökumətlərarası Təqaüd Proqramları (HTP) və Dövlət Proqramları barədə danışıb, HTP çərçivəsində Macarıstana sənəd qəbulunun hazırda açıq olduğunu bildirib. Niftalı Qasımlı şagirdlərin suallarını da cavablandırıb.

 

Sonda tədbir iştirakçıları olan 200-ə yaxın şagirdlə interaktiv oyunlar keçirilib və qaliblər mükafatlandırılıb.