Şəmkir Rayon Təhsil Şöbəsinin təşkilatçılığı, “Böyük Yol” gənclər ictimai birliyinin dəstəyi ilə Şəmkir Gənclər Mərkəzində orta məktəb şagirdləri üçün ilkin tibbi yardım üzrə “açıq dərs” keçirilib.

 

Məktəblilər arasında tibbi maarifləndirmə işini gücləndirmək məqsədi daşıyan bu layihənin silsilə şəklində davam etdirilməsi və dərslərə Şəmkirin bütün məktəblilərinin cəlb olunması nəzərdə tutulub.

 

Otuza yaxın məktəblinin iştirak etdiyi və bir saatdan artıq davam edən ilk məşğələ zamanı şagirdlərə sağlamlığın qorunması üçün görülməli olan mühüm profilaktik tədbirlər, mümkün təbii fəlakətlər, fövqəladə hadisələr zamanı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, məişətdə ilkin ixtisaslı tibbi yardımın göstərilməsi, tibbi preparatlar və onlardan istifadə qaydaları və s. haqqında geniş məlumat verilib.

 

Bundan əlavə, ilkin tibbi yardımın göstərilməsi, qan təzyiqinin ölçülməsi, nəfəs tutulmalarının qarşısının alınması kimi hallarla bağlı əyani məşqlər aparılaraq, tibbi yardım üsullarının daha yaxşı yadda qalması üçün müxtəlif kiçik səhnəciklər nümayiş etdirilib.

 

“Açıq dərs”in ardından məktəblilər mərkəzdə fəaliyyət göstərən rəsm qalereyası ilə tanış olublar.

 

Kənan İBRAHİMOV,

Şəmkir Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi