Festival-konqres Naxçıvanın ölkəmizin tarixi-ictimai həyatında mühüm rola malik olduğunu bir daha ortaya qoymuş oldu
Naxçıvan Muxtar Respublikasında “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresi keçirilib.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsi Fuad Nəcəfli çıxış edərək bildirib ki, tarixin ən güclü dövrünü yaşayan Azərbaycanın mühüm uğuru, Qarabağ və Şərqi Zəngəzurda abadlaşdırma işləri ilə yanaşı, eyni zamanda, Qərbi Azərbaycana Qayıdışdan ibarətdir. Festival və konqresin tarixi mahiyyətini yüksək qiymətləndirən səlahiyyətli nümayəndə qeyd edib ki, bu gün hər bir Azərbaycan vətəndaşı ölkəmizin uğurlarına şahidlik edir. Bunlardan biri də ölkə başçıısı İlham Əliyevin uğurla reallaşdırdığı Qərbi Azərbaycana Qayıdış konsepsiyasıdır.
Sonra elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri millət vəkili Əziz Ələkbərli, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun prorektoru Mahirə Hüseynova festival-konqresin ictimai, siyasi, elmi, tarixi, mədəni, iqtisadi və sosial mahiyyəti barəsində söz açıblar. Xüsusilə də, bu sahədə, elmi araşdırmaların, konfransların və tədqiqat nəticələrinin də önəmini vurğulayıblar.
Günün ikinci yarısında isə Naxçıvan şəhərində, Heydər Əliyev Sarayında “Qərbi Azərbaycana qayıdış” festivalı keçirilib. Festivalda ilk öncə, Qərbi Azərbaycana həsr olunan sərginin nümayişi olub, sonra festival öz işinə başlayıb.
İlk olaraq, AMEA-nın müxbir üzvü, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü Misir Mərdanov, Türkiyənin Hacettepe Universitetinin rektoru professor Mehmet Cahit Güran, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının Sədri, Milli Məclisin üzvü, akademik Əhliman Əmiraslanov, Gazi Universitetinin rektoru professor Musa Yıldız, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova, Atatürk Universitetinin rektoru professor Ömer Çomaklı, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri professor Vahid Novruzov, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü akademik Abel Məhərrəmov, ADPU-nun rektoru, professor Cəfər Cəfərov və Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attar çıxış ediblər.
Bildiriblər ki, Qərbi Azərbaycan mövzusu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması ilə daha da aktuallaşıb. Festival- konqres ən uğurlu layihələrdən biri olmaqdadır. Qeyd olunub ki, biz Qərbi Azərbaycana qayıdacaq, tariximizə, mədəniyyətimizə, mədəni irsimizə sahib çıxacağıq.
Sonra Qərbi Azərbaycan folklor nümunələrindən ibarət olan konsert proqramı başlayıb.
Festival-konqres Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində, həmçinin, Magistratura və Doktorantura Mərkəzində bölmə iclasları ilə davam edib.
Bölmələr üzrə:
- Tarixi Azərbaycan: Qərbi Azərbaycana qayıdış missiyası;
- erməni yalanlarını ifşa edən mənbələr;
- Qədim Oğuz -Türk yurdu olan İrəvan abidələri;
- Vedibasar 1918-1020-ci illərdə;
- Qərbi Azərbaycandan deportasiya;
- Tarixi torpağımız: Qərbi Azərbaycan;
- Qərbi Azərbaycan: folklor da bir tarixdir;
- Qərbi Azərbaycanda xalçaçılığın inkişafı;
- Göyçəsiz illərim;
- Göyçə aşıq məktəbinin yetirmələri;
- Zəngəzur sözünün etimologiyası;
- saxtalaşdırılmış türk mənşəli toponimlər;
- Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları;
- İrəvan Gimnaziyası və tanınmış məzunları və s. kimi mövzular slaydlar vasitəsilə təqdim olunub.
Bununla yanaşı, festival-konqres çərçivəsində Naxçıvan Dövlət Universitetində müvafiq ixtisaslar üzrə ustad dərsləri də keçirilib. Belə ki, Bakı Dövlət Universitetinin professoru, Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri doktoru Sübhan Əliyev “Hüquqşünaslıq” ixtisasının tələbələri üçün “İnzibati məhkəmə icraatında iddialar və onların növləri” mövzusunda mühazirə deyib.
Festival-konqres çərçivəsində milli mədəniyyətimizin, tarixi keçmişimizin və müasirliyimizin vəhdətindən ibarət olan sənədli filmlər də nümayiş olunub. Belə ki, Naxçıvan şəhər Gənclər Mərkəzində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Yada daşı” sənədli filminə baxış keçirilib.
Qeyd etmək istərdim ki, Naxçıvan Dövlət Universiteti artıq Qərbi Azərbaycanla bağlı elmi-pedaqoji kadrların hazırlanmasına dair hədəflərini müəyyən edib. Belə ki, qarşıdakı tədris illəri üzrə:
- “Tarix”
- “Tarix müəllimliyi”
- “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”
- “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisaslarında “Qərbi Azərbaycanın siyasi və etno-mədəni tarixi”, “Qərbi Azərbaycanın toponimikası”, “Qərbi Azərbaycanın maddi-mədəniyyət abidələri” xüsusi fənləri tədris olunacaq.
Beləliklə, Naxçıvanda baş tutan “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycan: böyük qayıdışa gedən yol” adlı beynəlxalq konqres Naxçıvanın ölkəmizin tarixi-ictimai həyatında mühüm rola malik olduğunu bir daha ortaya qoymuş oldu və bu tədbirlər çox mühüm tarixi hadisə kimi yaddaşlarda qalacaq.
Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru