Veteranlar keçdikləri döyüş yolundan danışıblar


“Azərbaycan xalqı Dağlıq Qarabağın işğalı ilə heç vaxt barışmayacaq. Xalqımızın birliyi və mübarizliyi tarixi torpaqlarımızın tezliklə düşməndən azad olunacağına zəmin yaradır. Azərbaycanın şanlı bayrağı yenidən Şuşada, Xankəndində dalğalanacaq”.

  

Bu fikirlər oktybarın 18-də Gəncə Dövlət Universitetində Qarabağ müharibəsi əlilləri və veteranlarla keçirilən görüşdə səsləndirilib. Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Görüşün tarixi bir günə təsadüf etdiyini deyən Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva  Dövlət Müstəqilliyi Günü münasibətilə iştirakçıları təbrik edib. Bildirilib ki, 27 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.  Müstəqilliyinin ilk illərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacarıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz edib.

 

Vurğulanıb ki, ulu öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

 

“Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin  nümayəndəsi Əşrəf Fazili son illərdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söhbət açıb. Bildirilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnikaya, güclü maddi-texniki bazaya və mükəmməl döyüş hazırlığına malik bir ordudur. Bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

 

Ölkəmizdə Qarabağ döyüşçülərinə, müharibə veteranları və əlillərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan Əşrəf Fazili dövlətin bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri qeyd edib.

 

Tədbirdə çıxış edən universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə Azərbaycan Ordusunun dünəni ilə bu gününü və keçdiyi şərəfli inkişaf yolunu müqayisə edib. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda öz canından keçərək şəhid olan, yaxud sağlamlığını itirmiş hər bir oğlu ilə xalqımızın fəxr etdiyini deyib.

 

Sonra Qarabağ Müharibəsi veteranları özlərinin keçdiyi ağır, lakin çox şərəfli döyüş yolundan danışıb, xatirələrini bölüşüblər.

 

Sonda Gəncə Dövlət Universiteti tələbələrinin hərbi vətənpərvərlik ruhunda hazırladığı musiqili kompozisiya tədbir iştirakçılarına təqdim olunub.