Dünyanın ixtisas hazırlığı üzrə ən yaxşı universitetlərinin reytinqi
Qloballaşan dünyanın tələb və çağırışları həyatın astanasında olan gənclər qarşısında akademik təhsil həyatlarında düzgün seçim etmək kimi aktual vəzifə qoyur. Hansı universitet daha keyfiyyətli təhsil verir? Hansı universitetdə yüksəkixtisaslı, peşəkar mütəxəssis kimi yetişmək olar?
Böyük Britaniyanın nüfuzlu Quacquarelli Symonds (QS) şirkətinin ixtisas hazırlığı üzrə dünyanın ən yaxşı universitetlərinin sayca 8-ci reytinqi (QS World University Rankings by Subject 2018) bu suallara cavab tapmağa imkan verir. Tədqiqat ali məktəb seçimində abituriyentlər üçün çox qiymətli resurs rolunu oynayır. Reytinqin nəticələrindən istifadə etməklə gənclər onları maraqlandıran universitetləri seçə və müqayisə apara bilərlər.
QS-in 2018-ci illik reytinqinə dünyanın 151 ölkəsindən 4500 ali məktəb cəlb olunub. Reytinqdə isə onlardan 950-nin 48 fənn üzrə mövqeyi əks olunub. Ötən ildən fərqli olaraq bu il tədqiqata cəlb olunan fənlərin sayı kitabxana və informasiyanın idarəolunması, klassik və qədim tarix ixtisasları hesabına 48-ə çatdırılıb. Tədris olunan hər bir fənn üçün qiymətləndirmə meyarları kimi - akademik cəmiyyətin, işəgötürənlərin rəyləri, elmi məqalələrdən sitatgətirilmə indeksi, Xirş əmsalı əsas götürülüb.
Builki tədqiqat gedişində 75000 alim və 40000 işəgötürən arasında sorğu aparılıb, 12,3 milyon məqalə və onlardan 71,5 milyon sitatgətirilmə gözdən keçirilib. Tərtibçilər ali məktəbləri qiymətləndirərkən müəllim və tələbələrin Scopus/Elsevier bibloqrafiya verilənlər bazasından əldə olunmuş məlumatlar əsasında elmi məqalələrindən sitatgətirilmə indeksini əsas götürüblər.
Dünyanın ixtisas hazırlığı üzrə ən yaxşı ali məktəblərinin reytinqinə ABŞ-ın Harvard Universiteti başçılıq edir. İkinci yerdə Massaçusets Texnologiya İnstitutu qərarlaşıb. Tədqiqata əsasən Harvard Universitetini seçən tələbələr öz qərarlarından razı qala bilərlər. Harvard tədqiqata cəlb olunmuş ali məktəblər arasında 14 fənn hazırlığı üzrə ən çox birincilik qazanmış universitetdir. Massaçusets Texnologiya İnstitutu 12 fənn üzrə ikincidir. Böyük Britaniyanın Oksford Universiteti sıralamanın 3-cü pilləsində qərarlaşaraq Avropanın ən yaxşı ixtisas hazırlığını həyata keçirən ali məktəb statusunu möhkəmləndirib. İlk onluqda həmçinin Kaliforniya Texnologiya İnstitutu, Böyük Britaniyanın Kembric, London Universitet Kolleci, Çikaqo Universiteti, İsveçrə Federal Texnologiyalar İnstitutu yer alıb. Bir sıra ixtisaslar üzrə sıralamanın geniş təhlili aparılıb və məlum olub ki, ABŞ-ın bir çox ali məktəbləri reytinqlərdə arxa pillələrdə yer alıblar. Böyük Britaniya universitetlərinin sıralamanın ön pillələrində yer alması da nəzərəçarpacaq səviyyədə deyil, buna baxmayaraq Birləşmiş Krallığın ali məktəbləri bu il 10 fənn üzrə fərqlənə biliblər ki, bu da ötən ildəkindən 2 fənn artıqdır. Böyük Britaniyanın ali təhsil sistemi universitetlərə ayrılan maliyyə vəsaitlərinin həcminin azalması və ölkənin gələcəkdə Avrozonanı tərk etməsinə baxmayaraq stabil olaraq qalır. Böyük Britaniya ali məktəbləri 10 ixtisas hazırlığı üzrə birinci yeri tutub, bu isə top-3-lükdə olan yerlərin üçdəbiri deməkdir. Birləşmiş Krallığın universitetləri ümumilikdə reytinqdə mövqelərinin sayını artırıblar. Böyük Britaniyanın Kembric Universiteti müxtəlif ixtisaslar üzrə top-10-luqlarda 37, Oksford Universiteti 35, ABŞ-ın Kaliforniya Berkli Universiteti 34, Harvard Universiteti 34, Stenford Universiteti 32, Massaçusets Texnologiya İnstitutu 24, Kaliforniya Los-Anceles Universiteti (UCLA)14, Böyük Britaniyanın London İqtisadiyyat Məktəbi (LSE) 13, Sinqapur Milli Universiteti 11, ABŞ-ın Yel Universiteti 11 mövqe əldə ediblər.
Bu il QS reytinqinə Rusiyanın 24 ali məktəbi daxil olub. Onların arasında ən yaxşı mövqeni M.V.Lomonosov adına Moskva Dövlət Universiteti nümayiş etdirib. MDU bir sıra fənlər üzrə top-100-lükdə qərarlaşa bilib. Universitet ötən illə müqayisədə 13 mövqe yüksəlib. “Moskva Dövlət Universiteti QS-in predmet reytinqində rekord uğur nümayiş etdirib. Biz genişləndirilmiş predmet sahələrində unikal dinamikanı göstərdik. İlk dəfə Rusiya universiteti təbiət elmləri sferasında dünyanın ən yaxşı ali məktəblərinin top-20-liyində təmsil olunub”,-deyə universitetin rektoru, akademik V.Sadovniçi bildirib. Onun sözlərinə görə, həmçinin ali məktəb humanitar elmlər üzrə dünyada 51-ci, “Sosial elmlər və idarəetmə” sahəsində 60-cı, genişləndirilmiş “Lahiyələşdirmə və texnologiyalar” sahəsində 76-cı yeri tutmaqla “Mühəndislik və kosmik texnologiyalar” predmeti üzrə 51-100-cü sırada yer ala bilib. Builki reytinqdə Moskva Dövlət Universiteti 48 fəndən 6-sı üzrə top-50-liyə daxil olub. MDU əvvəlki kimi dünyada linqvistika üzrə top-20-likdə 18-ci yerdədir. MDU müasir dillər, fizika və astronomiya, riyaziyyat, mehmanxana işi, informatika və informasiya texnologiyaları kimi ayrı-ayrı fənlər üzrə də ən yüksək göstəricilər əldə edib. Rusiyanın digər ali məktəblərindən Sankt -Peterburq Dağ-Mədən İnstitutu “Mühəndislik işi” ixtisası üzrə 15-ci, “Fizika və astronomiya” fənni üzrə Moskva Fizika Texnika İnstitutu 42-ci, Novosibirsk Dövlət Universiteti 50-ci yerləri tutublar.
Bu ilin reytinqi təsdiq edir ki, Rusiya universitetləri aşağıdakı fənlərdə - “Fizika və astronomiya”, “İnformatika”, “Riyaziyyat” və “Müasir dillər”, “Maşınqayırma” və “Kimya” üzrə xüsusilə güclüdür. Bundan əlavə, Rusiya universitetlərinin məzunlarının işə düzəlməsi üzrə göstəricilərinin də yüksəlməsi müşahidə olunur. Bütün bunlara baxmayaraq Rusiyanın bir sıra universitetlərinin ayrı-ayrı ixtisas hazırlığı üzrə mövqeyi ötən ildəkinə nisbətən zəifləyib. Reytinqin tərtibçiləri bunun səbəbini hər hansı ali məktəbdə təhsilin keyfiyyətinin əsas göstəricisi hesab olunan akademik nüfuz indikatoru üzrə balların sayının azalması ilə izah edirlər. QS-in tədqiqatlar bölməsinin rəhbəri Ben Sauter tədqiqatın nəticələrini belə şərh edib: “QS World University Rankings-in nəticələri son bir neçə il ərzində Rusiya ali məktəbləri tərəfindən nail olunmuş tərəqqini göstərir. Biz universitetlərin davamlı məqsədli maliyyələşdirməsinin əhəmiyyətini və onların beynəlmiləlləşmə cəhdlərini müşahidə edirik. Bu ildə biz həmçinin Rusiya universitetlərində tədqiqatların nəticələrinin yaxşılaşmasını görürük. Rusiya ali məktəbləri son illərdə göstəricilərin yaxşılaşdırılması üzrə düzgün yoldadır”. Dünyanın ixtisas hazırlığı üzrə ən yaxşı universitetlərinin reytinqində Türkiyənin ali məktəbləri də yer alıblar. Türkiyənin Orta Doğu Texnik Universiteti toplam 13 ixtisas hazırlığı üzrə dünyanın seçilmiş ali məktəbləri arasında yer ala bilib. Qardaş ölkədən Bilkənt, Koç, İstanbul Texnik universitetləri də ayrı-ayrı sahələrdə reytinqin orta pillələrində təmsil olunublar.
Tədqiqatdan məlum olur ki, 2017-ci illə müqayisədə 48 istiqamət üzrə reytinqlərin ilk 3 pillələrində ABŞ-ın təmsilçilik payı 55,7 faizdən 54,8 faizə düşüb. QS-in tədqiqatlar bölməsinin rəhbəri Ben Sauterin sözlərinə görə, ABŞ-ın elm ölkəsi kimi müəyyən vaxta qədər ali təhsildə dominantlıq təşkil etməsi mübahisə mövzusudur. 2018-ci ilin nəticələri göstərir ki, bütün dünyada rəqabətin güclənməsi hesabına ABŞ-ın rolu zəifləyir.
Çin də daxil olmaqla bir sıra Asiya universitetlərinin göstəricilərinin də artım tempi, Fransa və Braziliya ali məktəblərində isə tədrisin səviyyəsi aşağı düşüb.
Qeyd edək ki, dünya universitetlərinin bilik sahələri üzrə QS World University Rankings by Subject reytinqi 2011-ci ildən dərc edilir. Bu reytinq işəgötürənlərə, tələbələrə, valideynlərə və müəllimlərə dünya üzrə hansı universitetin keçilən hər bir fənn üzrə ən yaxşı olmasına dair tam və ən dolğun aktual məlumatlar əldə etmək imkanı verir.
Dünyanın ixtisas hazırlığı sahəsində ən yaxşı universitetlərinin reytinq vəziyyəti ilə www.topuniversities.com/subject-rankings/2018 səhifəsindən daha yaxından tanış olmaq olar.
Tutdu-ğu yer |
İxtisaslar |
Qalib universitetlər |
Ölkələr |
1. |
Maliyyə və mühasibat uçotu |
Harvard Universiteti |
ABŞ |
2. |
Meşə və kənd təsərrüfatı |
Vageningen Universiteti |
ABŞ |
3. |
Anatomiya və fiziologiya |
Oksford Universiteti |
Böyük Britaniya |
4. |
Antropologiya |
Kembric Universiteti |
ABŞ |
5. |
Arxeologiya |
Oksford Universiteti |
Böyük Britaniya |
6. |
Arxitektura |
Massaçusets Texnologiya İnstitutu |
ABŞ |
7. |
İncəsənət və dizayn |
Kral İncəsənət Universiteti |
Böyük Britaniya |
8. |
Biologiya elmləri |
Harvard Universiteti |
ABŞ |
9. |
Biznes və idarəetmə tədqiqatları |
Harvard Universiteti |
ABŞ |
10. |
Kimya |
Massaçusets Texnologiya İnstitutu |
ABŞ |
11. |
Kommunikasiya və media |
Amsterdam Universiteti |
Niderland |
12. |
İnformatika və informasiya sistemləri |
Massaçusets Texnologiya İnstitutu |
ABŞ |
13. |
Stomatologiya |
Honkonq Universiteti |
Honkonq |
14. |
Beynəlxalq inkişaf |
Susseks Universiteti |
Böyük Britaniya |
15. |
Yerin və dünya okeanının tədqiqi |
Sürix Ali Texnik Məktəbi |
İsveçrə |
16. |
İqtisadiyyat və ekonometrika |
Harvard Universiteti |
ABŞ |
17. |
Təhsil |
London Universitet Kollecinin Təhsil İnstitutu |
Böyük Britaniya |
18. |
Kimya mühəndisliyi |
Massaçusets Texnologiya İnstitutu |
ABŞ |
19. |
Mülki və struktur tədqiqatlar mühəndisliyi |
Massaçusets Texnologiya İnstitutu |
ABŞ |
20. |
Elektrik mühəndisliyi |
Massaçusets Texnologiya İnstitutu |
ABŞ |
21. |
Mexanika mühəndisliyi |
Massaçusets Texnologiya İnstitutu |
ABŞ |
22. |
Dağ-mədən sənayesi mühəndisliyi |
Kolorado Dağ -Mədən Məktəbi |
ABŞ |
23. |
İngilis dili və ədəbiyyat |
Oksford Universiteti |
Böyük Britaniya |
24. |
Ətraf mühit haqqında elmlər |
Berkli Kaliforniya Universiteti |
ABŞ |
25. |
Coğrafiya |
Oksford Universiteti |
Böyük Britaniya |
26. |
Tarix |
Harvard Universiteti |
ABŞ |
27. |
Qonaqpərvərlik və asudə vaxtın idarə edilməsi |
Nevada Universiteti |
ABŞ |
28. |
Hüquq |
Harvard Universiteti |
ABŞ |
29. |
Linqvistika |
Massaçusets Texnologiya İnstitutu |
ABŞ |
30. |
Materialşünaslıq |
Massaçusets Texnologiya İnstitutu |
ABŞ |
31. |
Riyaziyyat |
Massaçusets Texnologiya İnstitutu |
ABŞ |
32. |
Tibb |
Harvard Universiteti |
ABŞ |
33. |
Müasir dillər |
Harvard Universiteti |
ABŞ |
34. |
Tibb bacısı işi |
Pensilvaniya Universiteti |
ABŞ |
35. |
İncəsənətin praktik növləri |
Culyard Məktəbi |
ABŞ |
36. |
Aptek işi və farmakologiya |
Harvard Universiteti |
ABŞ |
37. |
Fəlsəfə |
Pittsburq Universiteti |
ABŞ |
38. |
Fizika və astronomiya |
Massaçusets Texnologiya İnstitutu |
ABŞ |
39. |
Siyasət və beynəlxalq tədqiqatlar |
Harvard Universiteti |
ABŞ |
40. |
Psixologiya |
Harvard Universiteti |
ABŞ |
41. |
Sosial siyasət və administrasiya işi |
Harvard Universiteti |
ABŞ |
42. |
Sosiologiya |
Harvard Universiteti |
ABŞ |
43. |
İdman yarışlarıyla bağlı fənlər |
Lafboro Universiteti |
Böyük Britaniya |
44. |
Statistika və əməliyyatların tədqiqi |
Massaçusets Texnologiya İnstitutu |
ABŞ |
45. |
İlahiyyat |
Harvard Universiteti |
ABŞ |
46. |
Baytarlıq elmi |
Kaliforniya Universiteti, Devis |
ABŞ |
47. |
Kitabxana və informasiyanın idarəolunması |
Şeffild Universiteti Çapel-Hill Şimali Karolina Universiteti |
Böyük Britaniya
|
48. |
Klassik və qədim tarix |
Roma La Sapienza Universiteti |
İtaliya |
Oruc MUSTAFAYEV