Daha keyfiyyətli təhsil verən universitetlər | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qloballaşan dünyanın tələb və çağırışları həyatın astanasında olan gənclər qarşısında akademik təhsil həyatlarında düzgün seçim etmək kimi aktual vəzifə qoyur. Hansı universitet daha keyfiyyətli təhsil verir? Hansı universitetdə yüksəkixtisaslı, peşəkar mütəxəssis kimi yetişmək olar?
Böyük Britaniyanın nüfuzlu Quacquarelli Symonds (QS) şirkətinin ixtisas hazırlığı üzrə dünyanın ən yaxşı universitetlərinin sayca 8-ci reytinqi (QS World University Rankings by Subject 2018) bu suallara cavab tapmağa imkan verir. Tədqiqat ali məktəb seçimində abituriyentlər üçün çox qiymətli resurs rolunu oynayır. Reytinqin nəticələrindən istifadə etməklə gənclər onları maraqlandıran universitetləri seçə və müqayisə apara bilərlər.
QS-in 2018-ci illik reytinqinə dünyanın 151 ölkəsindən 4500 ali məktəb cəlb olunub. Reytinqdə isə onlardan 950-nin 48 fənn üzrə mövqeyi əks olunub. Ötən ildən fərqli olaraq bu il tədqiqata cəlb olunan fənlərin sayı kitabxana və informasiyanın idarəolunması, klassik və qədim tarix ixtisasları hesabına 48-ə çatdırılıb. Tədris olunan hər bir fənn üçün qiymətləndirmə meyarları kimi - akademik cəmiyyətin, işəgötürənlərin rəyləri, elmi məqalələrdən sitatgətirilmə indeksi, Xirş əmsalı əsas götürülüb.
Dünyanın ixtisas hazırlığı üzrə ən yaxşı ali məktəblərinin reytinqinə ABŞ-ın Harvard Universiteti başçılıq edir. İkinci yerdə Massaçusets Texnologiya İnstitutu qərarlaşıb. Tədqiqata əsasən Harvard Universitetini seçən tələbələr öz qərarlarından razı qala bilərlər. Harvard tədqiqata cəlb olunmuş ali məktəblər arasında 14 fənn hazırlığı üzrə ən çox birincilik qazanmış universitetdir. Massaçusets Texnologiya İnstitutu 12 fənn üzrə ikincidir. Böyük Britaniyanın Oksford Universiteti sıralamanın 3-cü pilləsində qərarlaşaraq Avropanın ən yaxşı ixtisas hazırlığını həyata keçirən ali məktəb statusunu möhkəmləndirib. İlk onluqda həmçinin Kaliforniya Texnologiya İnstitutu, Böyük Britaniyanın Kembric, London Universitet Kolleci, Çikaqo Universiteti, İsveçrə Federal Texnologiyalar İnstitutu yer alıb. Bir sıra ixtisaslar üzrə sıralamanın geniş təhlili aparılıb və məlum olub ki, ABŞ-ın bir çox ali məktəbləri reytinqlərdə arxa pillələrdə yer alıblar. Böyük Britaniya universitetlərinin sıralamanın ön pillələrində yer alması da nəzərəçarpacaq səviyyədə deyil, buna baxmayaraq Birləşmiş Krallığın ali məktəbləri bu il 10 fənn üzrə fərqlənə biliblər ki, bu da ötən ildəkindən 2 fənn artıqdır. Böyük Britaniyanın ali təhsil sistemi universitetlərə ayrılan maliyyə vəsaitlərinin həcminin azalması və ölkənin gələcəkdə Avrozonanı tərk etməsinə baxmayaraq stabil olaraq qalır. Böyük Britaniya ali məktəbləri 10 ixtisas hazırlığı üzrə birinci yeri tutub, bu isə top-3-lükdə olan yerlərin üçdəbiri deməkdir. Birləşmiş Krallığın universitetləri ümumilikdə reytinqdə mövqelərinin sayını artırıblar. Böyük Britaniyanın Kembric Universiteti müxtəlif ixtisaslar üzrə top-10-luqlarda 37, Oksford Universiteti 35, ABŞ-ın Kaliforniya Berkli Universiteti 34, Harvard Universiteti 34, Stenford Universiteti 32, Massaçusets Texnologiya İnstitutu 24, Kaliforniya Los-Anceles Universiteti (UCLA)14, Böyük Britaniyanın London İqtisadiyyat Məktəbi (LSE) 13, Sinqapur Milli Universiteti 11, ABŞ-ın Yel Universiteti 11 mövqe əldə ediblər.
Bu il QS reytinqinə Rusiyanın 24 ali məktəbi daxil olub. Onların arasında ən yaxşı mövqeni M.V.Lomonosov adına Moskva Dövlət Universiteti nümayiş etdirib. MDU bir sıra fənlər üzrə top-100-lükdə qərarlaşa bilib. Universitet ötən illə müqayisədə 13 mövqe yüksəlib. “Moskva Dövlət Universiteti QS-in predmet reytinqində rekord uğur nümayiş etdirib. Biz genişləndirilmiş predmet sahələrində unikal dinamikanı göstərdik. İlk dəfə Rusiya universiteti təbiət elmləri sferasında dünyanın ən yaxşı ali məktəblərinin top-20-liyində təmsil olunub”,-deyə universitetin rektoru, akademik V.Sadovniçi bildirib. Onun sözlərinə görə, həmçinin ali məktəb humanitar elmlər üzrə dünyada 51-ci, “Sosial elmlər və idarəetmə” sahəsində 60-cı, genişləndirilmiş “Lahiyələşdirmə və texnologiyalar” sahəsində 76-cı yeri tutmaqla “Mühəndislik və kosmik texnologiyalar” predmeti üzrə 51-100-cü sırada yer ala bilib. Builki reytinqdə Moskva Dövlət Universiteti 48 fəndən 6-sı üzrə top-50-liyə daxil olub. MDU əvvəlki kimi dünyada linqvistika üzrə top-20-likdə 18-ci yerdədir. MDU müasir dillər, fizika və astronomiya, riyaziyyat, mehmanxana işi, informatika və informasiya texnologiyaları kimi ayrı-ayrı fənlər üzrə də ən yüksək göstəricilər əldə edib. Rusiyanın digər ali məktəblərindən Sankt -Peterburq Dağ-Mədən İnstitutu “Mühəndislik işi” ixtisası üzrə 15-ci, “Fizika və astronomiya” fənni üzrə Moskva Fizika Texnika İnstitutu 42-ci, Novosibirsk Dövlət Universiteti 50-ci yerləri tutublar.
Tədqiqatdan məlum olur ki, 2017-ci illə müqayisədə 48 istiqamət üzrə reytinqlərin ilk 3 pillələrində ABŞ-ın təmsilçilik payı 55,7 faizdən 54,8 faizə düşüb. QS-in tədqiqatlar bölməsinin rəhbəri Ben Sauterin sözlərinə görə, ABŞ-ın elm ölkəsi kimi müəyyən vaxta qədər ali təhsildə dominantlıq təşkil etməsi mübahisə mövzusudur. 2018-ci ilin nəticələri göstərir ki, bütün dünyada rəqabətin güclənməsi hesabına ABŞ-ın rolu zəifləyir.
Çin də daxil olmaqla bir sıra Asiya universitetlərinin göstəricilərinin də artım tempi, Fransa və Braziliya ali məktəblərində isə tədrisin səviyyəsi aşağı düşüb.
Qeyd edək ki, dünya universitetlərinin bilik sahələri üzrə QS World University Rankings by Subject reytinqi 2011-ci ildən dərc edilir. Bu reytinq işəgötürənlərə, tələbələrə, valideynlərə və müəllimlərə dünya üzrə hansı universitetin keçilən hər bir fənn üzrə ən yaxşı olmasına dair tam və ən dolğun aktual məlumatlar əldə etmək imkanı verir.
Dünyanın ixtisas hazırlığı sahəsində ən yaxşı universitetlərinin reytinq vəziyyəti ilə www.topuniversities.com/subject-rankings/2018 səhifəsindən daha yaxından tanış olmaq olar.
Oruc MUSTAFAYEV
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
09.03.2018 | 12:47 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|