Kəlbəcərli “Əməkdar müəllim” Sakibə Ələsgərovanın uğur hekayəsi
Noyabrın 25-i “Kəlbəcər şəhəri günü”dür. “Azərbaycan müəllimi”ndə Kəlbəcərin adlı-sanlı müəllimlərindən biri, Əməkdar müəllim Sakibə İsmayıl qızı Ələsgərova ilə Kəlbəcərdən çıxana qədərki illərdən, Kəlbəcərsiz günlərdən danışdıq, doğulduğu torpaqlara, oxuduğu, ilk dəfə müəllim kimi sinfə girdiyi məktəblərə yenidən qayıdacaqları günlərin xəyalını qurduq, planını cızdıq...
Sakibə Ələsgərova 30 ilə yaxındır ki, müəllimdir. 2017-ci ildən Əməkdar müəllimdir. 200-ə qədər irili-xırdalı təltiflərin - “Fəxri Fərman”lar, medalların mükafatçısıdır.
Onun müəllim ömrünün çoxu yurd-yuvasından uzaqda keçib. Əvvəlcə şagird olduğu sonra müəllimlik etdiyi torpaqların həsrətini çox çəkib. Səhhəti ilə əlaqədar hələ Kəlbəcərə gedib çıxa bilməyib. Necə deyərlər, o günün uzaqda olmaması ilə ovunur.
Uşaqlıq xəyalı başqa idi...
Yurd-yuvasından ayrı keçən bir müəllim ömrünə bir yerdə nəzər salaq. Sakibə müəllim 1962-ci ilin dekabr ayında Kəlbəcər rayonunun Kəlbəcər qəsəbəsində anadan olub. Tibb işçisi olan ata-anası 3 qardaşı, iki bacısı ilə onun layiqincə yetişməsi üçün əllərindən gələni ediblər. 1980-ci ildə Kəlbəcər şəhər 1 nömrəli orta məktəbini fərqlənmə diplomu ilə bitirən S.Ələsgərovanın fikri başqa idi, hüquqşünas olacaqdı: “Uşaqlıq xəyalım idi. Məndən böyük bacım filologiya fakültəsində oxuyurdu. O, məni öz fakültəsinə apardı”.
O, fəal tələbə oldu
Sakibə müəllim deyir belə daha yaxşı olub: “Xasiyyətim tünddür. Amma müəllimlik xasiyyətimi yumşaltdı. Qısa müddətdə müəllimliyi sevdim”.
Tələb olunan imtahanları uğurla verib Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olan kimi, fəal tələbə həyatı da başlayıb: “İnstitutda oxuduğum illərdə Tələbə Elmi Cəmiyyətinin üzvü oldum, bütün ictimai işlərdə fəal iştirak etdim. 1984-cü ilin fevral ayında məni Moskvaya göndərdilər, Ədəbiyyat İnstitutunda keçirilən elmi simpoziumda “Rus şairləri və Azərbaycan” mövzusunda elmi məruzə ilə çıxış etdim və oradan da Fəxri Fərmanla qayıtdım”.
Kənd məktəbinin müəllimi...
Bir sözlə, çoxlu təltiflər, təriflər aldığı tələbəlik illəri göz açıb-yumunca keçib.1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Kəlbəcər rayonunun Quzeyçirkin kəndinə göndərilib: “İki il orada müəllim işlədim. 1986/1987-ci tədris ilində Kəlbəcər şəhər 1 nömrəli orta məktəbində komsomol katibi kimi, 1987-1992-ci illərdə Kəlbəcər Şəhər Komsomol Komitəsində çalışdım”.
O, heç məktəb direktoru da olmaq istəməyib: “Bir il hazırda çalışdığım Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin direktoru oldum. Amma sonra gördüm ki, qələmim dayanıb. Heç nə yaza bilmirdim. Ona görə ərizə verib müəllimlik fəaliyyətimə davam etdim”.
Elm adamı da oldu Sakibə müəllim
“Qələm” demişkən, Sakibə müəllim çoxlu elmi məqalələrin, kitabların müəllifi, Cənubi Azərbaycan ədəbiyyatının araşdırmaçısıdır. Cənubi Azərbaycan ədəbiyyatının inkişafındakı roluna görə aldığı qızıl medalı, “Qızıl qələm”i var.
Elmin yolu 1988-ci ildə ADPU-nun aspiranturasına daxil olması ilə açılıb: “30 nəfər iş vermişdi, amma cəmi 1 yer vardı. O yerə mən qəbul olundum”.
“Azərbaycan və dünya xalqları ədəbiyyatı tarixi” kafedrasının professoru Xeyrulla Məmmədovun rəhbərliyi ilə “XX əsr Cənubi Azərbaycan satirasının inkişafında M.Ə.Möcüzün rolu” mövzusunda dissertasiya işindən sonra Cənubi Azərbaycan ədəbiyyatının araşdırmaçısına çevrilib. Dissertant kimi müxtəlif elmi konfranslarda məruzələr edib. Möcüz və Cənubi Azərbaycanın digər satirikləri haqqında Cənubi Azərbaycan radiosu üçün verilişlər hazırlanmasına nail olub.
Fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji Universitetində də müəllim olaraq davam edib.
İndi həm universitetdə, həm də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər rayonunun 23 nömrəli tam orta məktəbində işləyir. Şəhərdə yerləşsə də, Kəlbəcər məktəbinin müəllimidir: “Burada kəlbəcərlilərlə birlikdə işləyirəm. Hər gün onları görmək, onlarla bərabər olmaq torpaq, yurd həsrətini bir az azaltdı. Onlardan ayrı düşmək mənim üçün çətindir. Məktəbimizi elə qurduq ki... Çox keçmədən nüfuzumuz yayıldı”.
İki oğul anası Sakibə müəllim həm də ailədə müəllim yetişdirən anadır: “Orta məktəbdə dərs dediyim şagirdlərimdən tələbəm olaraq universitetdə də qarşımda oturanlar çox olub. Bilik yarışlarına apardığım, müəllimliyə hazırladığım, mənim kimi müəllim olmaq istəyən saysız-hesabsız şagirdlərim var. Oğlumun biri də müəllimdir”.
Ruhiyyə DAŞSALAHLI