11 ölkədən 37 komanda Beynəlxalq STEAM Azərbaycan Festivalında yarışacaq


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 4-8 dekabr 2023-cü il tarixlərində Bakı Ekspo Mərkəzində üçüncü dəfə keçiriləcək SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalına artıq iki həftədən az vaxt qalıb. Beynəlxalq səviyyədə təşkil olunacaq SAF 2023 “Robokids”, “Engineers of Future” - “Gələcəyin mühəndisləri”, “First LEGO League Explore”, “VidX”, “First LEGO League Challenge”, “VEX Robotix Competition” - “VEX Robototexnika müsabiqəsi”, “Innovativ Exhibition” - “İnnovativ sərgi”, “Deep Dive”  “Sualtı dronlar/gəmi”, “Hackathon”, “VEX IQ Competition”- “VEX IQ Yarışması”, “Mechatronics” - “Mexatronika”, “Wings and Wheels” - “Qanadlar və təkərlər”, “FlyTech”, “Boat Racing” - “Gəmi yarışması”, “H2 Grand Prix PRO” adlı ümumilikdə 12 yarış, 15 yaş kateqoriyaları üzrə, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında keçiriləcəkdir.

 

STEAM İnnovasiya Mərkəzinin İnnovativ Təhsil Departamentinin müdiri Təranə İbrahimlinin “Azərbaycan müəllimi” qəzetinə verdiyi son məlumata əsasən, SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalına ümumi qeydiyyatdan keçən şəxslərin sayı 5520 nəfər təşkil edir. Onlardan 2478 nəfər Bakı şəhəri üzrə, 2753 nəfər isə regionlar üzrə qeydiyyatdan keçənlərdir. Qeydiyyatdan keçənlərin 289 nəfəri xarici ölkə vətəndaşlarının payına düşür. Eyni zamanda qeydiyyatdan ümumi olaraq 1380 komanda keçib.

 

Seçim mərhələsindən uğurla keçərək SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak hüququ qazananların ümumi iştirakçı sayı 1019 nəfərdir. Onlardan 352 nəfəri qız, 667 nəfəri isə oğlanlardır. Festivalda ümumi olaraq seçim turundan müvəffəqiyyətlə keçən 268 komanda iştirak edəcək. Komandalardan 231-i yerli iştirakçıların payına düşür. Bakı şəhəri üzrə 135 komanda, regionlar üzrə isə 96 komanda festivalda iştirak hüququ qazanıb. Regionları təmsil edən komandalar Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Zaqatala, Lənkəran, Astara, Masallı, Şirvan, Füzuli, Şəmkir, Balakən, Qazax, Oğuz, Qax, Bərdə, Ağdaş, İsmayıllı daxil olmaqla ölkəmizin müxtəlif bölgələrini əhatə edir.

 

Xarici ölkələrdən ümumilikdə 37 komanda seçim mərhələsində uğur qazanıb və SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak edəcək. Bunlar ümumi olaraq 11 ölkəni təmsil edən iştirakçılardır. Belə ki, Türkiyədən 78, Özbəkistandan 18, Türkmənistandan 8, Bolqarıstandan 4, Çexiyadan 4, İngiltərədən 8, Qazaxıstandan 27, Norveçdən isə 4 nəfər iştirakçının SAF 2023 festivalına qatılacağı gözlənilir. 

 

İnnovativ Təhsil Departamentinin müdiri Təranə İbrahimli qəzetimizə bildirib: “SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında müxtəlif yarış kateqoriyaları üzrə iştirak edəcək 96 nəfər jüri heyəti İngiltərə, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çexiya, Türkiyə, Azərbaycan kimi ölkələri təmsil edir. Festivalda mükafatlandırma ümumi iştirakçı sayının 60%-ni təşkil edəcəkdir. 1-ci, 2-ci, 3-cü yerlər üzrə medallar xüsusi nominasiyalar üzrə müəyyənləşdirilib. Hər bir kateqoriya və nominasiya üzrə qalib komandalara bununla yanaşı xüsusi hədiyyələr və sertifikat təqdim olunacaqdır. İştirakçı komandalar nəqliyyat və qidalanma ilə təmin ediləcəkdir. Xarici ölkələri və bölgələri təmsil edən komandaların qalması üçün otellər ayrılıb. Festival rəsmi açılış, yarış, əyləncə, mükafatlandırma və rəsmi bağlanış hissələrindən ibarət olacaq. Festivalın keçirildiyi müddətdə bir gün, yəni 7 dekabrda xarici  və region komandaları üçün ekskursiya təşkil olunacaqdır”.

 

Qeyd edək ki, SAF 2023 Festivalının keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir. Dünyada bu istiqamətdə təşkil edilən olimpiadalara, yarışlara şagirdlər və məktəblər xüsusi olaraq qatılırlar. Prosesə mərkəzləşdirilmiş şəkildə yanaşma daha yaxşı nəticələr əldə etməyə imkan yaradır. Bu cür tədbirlərin keçirilməsi STEAM sahəsinin ölkə üzrə tətbiqi və genişlənməsi baxımından olduqca əhəmiyyətlidir.

 

Lamiyə ƏLİMƏRDANOVA