Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Tarix müəllimliyi və Hüquqşünaslıq ixtisaslarında təhsil alan tələbələrinə akademik Nizami Cəfərov tərəfindən "Azərbaycan ədəbi dili: orta əsrlərdən yeni dövrə" mövzusunda ustad dərsi keçirilib.
Ustad dərsində Elm və Təhsil Nazirliyinin SABAH qrupları İcra Komitəsinin rəhbəri Eldar Qocayev, BDU-nun SABAH Mərkəzinin rəhbəri İradə Süleymanova, SABAH qruplarının müəllimi Nahidə Həsənova və digər qonaqlar iştirak ediblər.
Akademik Nizami Cəfərov Azərbaycan dilinin türk dilləri içərisində özüməxsus yer tutduğunu qeyd edib, qədim dövrdən indiyədək coğrafi, siyasi və linqvistik aspektlərin dilin formalaşmasında rolunu izah edib.
Ustad dərsində "Azərbaycan" sözünün etimologiyası, Azərbaycan dili anlayışı və onun türk dilləri içərisində yeri, Azərbaycan ədəbi dilinin milli dil kimi formalaşmasının tarixi məsələləri barədə geniş məlumat verilib.
Sonda akademik tələbələrin suallarını cavablandırıb.