İnformasiya-kommunikasiya texnologiyalarına əsaslanan yüksək təşəkküllü industrial cəmiyyətin qurulduğu bir dövrdə ölkəmizin təhsil sistemi qarşısında mühüm tarixi vəzifələr durur. Bu vəzifələrin istiqamətləndiyi əsas hədəf isə müasir cəmiyyətin spesifik tələblərinə uyğun yaşamağı və fəaliyyət göstərməyi bacaran, sağlam və mütərəqqi düşünən, nəcib, mərhəmətli, tolerant, humanist, ədalətli və vətənpərvər şəxsiyyətin, gənc intellektualın və gələcək ziyalının yetişdirilməsidir. Bu vacib vəzifənin uğurla həyata keçirilməsi və yüksək nəticələr əldə edilməsi üçün ölkəmizin orta və ümumtəhsil müəssisələrində ali və mütərəqqi prinsiplərə - təhsilin humanistləşdirilməsinə, diferensiasiyaya, pedaqoji tolerantlığa və müasir dövrün ən aparıcı texnologiyalarına əsaslanan sistemləşdirilimiş və kompleks şəkildə fəaliyyət göstərən tədris-təlim sistemi mövcuddur.
Daim dəyişən və sürətlə yenilənən dünyanın intellektual-mədəni məzmununu elmdə, təhsildə, iqtisadiyyatda və texnologiyada baş verən mütərəqqi yeniliklər təşkil edir. Bu yeniliklər müxtəlif formalarda həyat və fəaliyyətimizin bütün sferalarına israrla nüfuz edərək onun formal strukturunu və daxili quruluşunu dəyişir. İctimai və mədəni həyatımızın əsrlər boyu formalaşmış ənənəvi normalarına, milli dilimizin leksik bazasına, düşüncə tərzimizə və mentalitetimizə çox aktiv şəkildə sirayət edən yeniliklər isə bizdən informasiya cəmiyyətinin spesifik tələblərinə uyğun davranmağı, dünyanın təsvirini fəal şəkildə dəyişən qlobal trendlərin formalaşdırdığı yüksək yaradıcı atmosferə və inkişaf tendensiyalarına adaptasiya olunmağı tələb edir. Bütün bu deyilənlər müasir milli təhsil sistemində özünü daha qabarıq şəkildə ifadə edir və bu sahədə çalışan mütəxəssislərdən yüksək fəallıq və yeni tədris texnologiyalarının pedaqoji prosesə geniş və ardıcıl şəkildə tətbiq edilməsini nəzərdə tutur. Deyilənlərlə bağlı ümumtəhsil məktəblərində tədris olunan müxtəlif dərslərin və təlimlərin yeni təlim metodları əsasında təşkili mühüm əhəmiyyət kəsb edərək cəmiyyətimizin dayanıqlı inkişafının tələbinə çevrilib.
Orta və ümumtəhsil məktəblərində kurikulum tədris platforması üzrə təhsil alan I-XI sinif şagirdləri üçün müxtəlif fənlərin tədrisi ilə əlaqədar müəyyən edilmiş tələblər, fənlərin məzmunu haqqında müddəalar, həmin fənlərin tədrisində qarşıya qoyulan əsas məqsədlər və vəzifələr, təlim strategiyası, şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi üzrə normativlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən müvafiq qurumların ardıcıl fəaliyyəti nəticəsində yüksək səviyyədə sistemləşdirilib. Bizim bir pedaqoq kimi vəzifəmiz isə bu sistemə uyğun yüksək təşəkküllü və məhsuldar pedaqoji prosesin təşkili və idarə edilməsidir. Sözügedən sistemdə ümumtəhsil məktəblərində tədris olunan dərslərin effektli şəkildə mənimsənilməsinə xidmət edən mexanizmlər təsvir edilib. Həmin mexanizmlər sayəsində pedaqoqlar kreativ texnologiyalardan istifadə etməklə tədris prosesində yaradıcı atmosfer yaradır və təhsilalanlarda aşağıda göstərilən mühüm keyfiyyətlər formalaşdırırlar: 1. Problemi müəyyən etmək və onun strukturunu dərk etmək bacarığı, başqa sözlə, şagirddə bu və ya digər problemin olmasını aşkara çıxaran spesifik baxışın yaranması. 2. Şagirdlərdə fikrin və düşüncənin “qaçaraq xarakter” kəsb etməsi və yaxud ideyanın müəyyən sürətlə yaradılması. 3. Şagirdlərdə orijinal təfəkkür tərzinin təşəkkülü və problemin həlli ilə bağlı yeni prinsipial üsulların düşünülməsi qabiliyyəti. 4. Şagirdin təfəkkürünün çevik xarakteri - yeni assosiasiyaların tapılması və orijinal ideyaların ərsəyə gətirilməsi imkanları. 5.Müvafiq detallar əlavə etməklə konkret bir obyekti təkmilləşdirmək və yeni-yeni ideyaları sintez etmək qabiliyyəti. 6. Analiz və sintez vasitəsilə problemin həlli yollarını axtarıb tapmaq və həll prosesində həm köhnə, həm də yeni ideyalardan istifadə etmək bacarıqları.
Beləliklə, ümumtəhsil məktəblərimizdə tədris olunan dərslərdə təhsilalanların kreativ texnologiyalardan lazımi səviyyədə bəhrələnməsi üçün, ilk növbədə, onların davranışlarının cari tədris mühitinə adekvat olub-olmamasını təyin etmək və onlara müvafiq quruluş vermək tələb olunur. Bu zaman prosesdə aşağıdakı komponentlərin iştirakı xüsusilə vacibdir: 1.Dərsdə təqdim edilən tədris materialının dərindən mənimsənilməsinə hazırlıqlı olmaq. 2.Tədris prosesinə qoşulmağa maraq göstərmək. 3.Tədris prosesində kreativ texnologiyalarla bağlı müvafiq seçim etməyi bacarmaq. 4.Optimizm, ruh yüksəkliyi, özünəinam kimi meyarlarla müəyyən edilən güclü və sağlam temperamentə sahib olmaq.
Ölkəmizin ümumtəhsil məktəblərində tədris olunan dərslərin kreativ və informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə etməklə təşkili gənc nəslin analitik və tənqidi düşünməsinə, nəhayət, yaradıcı şəxsiyyət kimi yetişməsinə xidmət edir. Qeyd edim ki, bu proses TVHN (Təsviri Vəzifələrin Həlli Nəzəriyyəsi) və YTDF (Yaradıcı Təfəkkürün Davamlı Formalaşması) kimi sistemlər çərçivəsində həyata keçirilir. Bu sistemlər çoxhədli xarakter daşıyır və özündə məktəbəqədər, məktəb (ibtidai, orta və ali) və məktəbdən sonra ixtisas üzrə təkmilləşdirmə dövrlərini birləşdirir.
Artıq həyatımızın digər sahələri kimi tədris prosesinin də rəqəmsal qaydalar əsasında təşkili adi hal alıb. Bu sistemin daim təkmilləşdirilməsi və daha effektli üsulların təlim prosesinə cəlb edilməsi isə günün tələbi olaraq qalır. Beləliklə, tədris prosesinə informasiya texnologiyalarının genişmiqyaslı tətbiqi şagirdlərin BBV (Bilik, Bacarıq, Vərdiş) sistemi əsasında təhsil almalarını yeni keyfiyyət pilləsinə çıxarır. Bu zaman kreativ atmosferdə yeni biliklərə yiyələnən şagird, bu biliklərə istinad edərək sonrakı mərhələlərdə adekvat bacarıq və vərdişlər, əqli və praktiki qabiliyyətlər, etik-mənəvi əqidə, ali dəyərlər, estetik baxışlar və uyğun dünyagörüşü qazanır.
Göründüyü kimi, kreativ və müasir İKT texnologiyalarından istifadə etməklə təşkil olunan dərslərdə şagirdləri analitik düşünməyə sövq edən idraki imkanları fəal şəkildə yaradıcı təsirə məruz qalır və onların tənqidi təfəkkürünü aktivləşdirən intellektual mexanizmlər dərhal işə düşür. Müəllimin dəstəyi ilə şagirdin öyrənilən predmetin dərin qatlarına ardıcıl şəkildə nüfuz etməsi, ətraflı şəkildə içəridən öyrənməsi və detallı şəkildə mənimsəməsi müşahidə olunur. Bu, müasir məktəbin qarşısında duran əsas vəzifənin - şagirdin yaradıcı şəxsiyyət kimi yetişdirilməsinin nümunəsidir. Müasir informasiya-kommunikasiya texnologiyalarının tədris prosesində tətbiq edilməsi milli təhsil strategiyasında prioritet məsələlərdən biridir. Burada başlıca məqsəd təhsilin davamlı modernləşdirilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, informasiya məkanına istiqamətlənən şəxsiyyətin (şagirdin) harmonik inkişafının təmin edilməsi, ən müasir texnologiyaların informativ və kommunikativ imkanlarının mənimsənilməsi, informasiya mədəniyyətinə yiyələnilməsi, əldə edilmiş təcrübələrin təqdim olunması və onun pozitiv nəticələrinin aşkara çıxarılmasıdır. Bu məqsədlərə çatmaq və təhsildə yüksək nailiyyətlər əldə etmək üçün aşağıda göstərilən vəzifələri metodiki və ardıcıl şəkildə yerinə yetirmək tələb olunur: 1) ən qabaqcıl texnologiyaların təhsil prosesinə cəlb edilməsi; 2) şagirdlərdə özünütəhsilə güclü meylin və dayanıqlı marağın formalaşdırılması; 3) kommunikativ kompetensiyaların daim artırılması; 4) təhsilə və elmi biliklərə münasibətdə yüksək pozitiv motivlərin yaradılması; 5) təhsilalanlarda seçim etmək bacarığı formalaşdıran və azad düşünmək imkanları yaradan biliklərin verilməsi.
Qeyd edim ki, orta və ümumtəhsil müəssisələrində tədris prosesinə İKT-nin cəlb edilməsi təhsilalanların intellektində mütərəqqi dəyişikliklər etməklə yanaşı müəllimin nüfuzuna da pozitiv-dəyişdirici təsir göstərir, onun özünə verdiyi qiymətin əmsalı xeyli yüksəlir. Orta və ümumtəhsil məktəblərində tədris olunan dərslərin, o cümlədən ədəbiyyat dərslərinin təşkilində İKT-nin tətbiqi aşağıda göstərilmiş mərhələlər üzrə həyata keçirilməsi məqsədəuyğundur: 1. Tədris materialının müəyyən olunması, təhsil proqramının və tematik planlaşdırmanın təhlil edilməsi, mövzunun və təlim tipinin seçilməsi, materialın xüsusiyyətlərinin aşkara çıxarılması. 2. İnformasiya məhsulunun seçilməsi və yaradılması, hazır təhsil media resurslarının seçilməsi və özəl məhsulun yaradılması (təqdimat, təlim, məşq, nəzarət və s.). 3. İnformasiya məhsulunun tətbiq edilməsi (ədəbiyyat dərslərində). 4. İKT-dən istifadənin səmərəlilik dərəcəsinin təhlili və nəticələrin dinamikasının öyrənilməsi.
Bu gün ümumtəhsil məktəblərində tədris olunan dərslərin təşkili zamanı istifadə edilən ən effektli alətlər arasında ETR-lərin (Elektron Təhsil Resursları - ETR - audiovizual və multimediya vasitələri) xüsusi rolu və əhəmiyyəti var. Müasir məktəblərdə geniş istifadə olunan tədris alətlərindən müxtəlif interaktiv lövhələr, kompakt disklər (kompüter vasirəsilə tətbiq olunan səsli ekran vasitələrinin çeşidli növləri), elektron dərsliklər (qrafik təsvir, mətn, rəqəmsal, musiqili, video, foto və s.), təhsil veb-saytları və veb-kvestlər təlim prosesinin vacib elementinə çevrilib. Onların hər biri şagirdlərin yaradıcı və tənqidi təfəkkürünün inkişafına, predmetlərin və hadisələrin daxili quruluşuna, onların mahiyyətinə və məzmununa nüfuz etmələrində mühüm rol oynayır. Beləliklə, orta və ümumtəhsil məktəblərində müasir texniki tədris vasitələrindən istifadə müasir təhsil sisteminin əsas tələbi kimi ortaya çıxır.
Son illər Azərbaycan Respublikasının orta və ümumtəhsil məktəblərində qolobal elmi-texniki tendensiyaların tələblərinə uyğun əsaslı modernləşmə baş verir. Bununla əlaqədar tədris prosesinə dünya təcrübəsində sınaqdan çıxarlımış pedaqoji yeniliklərin fəal şəkildə nüfuz etməsi adi hal alıb. Yeniliklər sırasında interaktiv təlim metodlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu gün ümumtəhsil məktəblərində təhsilalanların tədris predmetini daha effektli şəkildə mənimsəmələri, onların tənqidi düşüncə imkanlarının və yaradıcı potensialının inkişafı üçün geniş tətbiq edilən interaktiv təlim metodları müəllimlə şagird və şagirdlə şagird arasında aktiv qarşılıqlı əlaqəyə və təsirə əsaslanır. Nəticədə təlimə cəlb olunan iştirakçı (şagird) bütün intellektual və psixoloji baryerləri aşaraq sərbəst şəkildə öyrənilən predmet haqqında müvafiq informasiyalara sahib olur, onları təhlil edir, ən müasir tədris texnologiyalarından istifadə etməklə tənqidi təfəkkürün süzgəcindən keçirir, emal edir və yaradıcı materiala çevirir. Beləliklə, qarşımızda möhtəşəm məqsədlərdən və vəzifələrdən ibarət spesifik bir mənzərə yaranır. Bu vəzifələrin fonunda xoşbəxt və uğurlu gələcəyimizin qarantı sayılan gənc nəslin tərbiyəsi və onun şəxsiyyətinin müasir üslubda formalaşdırılması ideyası durur. Sözügedən ideyanın həqiqətə çevrilməsi isə biz pedaqoqların istedadından, əzmkarlığından və fədakarlığından asılıdır.
Sevinc HƏSƏNOVA,
Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər sektorunun müdiri