Şagirdlərdə bu yolla qazanılmış biliklər uzun zaman unudulmur
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə demişdir ki, təhsil bizim gələcəyimiz, inkişaf perspektivimizi müəyyən edən başlıca sahədir. Bəli, ölkəmizin sabahı bu gün parta arxasında oturan şagirdlərin bilik səviyyəsindən, dünyagörüşlərindən birbaşa asılıdır. Bu baxımdan 35 illik təcrübəmə əsasən deməliyəm ki, şagirdlərin dünyagörüşünün formalaşmasında, onların biliklərinin dərinləşməsində fənlərarası əlaqənin, xüsusilə musiqi və tarix fənləri arasında inteqrasiyanın mühüm rolu vardır. Deməliyəm ki, VI sinifdə şagirdlərə “Musiqidə emosionallıq” mövzusunun tədrisi zamanı tövsiyə edilən xorla ifa ediləcək mahnılardan R.Şəfəq və V. Mirzənin “İstiqlal bayramı” oxutdurulur. Məlumdur ki, “İstiqlal bayramı” mahnısında keçmiş rus imperiyasının parçalanması və onun ərazisindəki digər xalqlarla bərabər xalqımızın da azadlıq qazanması, məşəqqətlərlə dolu mürəkkəb müstəqillik yollarında inamlı addımlarla irəliləməsi vəsf olunur. Təbii ki, VI sinif şagirdlərinə bu mahnının oxutdurulması zamanı onlara xalqımızın müstəqillik əldə etməsi haqqında da məlumat verilməsi, bu barədə onlarda ətraflı təsəvvür yaradılması səmərəli rol oynayır. Həm də təcrübə göstərir ki, dünyagörüşü yenicə formalaşmaqda olan VI sinif şagirdlərində bu yolla qazanılmış bilik uzun zaman unudulmur.
VI sinifdə “Musiqidə millilik və ümumbəşərilik” mövzusu tədris olunarkən xorla ifası tövsiyə edilən mahnıların siyahısındakı “Azərbaycan əsgəri” marşı da bu baxımdan səciyyəvidir.
Belə ki, bu marşı şagirdlər ifa edərkən onlarda güclü vətənpərvərlik, döyüşkənlik ruhu formalaşır ki, bu da ölkəmizin Ermənistanla müharibə vəziyyətində olduğu hazırkı zamanda çox vacib məsələdir. Bundan başqa, həmin mövzunun tədrisi zamanı tövsiyə edilən dinləniləcək musiqi nümunələrinin sırasında D.Şostakoviçin “7-ci simfoniya”sının olması da təqdirəlayiqdir. Belə ki, bu simfoniyada, məlum olduğu kimi, Böyük Vətən müharibəsi dövründə Leninqradın müdafiəsindən bəhs edilir. Təbii ki, belə ideyalar da şagirdlərdə vətənpərvərlik hissləri doğurur. “Musiqidə müharibə” mövzusunun tədrisində E.Mirzəbəylinin “Heyratı” zərb muğamının və “Azadlıq marşı”nın xorla ifa ediləcək mahnılar sırasında verilməsinin də böyük rolu vardır. Belə ki, hər iki musiqi əsəri dinləyicidə, eləcə də şagirdlərdə mübarizlik, əzmkarlıq, vətən üçün ölüm-dirim savaşına qalxmağa hazır olmaq kimi hisslər doğurur.
VI sinifdə “Musiqidə müharibə” mövzusunun tədrisi zamanı E.Dadaşova və R.Yusifoğlunun “Sülh məşəli” mahnısının da xorla ifa edilməsi tövsiyə olunur. Bu mahnıda sülh ideyaları tərənnüm olunur. Hesab edirəm ki, müəllimin bu mövzunun tədrisi zamanı ölkəmizin sülhpərvər, sülhsevər ölkə olduğunu şagirdlərə bildirməsi vacibdir. Bu məqsədlə şagirdlərlə frontal sorğu apararaq dövlət gerbimiz, burada təsvir edilən qalxan, sünbül, dəfnə budağı haqqında məlumat vermək məqsədəuyğun olardı. Belə ki, belə sual-cavab, həm də yeni mövzunun tədrisində motivasiya rolunu oynayardı.
VI sinifdə “Musiqidə polifoniya” mövzusunun tədrisində tövsiyə edilən xorla ifa ediləcək mahnılardan O.Rəcəbovla S.Nuruqızının “İçərişəhər” mahnısı da tarix fənni ilə əlaqə baxımından maraq doğurur. Bu zaman göstərilməlidir ki, İçərişəhər xalqımızın tarixində ən mühüm rol oynayan tikililərdən biridir. XVI əsrdə Şirvanşahlar dövlətində I Xəlilullah tərəfindən tikdirilən bu tikilini tarixçilər haqlı olaraq xalqımızın arxitektura tarixinin incilərindən sayırlar. Qeyd etmək yerinə düşərdi ki, Şirvanşahlar dövlətinin xəzinəsinin böyük bir hissəsi bu tikilidə yerləşdirilmişdi. Mahnının şagirdlər tərəfindən ifası zamanı müəllimin yeri gəldikcə şagirdlərə İçərişəhərin tarixi, onun tikilməsinin səbəbləri, bu tikilinin əhəmiyyəti haqqında verəcəyi məlumat çox əhəmiyyətli rol oynayardı.
“Musiqidə milli-qəhrəmanlıq obrazı” mövzusunun tədrisi zamanı xorla ifa ediləcək musiqisi Ü.Hacıbəyliyə, sözləri isə S.Rüstəmə məxsus olan “Ağlama, xalqım, ağlama” mahnısı da bu baxımdan diqqəti cəlb edir. Bu mahnıda xalqımızın ən ağır, çətin vaxtlarda belə nikbinliyini itirməməsi, gələcəyə həmişə inamla baxması vəsf olunur. Bu mahnı Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olduğu hazırkı durumda xüsusilə aktualdır. Belə ki, bu mahnı şagirdlərdə nikbinlik, gələcəyə inamla baxmaq kimi hisslər aşılayır.
Yaxud, xalqımızın qan yaddaşında qara ləkə kimi qalan 20 Yanvar hadisələri ilə əlaqədar “20 Yanvar və musiqi” mövzusunun tədrisi zamanı dinləniləcək musiqi nümunələri sırasında kamançanın müşayiəti ilə “Humayun” muğamı, B. Vahabzadənin “Şəhidlər” əsəri bəhs edilən mövzu ilə xüsusilə səsləşir. Belə ki, tarixdən məlumdur ki, “Humayun” muğamı Böyük Moğol imperiyasının başçısı Humayunun vaxtı ilə daxili çəkişmələr nəticəsində öz ölkəsindən qaçaraq Səfəvilər imperiyasına pənah gətirməsi və məhz buradan aldığı kömək nəticəsində yenidən hakimiyyətə qayıtması nəticəsində yaranmışdı. Başqa söz deyilərsə, bu muğamda bütün yuxarıda göstərilən hadisələr musiqinin dili ilə öz təcəssümünü tapır. Ona görə də bu mövzunun tədrisi zamanı şagirdlərə 20 Yanvar, Böyük Moğol imperiyası, onun tarixinə aid suallarla müraciət etməklə tarixlə musiqi fənləri arasında əlaqə yaratmaq münasib olardı. Tarixə aid suallar şagirdlərdə danışılan məsələlər haqqında ətraflı təsəvvür yaradar, onların mövzu ilə bağlı anlayışlarını daha da zənginləşdirər.
Məlumdur ki, hər bir ictimai-siyasi mövzuda yazılan mahnı hansısa dərəcədə xalqın mədəni, ictimai-siyasi vəziyyəti ilə sıx surətdə bağlı olur. Bu baxımdan isə “Musiqidə zarafat” mövzusunun tədrisi zamanı xorla ifa ediləcək mahnı kimi tövsiyə edilən musiqisi Z.Bağırova, sözləri isə M.Ə.Sabirə məxsus olan, sevimli müğənnimiz mərhum Mirzə Babayevin ustalıqla ifa etdiyi “Oxutmuram, əl çəkin” mahnısı yerinə düşür. Məlumdur ki, XIX əsrin əvvəllərində vətənimizdə, təəssüflər olsun ki, nadan ruhanilərin, mollaların apardıqları xurafat təbliğatı nəticəsində xalqımızda dünyəvi təhsilə, məktəbə, elmə mənfi münasibət formalaşmışdı. Buna görə də orta statistik azərbaycanlı ailə başçısına, evin kişisinə elə gəlirdi ki, övladını, əlbəttə, oğlan uşağını - qız uşağının məktəbə getməsindən söhbət belə gedə bilməzdi - məktəbə göndərmək, onun dünyəvi təhsillə məşğul olması qətiyyən məqsədəuyğun deyil. Hətta belə düşünürdülər ki, bu şəriətə ziddir. Ona görə də azərbaycanlı ailə başçısına məktəb yaşına çatmış oğlan övladının məktəbə göndərilməsi təklif ediləndə onlar qətiyyətlə bundan imtina edirdilər. Təsadüfi deyildi ki, o zamanlar Bakı şəhərində say etibarı ilə götürdükdə azərbaycanlı uşaqlar erməni və rus millətindən olan yaşıdlarının cəmindən xeyli dərəcədə çox olsalar da, təhsillə əhatə olunma dərəcəsinə görə azlıqda qalırdılar. Əlbəttə, bu ürəkağrıdan hal XX əsrin əvvəllərində yaşamış M.Ə.Sabirin də diqqətindən yayınmamış və o, belə vəziyyəti satira atəşinə tutan “Oxutmuram, əl çəkin” şeirini yazmışdı. Ona görə də bu mövzunun tədrisi zamanı əvvəlcə motivasiyada musiqi müəlliminin şagirdlərə XX əsrin əvvəlində Azərbaycandakı ictimai-siyasi vəziyyət, maarif sahəsindəki durum haqqında məlumat verməsi yerinə düşərdi.
Nəhayət, yenə “Respublika Günü bayramı və musiqi” mövzusunun tədrisi zamanı tövsiyə edilən xorla ifa ediləcək S.Ələsgərov və Q.Musayevin “Biz qələbə çalmalıyıq” mahnısı bu baxımdan diqqəti cəlb edir. Belə ki, bu mahnıda da əsasən Azərbaycan ordusunun gücündən, qüdrətindən danışılır. Mahnının Respublika Günü bayramında tövsiyə edilməsi heç də təsadüfi deyildir. Belə ki, bu mahnı şagirdlərdə mübarizlik, düşmən üzərində qələbə çalmaq, düşmənə nifrət kimi hisslər aşılayır. Buna görə də bu mahnının tədrisi zamanı ölkəmizdə müstəqilliyin elan olunması, Azərbaycanın müstəqil respublika kimi tanınması haqqında şagirdlərə tarixi bilgilər verilə bilər.
Yaxud, VII sinifdə “Bülbül və xalq musiqisi” mövzusunun tədrisi zamanı tövsiyə edilən dinləniləcək musiqi nümunələrindən Ü.Hacıbəylinin “Koroğlu” operasının III pərdəsindən “Koroğlu ariyası” ilə əlaqədar yaxşı olardı ki, müəllim ilk növbədə şagirdlərə Koroğlunun kimliyi, onun tarixi şəxsiyyət kimi oynadığı böyük rol, Cəlalilər hərəkatı haqqında suallarla müraciət edilsin. Təbiidir ki, şagirdlər XVII əsrin əvvəllərində baş vermiş Cəlalilər hərəkatı haqqında ətraflı biliyə malik olduqda “Koroğlu” operasının “Koroğlu ariyası”nı da həvəslə öyrənəcəklər.
Yenə göstərilməlidir ki, VII sinifdə “Müslüm Maqomayev (nəvə) və muğam operası” mövzusunu tədris edərkən tövsiyə olunan musiqi nümunələri sırasında M.Maqomayevin ifasında “Şah İsmayıl” operasından “Aslan şahın ariyası” xarakterik bir misaldır. Belə ki, məşhur musiqiçi M.Maqomayevin “Şah İsmayıl” operasında Azərbaycan tarixində silinməz izlər qoyan Şah İsmayıl vəsf edilir. Təbiidir ki, müəllim bu mövzunu tədris edərkən əvvəlcə sinfə Şah İsmayıl, onun Azərbaycan tarixində oynadığı rol, yaratdığı Səfəvilər dövləti haqqında suallarla müraciət edərsə, bu həm tarix və musiqi fənləri arasında fənlərarası əlaqə, həm də motivasiya rolunu oynayar.
Yuxarıda göstərilənlərdən başqa IX sinifdə “Azərbaycan xalq çalğı aləti - qanun (kanon)” mövzusunun tədrisi zamanı tövsiyə edilən xorla ifa olunan mahnılar sırasında A.Dadaşov və N.Kəsəmənlinin “Qarabağ bayatıları” da tarix və musiqi fənləri arasında fənlərarası əlaqə yaratmaq üçün münasibdir. Belə ki, bu mahnıda Qarabağ və onun əsrarəngiz təbiəti, gözəlliyi, ab-havası tərənnüm olunur. Mahnının tədrisi zamanı əlbəttə, müəllimin əvvəlcə şagirdlərə Qarabağ, onun tarixi haqqında məlumat verməli, onlarda süni şəkildə yaradılmış Qarabağ problemi barədə geniş təsəvvür formalaşdırmalı və bununla da fənlərarası əlaqə yaratmalıdır.
IX sinifdə “Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı” mövzusunun tədrisi zamanı tövsiyə edilən “Xorla ifa olunan mahnılar” sırasında Ə.Bədəlbəylinin “Qız qalası” baleti, “Müqəddimə”dən bir parça musiqi və tarix fənləri arasında əlaqə yaratmaq üçün münasibdir. Belə ki, bu dərsin tədrisi zamanı əvvəlcə şagirdlərə sevimli Bakımızın simvoluna çevrilən Qız qalası haqqında, onun tikildiyi dövr, o dövrdə mövcud olmuş dövlətlər barəsində məlumatların verilməsi də fənlərarası əlaqə baxımından səmərəli olardı.
IX sinifdə “Bənövşə” Uşaq Xoru mövzusunun tədrisində xorla ifası tövsiyə olunan “Ey Tanrım, arxa ol bizim İlhama” mahnısı musiqi və tarix fənləri arasında əlaqə yaratmaq imkanı baxımından diqqəti cəlb edir. Belə ki, bu mahnını şagirdlərə öyrətməzdən əvvəl müəllimin onlara ölkəmizin beynəlxalq vəziyyəti, Qarabağ problemi, son dövrlərdə paytaxtımızda keçirilmiş bir neçə beynəlxalq əhəmiyyətli musiqi və idman tədbirləri, onların respublikamızı dünya miqyasında tanıtması haqqında məlumat verə bilər və bu çox səmərəli olar.
Tarix və musiqi fənləri arasında əlaqə baxımından səmərəli, şagirdlərin yaddaşında uzun müddət ərzində qala biləcək kifayət qədər misallar göstərmək olar. Əsas məsələ müəllimin öz işinə nə dərəcədə yaradıcılıqla yanaşmasından, həm tarix, həm də musiqi fənninin incəliklərinə nə dərəcədə bələd olmasından asılıdır.
İlhamə XƏLİLOVA,
Bakı şəhəri, MLK-nın musiqi müəllimi