Aytən Pirverdiyeva: “Bir doktorant olaraq Qarabağda həyata keçirilən yenidənqurma işlərinə öz töhfələrimi vermək arzusundayam”


Məlumdur ki, ölkəmizdə insan kapitalının hərtərəfli inkişafına yönəlik dövlət proqramları ali təhsil sistemi qarşısında mühüm vəzifələr qoyur. Yüksəkixtisaslı, peşəkar, yeni dövrün çağırışlarına cavab verən səriştə və bacarıqlara malik mütəxəssislərin yetişdirilməsi bu gün bütün ölkələr üçün başlıca trendə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci ildə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” da ölkəmiz üçün prioritet sahələrdə yüksəkixtisaslı kadr hazırlığına, gənc tədqiqatçılar nəslinin yetişdirilməsinə yönəlib. Proqramın icrası müddətində artıq neçə-neçə istedadlı gənc dövlətin yaratdığı imkanlardan yararlanaraq dünyanın nüfuzlu universitetlərində ali təhsil almaqdadır. Onlardan biri də Dövlət Proqramı çərçivəsində ABŞ-ın Corciya Universitetində “Kənd təsərrüfatı” ixtisası üzrə təhsil alan Aytən Pirverdiyevadır.

 

1990-cı ilin fevral ayının 15-də Füzuli rayonunda anadan olub. Orta təhsilini Bakıdakı  27 nömrəli tam orta məktəbdə alıb. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində “Qida məhsulları mühəndisliyi” ixtisası üzrə aldıqdan sonra Azərbaycan Turizm və Menecment Universitetinin “Qida təhlükəsizliyi” ixtisasına qəbul olub və magistr elmi dərəcəsinə yiyələnib. İlk əmək fəaliyyətinə 2012-ci ilin yanvar ayında Azərbaycan Milli Aerokosmik Agentliyinin nəzdində fəaliyyət göstərən Tofiq İsmayılov adına Kosmik Tədqiqatlar İnstitutunda texnik olaraq başlayıb, sonralar laborant, baş laborant və 13-cü dərəcəli mühəndis-proqramçı kimi çalışıb. Daha sonra fəaliyyətini magistratura təhsil pilləsində oxuyarkən ixtisası üzrə yeni açılmış (2018-ci il iyun ayının 29-da) Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Risklərin qiymətləndirilməsi departamentində davam etdirib. Burada çalışdığı dönəmlərdə fəaliyyət istiqamətinə uyğun olaraq müxtəlif auditoriyalar qarşısında (orta və ali təhsil müəssisələri və s.) ölkədə qida təhlükəsizliyinin təmin edilməsindən, onun mahiyyət və önəmindən bəhs edən müxtəlif seminarlarda çıxış edib. 2018-ci ildə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən XI qrant müsabiqəsinə “Qida Sənayesinə Gənclərin Dəstəyi” adlı layihə ilə qatılıb və qalib seçilib. AQTİ-dəki fəaliyyət müddəti boyunca bir çox ölkələrdə (Türkiyə Cümhuriyyəti, Çin Xalq Respublikası, Gürcüstan və s.) ixtisası ilə əlaqəli peşəkar inkişafa yönəlik təlimlərdə iştirak edib.

 

“Dövlət Proqramı təqaüdçüsü olmaq həm də məsuliyyətdir”

 

- “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” sizin üçün nə kimi imkanlar açdı, proqramın əhəmiyyəti barədə nə deyə bilərsiniz?

 

- Xaricdə təhsilin önəmini biz hələ 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində ölkəmizdə maarifçilik cərəyanının ilk çağlarından hiss etməyə başlamışıq. Həmin dövrdə o dönəmin gəncləri olan Məhəmməd ağa Şahtaxtinski, Yusif Talıbzadə, Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyov və  bir çoxları sonralar Azərbaycan tarixində əvəzsiz fəaliyyətləri ilə iz qoyublar.

 

Mənim üçün Dövlət Proqramı  adlarını qeyd etdiyim dahi şəxsiyyətlərin timsalında dərin məna kəsb edir və bu dəstək sayəsində gələcəkdə həyata keçirməyi planlaşdırdığım hədəflərimə çatmağa yardımçı olacağına böyük ümidlərim vardır. Digər tərəfdən, bir fərd olaraq ABŞ-da öz maddi imkanlarınla  təhsil almaq olduqca çətindir. Mənə və mənim timsalımda dünya elminə inteqrasiya etmək istəyən bütün şəxslərə göstərdiyi dəstəyə görə ölkə rəhbərliyinə minnətdaram. Dövlət Proqramı təqaüdçüsü olmaq mənim üçün həm də məsuliyyətdir, çünki Corciya Universitetində PhD təhsili almaq üçün gələn ilk azərbaycanlıyam.

 

Bu gün yalnız kənd təsərrüfatında deyil, həmçinin bütün digər sahələrdə savadlı, yeniliklərə çevik uyğunlaşa bilən və peşəkar mütəxəssislərə çox böyük ehtiyac vardır və görünən odur ki, yaxın gələcəkdə bu cür kadrlara tələbat daha da artacaqdır. Bu anlamda Dövlət Proqramının dəstəyi ilə hazırda ən müasir maddi-texniki bazası olan, nəzəri biliklə yanaşı praktiki bacarıqlarımı inkişaf etdirə biləcəyim bir təhsil mühitində elmin daha dərinliklərinə baş vurmaq fürsətim yaranıb. Bu mənada mənim üçün Dövlət Proqramının əhəmiyyəti danılmazdır.

 

- Seçdiyiniz ixtisas barədə məlumat verərdiniz. Doktorant  olaraq hansı mövzu üzərində işləyəcəksiniz? Tədqiqat mövzunuz dünyada nə dərəcədə prioritetdir?

- ABŞ-da təhsilimi qida mikrobiologiyası istiqamətində davam etdirirəm. Belə ki, tədqiqat mövzum ərzaq və kənd təsərrüfatı məhsullarında mövcud olan mikroorqanizmlərə qarşı yeni və innovativ mübarizə metodlarının tətbiqi və inkişafı istiqamətindədir. Dünya Səhiyyə Təşkilatının statistik məlumatlarına əsasən, bu gün dünyada hər 10 insandan 1-i mikroorqanizmlərlə yoluxmuş qidadan qaynaqlanan zəhərlənmələrə məruz qalır. Bunun nəticəsində hər il 420000 insan dünyasını dəyişir. Düşünürəm ki, qeyd etdiyim statistik göstəricilər özü özlüyündə tədqiqat mövzumun aktuallığını izah edir və bu mənada tədqiqat mövzum qlobal xarakter daşıyır.

 

“Elmi tədris vəsaitləri üzərində çalışıram”

 

- Tədqiqatlarınızın tərəfdaş ali təhsil müəssisəsi üçün əhəmiyyətini necə qiymətləndirirsiniz? Tədqiqatlarınız Azərbaycan elminə nə kimi töhfələr verə bilər?

- Bu sahədə mövcud problemlərdən xəbərdar olan biri kimi əsas məqsədim Vətənə dönərkən sahib olduğum ixtisas üzrə əsl peşəkarlıq nümayiş etdirərək həmin problemlərin həlli istiqamətində real həll yolları təqdim etməkdir. İlk növbədə, ali təhsil müəssisələrində istifadə edilən tədris və metodik vəsaitlərin yenilənməsinə  ehtiyac vardır. Xüsusilə, qida mühəndisliyi və qida təhlükəsizliyi ixtisasları üzrə təhsil alan tələbələrin nəzəri metodik vəsaitlərlə yanaşı, praktik və ya laboratoriyaya əsaslanan elmi tədris vəsaitlərinin çatışmazlığı real problemlərdəndir. Artıq keçən ildən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə birlikdə bir sıra işlərə başlamışıq. Tərəfdaş universitetin müvafiq ixtisaslarında təhsil alan gənclərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə qida mühəndisliyi və qida təhlükəsizliyi üzrə beynəlxalq standartlara cavab verəcək elmi tədris vəsaitlərinin hazırlanmasına dair işlər üzərində çalışıram. Düşünürəm ki, xaricdə doktorantura təhsili almış hər bir şəxs ixtisası üzrə tədris metodik vəsaitlər hazırlamalıdır, bu kimi fəaliyyətlər təkmilləşmək istəyən hər bir ali təhsil müəssisəsinin prioritet məsələsinə çevrilməlidir.

 

“ABŞ-da təhsil sistemi çox fərqlidir”

 

- Təhsil aldığınız universitetdə hazırkı tədris prosesi, tədris mühiti barədə nə deyə bilərsiniz?

- Ümumiyyətlə, ABŞ-da təhsil sistemi Azərbaycanda aldığım təhsildən çox fərqlidir. Mövcud sistemə alışmaq zaman tələb edir, rahatlıqla deyə bilərəm ki, bunun üçün 2 ayımı sərf etməyim kifayət etdi. Dərs yükünün öhdəsindən gələ bilmək və paralel olaraq nəzəri biliklərin təcrübə ilə möhkəmləndirilməsi üçün tələbədən ciddi mənada səy göstərməsi tələb olunur.

 

Universitetin yerləşdiyi kampus, yaşadığım şəhəri tamamilə əhatə edir. Burada yaradılmış təhsil mühitinin yüksək standartlarda qurulması tələbəyə oxumamaq üçün bəhanə vermir. Təhsil aldığım universitet  kənd təsərrüfatı sahəsi üzrə Amerikanın milli reytinq cədvəlində ilk onluqda yer alır.

 

“Təklif edərdim ki, Qarabağ Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutu yaradılsın”

 

- Bilirsiniz ki, böyük Zəfərdən sonra artıq Qarabağda yenidənqurma işlərinə start verilib. Bir gənc doktorant olaraq Qarabağda kənd təsərrüfatının dirçəldilməsi üzrə nə kimi təklifləriniz olardı? 

- Bəli, Qarabağla bağlı hər bir yeni xəbəri bütün xaricdə yaşayan və qəlbi Vətəni ilə döyünən azərbaycanlılar kimi, mən də böyük həssaslıqla izləyirəm. Xoşbəxtəm ki, xalqıma böyük Zəfəri qazandıran Azərbaycan gəncliyini təmsil edirəm. Təbii ki, bir doktorant olaraq Qarabağda həyata keçirilən yenidənqurma işlərinə öz töhfələrimi vermək arzusundayam. Xüsusilə, bu bölgənin yenidən inşası və dirçəldilməsi mərhələsində kənd təsərrüfatının da inkişafı mühüm rol oynayacaq. Mübaliğəsız deyə bilərəm ki, Qarabağı nəinki Azərbaycanın, hətta Qafqazın kənd təsərrüfatı istiqaməti üzrə elmi tədqiqat mərkəzinə çevirmək mümkündür. Bunun üçün  Qarabağ istər iqlim və təbii resursları, istərsə də coğrafi baxımdan ideal imkanlara sahibdir. Qarabağda tikilməsi planlaşdırılan universitetlə yanaşı, təklif edərdim ki, Qarabağ Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutu yaradılsın. Bu institutun nəzdində qida təhlükəsizliyi və qida mühəndisliyi ixtisaslarına geniş yer verilməsi isə tələbələrə nəinki nəzəri biliklərə yiyələnməyə, eyni zamanda kənd təsərrüfatının effektivliyinin artırılması məqsədilə aparılacaq elmi tədqiqatlarda birbaşa iştirak etmək fürsəti yarada bilər. Həmçinin, bu institut yeni və innovativ texnologiyaların Qarabağa gətirilməsi və tətbiq edilməsi məqsədilə bir çox beynəlxalq konfrans və simpoziumlara ev sahibliyi də edə bilər.

 

- Gələcək hədəfləriniz barədə nə deyərdiniz?

- Qeyd etməliyəm ki, hazırda qida mikrobiologiyası sahəsi üzrə yetərli mütəxəssislər və tədris metodik vəsaitləri  azlıq təşkil edir. Bu məqsədlə gələcək planlarımdan biri tədris metodik vəsaitlərinin təkmilləşdirilməsidir.

 

Qida mikrobiologiyasının mühüm bir elm sahəsi olmasını 2020-ci ildə dünyanı sarsıdan koronavirus (COVID-19) pandemiyası nümunəsində aydın müşahidə etdik. Bu gün patogenlərin aşkarlanması üçün istifadə edilən bir sıra metodlar artıq aktuallığını itirməkdədir, bu kimi yollarla qısa zaman ərzində qidadan qaynaqlanan hər hansı pandemiyaya qarşı mübarizədə effektiv ola bilmək isə mümkün deyil.

 

Gələcək hədəflərim arasında qidaların tərkibində mövcud olan patogenlərin qısa zaman ərzində yeni və müasir metodlar əsasında təyin olunması dayanır.

 

Oruc MUSTAFAYEV