2024-2025-ci tədris ilində 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində 3993 təhsil proqramı açıqlanıb


Məlumdur ki, qloballaşma dövründə hər bir ölkənin sosial-iqtisadi inkişafı həmin ölkədə insan kapitalının inkişaf səviyyəsindən asılıdır. Son illərdə dünyada müşahidə olunan texnoloji dəyişikliklər və innovasiyalar şəraitində yüksək rəqəmsal bacarıq  və səriştələrə, növbəti illərdə dünyada artan rəqabətə hazır olan yüksəkixtisaslı insan kapitalının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu vəzifə xüsusən də Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulmuş hədəflərə nail olmaq baxımından təhsil sistemimiz üçün də xüsusi aktuallıq kəsb etməkdədir.

 

Ölkə iqtisadiyyatının uzunmüddətli inkişafında məhz təhsil sahəsinin mühüm rolu nəzərə alınmaqla yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara, yeni ixtisaslara ehtiyac yaranacağı ilə əlaqədar bir sıra ixtisaslar, o cümlədən informasiya texnologiyaları, mühəndislik, fundamental və tətbiqi elmlər, ətraf mühit, nəqliyyat, energetika, təhsil, ictimai səhiyyə və s. sahələr üzrə kadr hazırlığına olan tələbatı qarşılamaq üçün xaricdə təhsil proqramlarının reallaşdırılması vacibdir. Bu məqsədlə Azərbaycan gənclərinin ölkənin gələcək inkişaf prioritetləri çərçivəsində tələb olunan ixtisas istiqamətləri üzrə qabaqcıl xarici ali təhsil müəssisələrində magistratura və bakalavriat səviyyələrində təhsili üçün əlavə imkanların yaradılması mühüm əhəmiyyət kəsb edir.

 

Bu baxımdan, növbəti tədris ilindən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının yeni siyahısı açıqlanıb və bu yenilik gənclərimiz üçün əlavə imkanlar yaradır. 

 

Diqqətəlayiq məqam ondan ibarətdir ki, 2024-2025-ci tədris ilində siyahıda 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 631 bakalavriat və 3362 magistratura olmaqla ümumilikdə 3993 təhsil proqramı yer alıb.

 

Namizədlər, eyni zamanda müvafiq qlobal reytinq cədvəllərində ilk onluqda yer almış  nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan digər ixtisas sahələri üzrə bakalavriat və ya magistratura proqramlarından əldə etdikləri qəbul məktubları əsasında müsabiqədə iştirak edə biləcəklər.

 

Digər mühüm yeniliklərdən biri də odur ki, bu il ilk dəfə mədəniyyət və incəsənət sahəsi üzrə nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları üzrə namizədlərin müraciətləri də qəbul ediləcək. Məlumat üçün qeyd edək ki, 2023-2024-cü tədris ilində “2022-2026 Dövlət Proqramı” çərçivəsində ümumilikdə dünyanın 17 ölkəsinin nüfuzlu ali təhsil müəssisələri üzrə 381 nəfər Azərbaycan Respublikası vətəndaşı təhsil almaq hüququ qazanıb. Proqram iştirakçılarından 49 nəfəri cari il üzrə dünyanın 10 ən yaxşı universitetinə qəbul olunub.

 

Qeyd edək ki, hazırda Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

 

Oruc MUSTAFAYEV