Tələbələr üçün yeni imkanlar | |
Məlumdur ki, qloballaşma dövründə hər bir ölkənin sosial-iqtisadi inkişafı həmin ölkədə insan kapitalının inkişaf səviyyəsindən asılıdır. Son illərdə dünyada müşahidə olunan texnoloji dəyişikliklər və innovasiyalar şəraitində yüksək rəqəmsal bacarıq və səriştələrə, növbəti illərdə dünyada artan rəqabətə hazır olan yüksəkixtisaslı insan kapitalının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu vəzifə xüsusən də Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulmuş hədəflərə nail olmaq baxımından təhsil sistemimiz üçün də xüsusi aktuallıq kəsb etməkdədir.
Bu baxımdan, növbəti tədris ilindən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının yeni siyahısı açıqlanıb və bu yenilik gənclərimiz üçün əlavə imkanlar yaradır.
Diqqətəlayiq məqam ondan ibarətdir ki, 2024-2025-ci tədris ilində siyahıda 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 631 bakalavriat və 3362 magistratura olmaqla ümumilikdə 3993 təhsil proqramı yer alıb.
Namizədlər, eyni zamanda müvafiq qlobal reytinq cədvəllərində ilk onluqda yer almış nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan digər ixtisas sahələri üzrə bakalavriat və ya magistratura proqramlarından əldə etdikləri qəbul məktubları əsasında müsabiqədə iştirak edə biləcəklər.
Qeyd edək ki, hazırda Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.
Oruc MUSTAFAYEV
|
|
17.11.2023 | 09:03 | |
|
|
|