AzMİU tələbələri yüksək gərginlikli mühərrikin elektrik qidalanması ilə tanış olublar
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün “Tezlik çevirici vasitəsi ilə elektrik mühərrikinin məsafədən sürətinin tənzimlənməsi şərti ilə idarə olunması” mövzusunda master-klas keçirilib.
Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının təşkilatçılığı ilə gerçəkləşən master-klas Azərbaycanın mühəndislik xidmətləri göstərən qabaqcıl şirkətlərindən biri – “Developia Engineering” MMC-nin mühəndis heyəti tərəfindən aparılıb.
Kafedranın müdiri professor Nurməmməd Məmmədov bildirib ki, master-klas elektrik mühəndisliyinə maraq göstərən, həmçinin gələcək karyerasını bu sahədə qurmaq istəyən tələbələrə dəstək olmaq məqsədi daşıyır. O, şirkətin aparıcı mütəxəssislərinin öz bilik və bacarıqlarını gələcəyin mühəndisləri ilə bölüşməsini yüksək qiymətləndirib.
Elektrik və elektronika mühəndisliyi ixtisasının tələbələri üçün nəzərdə tutulan master-klasda tezlik çeviricisi (VFD) vasitəsi ilə elektrik mühərrikinin uzaqdan idarə edilməsi, 380 Volt işçi gərginlikli mühərrikin necə 220 Voltluq şəbəkədən qidalanması prosesi stenddə yer alan mini qurğu ilə əyani nümayiş olunub. Eyni zamanda iştirakçılar VFD-nin kontaktor və "Soft Starter"dən üstünlüklərini öyrəniblər.
Qeyd edək ki, universitet və istehsalat müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi prosesi çərçivəsində kafedra tərəfindən mütəmadi olaraq seminar, təlim, master-klas və vörkşoplar təşkil edilir.