Hüquq fakültəsinin müəllimi İsveçrədə təlimlərə qatılıb
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əqli mülkiyyət hüququ kafedrasının müəllimi Aydan Məmmədova Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) tərəfindən təşkil edilən “Əqli mülkiyyət sahəsi üzrə müəllimlərin 19-cu beynəlxalq kollokviumu” adlanan iki həftəlik təlim kurslarında iştirak edir.
Kollokvium İsveçrənin Cenevrə şəhərində noyabrın 13-dən 24-dək davam edəcək. Kollokvium əqli mülkiyyət sahəsində dünyanın müxtəlif ölkələrindən olan ixtisaslaşmış müəllim və tədqiqatçılar üçün forum rolunu oynayır. O, beynəlxalq əqli mülkiyyətin cari mənzərəsinin və vəziyyətinin ətraflı icmalını təqdim edir. Eyni zamanda, tədbirə ev sahibiliyi edən iki təşkilatın bu sahədə daha geniş perspektivlərinin, ÜƏMT və ÜTT-nin hüquqi sənədlərinin və cari təşəbbüslərinin dərin analizi nəzərdə tutulur. Kollokvium, ilk növbədə bu sahədə universitetlərin potensialını gücləndirmək, milli təcrübə, tədris və tədqiqatı inkişaf etdirmək məqsədi daşıyır.
Səfər çərçivəsində A.Məmmədova ÜST-ÜƏMT-ÜTT tərəfindən noyabrın 14-də BMT-də keçirilən İnsan Sağlamlığı və İqlim Dəyişikliyi üzrə Üçtərəfli Simpoziumda da iştirak edib.