Mingəçevir Dövlət Universiteti (MDU) ilə Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

 

İmzalanma mərasimində çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov və MDU-nun rektoru Şahin Bayramov bildiriblər ki,  memorandum elmi potensialın gücləndirilməsi məqsədilə tərəflər arasında müvafiq istiqamətlər üzrə birgə fəaliyyətlərin reallaşdırılmasını özündə ehtiva edir. Eyni zamanda əməkdaşlığın qarşılıqlı faydalı olacağına əminlik ifadə olunub, universitet kollektivinin, tələbə və magistrantların bu əməkdaşlıqdan fəal surətdə faydalanması tövsiyə edilib.

 

Memorandumda müvafiq sahələr üzrə elmi-tədqiqat istiqamətlərinin birlikdə müəyyən edilməsi, elmi kadrların, gənc doktorant və tədqiqatçıların elmi biliklərinin artırılması və onlardan rasional istifadənin təşkili, regionlarda gənclər arasında riyaziyyat elminə marağın artırılması, birgə tədqiqatların aparılması və birgə nəşrlərin hazırlanması, MDU-da tədris prosesinə institut alimlərinin cəlb edilməsi məsələləri xüsusi qeyd olunub.

 

Eləcə də, magistrantların elmi-pedaqoji təcrübəsi üçün lazımi şəraitin yaradılması, ortaq konfranslar, seminarlar və “dəyirmi masa”ların keçirilməsi, ustad dərslərinin təşkili, müvafiq layihə və proqramlarda birgə iştirakın təmin edilməsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi sözügedən əməkdaşlıq sənədində əksini tapıb.