Beynəlxalq Türk Akademiyası Türk Dövlətləri Təşkilatı Katibliyinin dəstəyi ilə Səmərqənddə (Özbəkistan) Türk Dünyası Arxeologiya İnstitutu və Mərkəzləri Rəhbərlərinin Birinci İşçi Toplantısını təşkil edib.
Tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Tatarıstan (Rusiya Federasiyası), Qaraqalpaqıstan (Özbəkistan Respublikası) və Monqolustanın arxeoloji tədqiqat institut və mərkəzlərinin rəhbərləri, habelə tanınmış arxeoloq və mütəxəssislər iştirak ediblər.
Görüşdə elmi-tədqiqat institutları və mərkəzlərinin rəhbərləri tərəfindən Türk dünyasında arxeologiya sahəsində gələcək əməkdaşlıq istiqamətləri və əlaqələrin dərinləşdirilməsi yolları müzakirə olunub.
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev açılış nitqində Türk Dünyası Arxeoloji Tədqiqat İnstitutu və Mərkəzləri Birliyinin (ARİKA) yaradılmasını nəzərdə tutan ilk işçi görüşün məqsəd və vəzifələrini vurğulayıb. O, türk inteqrasiyasının hərtərəfli inkişafı çərçivəsində arxeoloji tədqiqatların əlaqələndirilməsi və mövcud problemlərin birgə həlli məqsədilə Türk dünyasının arxeologiya institut və mərkəzlərini birləşdirən strukturun yaradılmasının önəminə toxunub.
İştirakçılar arxeoloji tədqiqat institutları və mərkəzlərinin şəbəkə yarada, məlumat paylaşa və birgə tədqiqat və fəaliyyətlər həyata keçirə biləcəyi platformanın yaradılmasının vacibliyini qeyd ediblər. Görüş iştirakçıları ARİKA-nın Türk dünyasının arxeoloji tədqiqat institutlarını, mərkəzlərini və ekspertlərini birləşdirən fəal əməkdaşlıq, bilik və təcrübə mübadiləsi, eləcə də birgə elmi tədqiqat və digər fəaliyyətlər üçün platformaya çevriləcəyinə əminliyini ifadə ediblər.
İclasın sonunda elmi qurumların rəhbərləri və ekspertlər ARİKA-nın yaradılması haqqında protokol imzalayıblar.
Protokolun imzalanmasında Azərbaycan tərəfdən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktou tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev iştirak edib.
Qeyd edək ki, iclas çərçivəsində Tatarıstan Respublikası Elmlər Akademiyası tərəfindən hazırlanmış yeddi cildlik “Volqa-Ural bölgəsinin arxeologiyası” əsərinin təqdimatı da keçirilib.