Mingəçevir Dövlət Universitetində (MDU) Gənclər Fondunun dəstəyi, ATGTİ, “İrəli” İctimai Birliyi və MDU Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “Bayraqdar” adlı layihə çərçivəsində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Layihənin əsas məqsədi qəhrəman qazi və döyüşçülərimizin gənclər arasında tanıdılmasıdır.
Görüşdə MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantları iştirak edib.
Tədbirdə giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov və TGT sədri Pənah Kərimov 8 Noyabr- Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Bildirilib ki, şanlı Zəfərin əldə olunmasında şəhidlərimizin, qazilərimizin misilsiz xidmətləri olub. Qəhrəman əsgər və zabitlərimizin şücaətinin gənclər arasında təbliğinin önəmi diqqətə çatdırılıb.
Sonra Vətən müharibəsi iştirakçıları – MDU əməkdaşı Mahir İsmayılov, Namiq İbrahimli və Elmar Allahyarlı 44 günlük tarixi Zəfər yürüşündə keçdikləri şərəfli döyüş yollarından, hərbçi yoldaşlarının göstərdikləri qəhrəmanlıqlardan, Müzəffər Ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələrdən danışıb, xatirələrini bölüşüb və iştirakçıların suallarını cavablandırıblar.
Görüş iştirakçılar tərəfindən maraqla qarşılanıb.