Mingəçevir Dövlət Universitetində (MDU) "Heydər Əliyev İli" çərçivəsində Zəfər Gününə həsr edilmiş “Ata vəsiyyəti və inamlı zəfər” mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbirdə MDU-nun professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

 

Konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov universitet kollektivini 8 Noyabr- Zəfər Günü münasibətilə təbrik edib. Tarixi Zəfərə gedən yolun təməlində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri və misilsiz ideyalarının dayandığını bildirən rektor Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən rəhbərliyi və böyük sərkərdəlik məharəti, rəşadətli Azərbaycan Ordusunun yenilməz gücü sayəsində şanlı qələbənin qazanıldığını qeyd edib. Bildirib ki, əzəli torpaqlarımızın işğaldan azad olunması ilə Ulu Öndərin və Azərbaycan xalqının əsas arzusu gerçəkləşdi. Ölkəmizin hərbi qüdrətinin artmasında ordu quruculuğu sahəsində həyata keçirilmiş kompleks və sistemli tədbirlərin mühüm rolundan danışan Ş.Bayramov bütün bunların 44 Günlük Vətən müharibəsində və ondan sonrakı dövrlərdə əldə edilən qələbələri şərtləndirən başlıca amillərdən olduğunu vurğulayıb. Bu gün ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş qalib ölkənin vətəndaşları olaraq Zəfər Bayramının qeyd edilməsinin qürurverici olduğunu deyən rektor bu sonsuz sevinc və fəxarət hisslərini bizə yaşadan qəhrəman əsgər və zabitlərimizə borclu olduğumuzu bildirib. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə MDU-da xüsusi önəm verildiyini diqqətə çatdıran Ş.Bayramov bu baxımdan tarixi Zəfərə həsr olunan konfransın əhəmiyyətini vurğulayıb, tədbirin təşkilatçılarına təşəkkür edib.

 

Sonra konfransda məruzələr dinlənilib və müzakirələr aparılıb.