Bakı Dövlət Universitetində (BDU) "Zəfər tarixi" lektoriyası açılıb.
Açılışdan əvvəl BDU-nun həyətində hərbi orkestrin ifasında marşlar səsləndirilib. Marş sədaları altında Azərbaycan bayrağı ilə yürüş edilib.
Lektoriyanın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, "Zəfər tarixi" lektoriyasının açılması şanlı Qələbə tariximizin öyrənilməsi baxımından xüsusi önəm daşıyır və 8 Noyabr - Zəfər Gününə ən böyük töhfələrdən biridir.
Lektoriyanın mərkəzində Zəfərimizin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi günlərində fəaliyyətini, çıxışlarını, Birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə Qarabağa səfərlərini əks etdirən tablo və eksponatlar yer alıb. Lektoriyanın sol tərəfi Vətən müharibəsinin gedişini, Azərbaycanın hərbi və informasiya cəbhəsində uğurlarını əks etdirir, sağ tərəfdə isə Qarabağda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, burada həyata keçirilən beynəlxalq tədbirlərlə bağlı məqamlar işıqlandırılır. Lektoriyanın eksponatları sırasında BDU-nun Vətən müharibəsi günlərində fəaliyyətini əks etdirən və şanlı Zəfərimizə həsr olunmuş nəşrlər də yer alır.
Rektor qeyd edib ki, “Zəfər tarixi” lektoriyasında Azərbaycanın tarixi Qələbəsi ilə bağlı ustad dərsləri, mühazirələr, tədbirlər keçiriləcək, bu istiqamətdə aparılan elmi tədqiqatlar təqdim olunacaq.
Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov “Zəfər tarixi” lektoriyasının açılmasının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi rola malik olacağını vurğulayıb.
Açılış mərasiminin sonunda BDU-nun şərqşünaslıq fakültəsinin ərəb dili müəllimi Mais Ağaverdiyev ərəb dilinə tərcümə etdiyi “Vətən müharibəsi tarixi – şəxsiyyət faktoru” kitabını lektoriyaya hədiyyə edib.