Pedaqoji Universitetdə möhtəşəm Zəfər tədbiri keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) filologiya fakültəsinin və “Meh” ədəbi dərnəyinin təşkilatçılığı ilə “Biz qalibik!” adlı möhtəşəm tədbir keçirilib.
Zəfər Gününə və “Meh” ədəbi dərnəyinin illik hesabatına həsr olunan tədbirdə Pedaqoji Universitetin rəhbərliyi, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov, şəhid anaları, müharibə veteranları, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, eləcə də universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.
Əvvəlcə, ali təhsil ocağının foyesindəki “Zəfər guşəsi” ziyarət edilib, şəhid tələbə və məzunların xatirələri yad olunub.
Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov və beynəlxalq əlaqələr üzrə prorektor, filologiya fakültəsinin dekanı vəzifəsini icra edən, professor Mahirə Hüseynova qeyd ediblər ki, bu gün Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq ərazi bütövlüyü və suverenliyimiz tam bərpa edilib, şəhidlərin qanı bahasına azad olunan doğma torpaqlarımızda Azərbaycan bayrağı qaldırılıb.
Sonra “Meh” ədəbi dərnəyinin üzvlərinin hazırladıqları səhnəciklər, videoçarxlar və vətənpərlik ruhunda şeirlər iştirakçılara təqdim olunub.
Tanınmış incəsənət nümayəndələrindən Əməkdar artist Elnur Zeynalov, Respublika Muğam Müsabiqəsinin qalibi Almaxanım Əhmədli, Şahin İsmayılov və digərlərinin ifaları tədbirə xüsusi rəng qatıb.
Sonda “Meh” ədəbi birliyinin üzvlərinin Zəfər Günü münasibəti ilə keçirdikləri “Biz qalibik!” fləşmobunun görüntüləri nümayiş olunub, rəqs qrupunun nömrələrinin müşayəti ilə zalda üçrəngli Azərbaycan bayrağı açılıb.