Bu gün Şuşa Şəhəri Günüdür. 28 il Ermənistan işğalında qalan, nəhayət, Azərbaycan ordusunun gücü ilə düşmənin pəncəsindən xilas edilən qədim, əzəmətli, füsunkar Şuşanın! Azadlıq tarixi ilə həm də Zəfər Gününü yaradan Şuşanın!
II Qarabağ müharibəsinin gedişində beyinlərdə dolaşan bir sual var idi: Şuşaya dair hərbi əməliyyat planı olacaqmı? Prezident İlham Əliyev ictimaiyyəti maraqlandıran bu həssas suala o zaman belə cavab vermişdi: “Şuşasız bizim işimiz yarımçıq olar”.
Dövlət rəhbərinin bu fikri Azərbaycanın müharibədəki hədəflərinə dair ictimai rəydə xeyli konkretlik yaratdı. Tam aydın oldu ki, hərbi əməliyyatlar bir neçə rayonun geri alınmasını deyil, işğal edilmiş bütün torpaqların azadlığını, başqa sözlə, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpasını nəzərdə tutur və Şuşa əməliyyatı bu müharibənin Olimp Zirvəsi olacaq. Elə o cür də oldu!
Şuşa əməliyyatı ağır hərbi texnika, müasir silahlarla aparılan əməliyyat deyildi. Ərazinin azman dağlarla əhatə olunması, mürəkkəb coğrafi relyefi burada əsgərdən böyük fədakarlıq tələb edirdi. Tək yol düşmənlə qarşı-qarşıya gəlmək, onu fiziki güclə, soyuq silahla məğlub etmək idi. Şuşa elə bir zirvə idi ki, onu fəth etmək eşqi əsgərin biləyinə inanılmaz qüvvət, ürəyinə sonsuz həvəs, ruhuna möhtəşəm güc verirdi.
Şuşa Azərbaycan xalqı üçün bitmək bilməyən kədərli bir həsrət idi, nisgil, xəyal idi. 2020-ci ilin payızında isə artıq Şuşa vüsalının gerçəkliyi başlayırdı.
Şuşa əməliyyatı ona görə mühüm idi ki, onun azadlığı müharibənin sonunu gətirəcək idi; Zəfərin qəti tarixini müəyyənləşdirəcək idi; Şuşaya Azərbaycan bayrağının sancılması münaqişənin hərbi mərhələsini başa çatdırdı; proses sülh danışıqları müstəvisinə keçdi; Üçtərəfli 10 noyabr Bəyanatı imzalandı; Ermənistan miskin şəkildə hərbi kapitulyasiyasını etiraf etdi. Şuşa Ağdamın, Laçının, Kəlbəcərin qapılarını Azərbaycan ordusunun üzünə açdı: heç bir qan tökülmədən, şəhidlər verilmədən! Şuşa, həmçinin Xocalının, Ağdərənin, Xankəndinin azadlığının açarı oldu. Çünki böyük Zəfərin təntənəsi, möhtəşəm Qələbənin adı, milli qürurun simvolu Şuşa idi!
Bu uğur Azərbaycan övladlarının vətənsevərlik, qorxmazlıq obrazını yaratdı. Azərbaycan əsgərinin mətanətini, cəsurluğunu əfsanələşdirdi. Azərbaycan ordusunun nüfuzunu bütün dünyada möhkəmlətdi. Azərbaycan dövləti Qarabağ üçün elan etdiyi Qurtuluş savaşını ləyaqətlə apardı; Qarabağda terrorun hökmünü tam aradan qaldırdı; çirkin planları pozdu; məğlubiyyəti düşmən üçün qəddar bir həqiqətə çevirdi; uğurunun işığı ilə qaranlığı büsbütün yardı; xalqının haqqını öz gücü ilə qorumağı bacardı; Azərbaycan xalqı üçün dünya durduqca fəxr edəcəyi Zəfər Gününü yaratdı.
Şuşa 8 mayda itirilmişdi, 8 noyabrda geri alındı. 8 rəqəminin Şuşanın taleyindəki qəribə mistikasıdır bu eynilik. Əslində Şuşa özünün ehtişamı, füsünkarlığı, fərqliliyi ilə bir mözücədir; yaradanın lütfüdür; gözəlliyi, təmizliyi, mədəni zənginliyi ilə insanı məftun edən cazibədar bir şəhərdir. Ona görə də bizi Şuşaya qovuşduracaq Zəfər yolu çox qısa zaman içərisində hazırlandı. Mənəvi çəkisi qədər danışıqlar masası üçün siyasi çəkisi də ağır gələn bu möcüzəvi şəhərlə həsrətimiz tez bitsin, vüsalımız tez başlasın - deyə! Şuşa 28 il ondan uzaq qalan bizlərə müqəddəs ziyarətgah kimi gəldi. Şuşa gülən üzümüz, gözümüzdəki sevinc yaşları oldu.
Şuşa üçün çevik addımlar atıldı. O, Azərbaycanın Mədəniyyət Paytaxtı elan edildi. Onu dirçəltmək, mədəni ruhunun əzəmətini özünə qaytarmaq üçün tarixi, mədəni, dini abidələrin bərpası sürətlə başladı. Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnmiş büstləri Bakıdan geri gətirildi. Üzeyir Hacıbəylinin abidəsi yenidən hazırlandı. Bülbülün ev muzeyi, Molla Pənah Vaqifin məqbərəsi təmir olundu. Şuşada Xarı bülbül festivalı və Vaqif Poeziya Günləri, Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Qurultay Qələbəni alqışlamaq, Ədalətli Zəfərin sevincini bölüşmək üçün təyin edilən bir qurultay oldu, çağdaş tarixin səhifələrinə Zəfər Qurultayı kimi yazıldı. Bu tədbirlər Şuşanın mədəni həyatının bərpasında uğurlu bir bünövrə, gözəl başlanğıc oldu. Artıq Şuşa bütün elmi-mədəni tədbirlərin keçirilməsində əsas mərkəz rolunu oynayır.
Şuşa genetik kökləri eyni olan Türkiyə və Azərbaycan xalqlarını daha da doğmalaşdırdı. Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin imzaladığı Şuşa Bəyannaməsi iki dövlətin müttəfiqliyini rəsmiləşdirdi; Bəyannamə Şuşanın təhlükəsizliyinə etibarlı zəmanət oldu.
Şuşa şəhərinin birinci mərhələdə üç, dörd və beşmərtəbəli 25 yaşayış binasının inşası nəzərdə tutulan Baş planı hazırlandı. Vacib infrastruktur obyektlərin təməlləri atıldı.
Bütün bu sadalananlar Prezident İlham Əliyevin Böyük Qələbənin səhərisi xalqa müraciətində yüksək vurğu ilə səsləndirdiyi “Şuşa, biz səni dirçəldəcəyik!” vədinin yerinə yetirilməsinin qürur yaradan mənzərəsidir.
Sözsüz ki, şuşalılar da bir gün Şuşaya qayıdacaqlar. Şuşada məlahətli, valehedici muğam səsləri, musiqi, ədəbiyyat istedadları yenidən pöhrələnəcək, bu istedad, mədəni ruh dərin rişələr atacaq və Şuşanın Qarabağın tacı, mədəniyyət beşiyi kimi nüfuzu bütün dünyaya yenidən yayılacaq!
Vəfa ALLAHVERDİYEVA