Naxçıvan Müəllimlər İnstitutunda 8 Noyabr-Zəfər Günü və 9 Noyabr-Dövlət Bayrağı Gününə həsr olunmuş "Zəfər sənindir Azərbaycan!" adlı tədbir keçirilib
Tədbirdə çıxış edən institutun rektoru Azad Novruzov bildirib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən, işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
“Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir”- deyən rektor vurğulayıb ki, Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi demək oldu.
“Biz bu gün Heydər Əliyevin 100 illiyində, Ali Baş Komandanın 20 illik prezidentlik fəaliyyətində Xankəndində bayrağımızı dalğalandırırıq. Bizə bu günləri yaşadan dövlət başçısı İlham Əliyevə, igid oğullarımıza, qazilərə, şəhidlərimizə minnətdarıq”-deyə rektor qeyd edib.
Sonra Naxçıvan Müəllimlər İnstitutunun “Musiqi müəllimliyi” ixtisasının tələbələrindən ibarət vokal qrupu, müxtəlif ixtisaslardan olan tələbələrdən ibarət “Buta” rəqs qrupu və Şeir klubunun fəal üzvlərinin vətən, zəfər mövzularında ifa, rəqs və qiraəti ilə bədii hissəyə, birgə hazırladıqları kompozisiyaya baxış olub.