Diplomat “Səfir saatı” çərçivəsində tələbələrlə görüşüb


Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.

 

Rektor K.Abdulla hazırda ADU-nun Rusiyanın bir sıra universitetləri ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb: “Həmçinin, Puşkin adına Rus dili Dövlət İnstitutu ilə mühüm layihələr həyata keçiririk, mühüm məsələlərin həlli üçün müzakirələr aparırıq. Universitetlərlə əməkdaşlıq istiqamətində sizin də köməyinizi əsirgəməyəcəyinizə inanırıq”. ADU-da tədris olunan dillər haqqında danışan K.Abdulla fakültələr, dil və mədəniyyət mərkəzləri, elmi-tədqiqat laboratoriyalarının fəaliyyəti barədə məlumat verib. Rus dilinin universitet üçün lazımi komponent olduğunu deyən rektor ölkələrarası münasibətlərə töhfə vermək üçün qarşılıqlı dil biliklərini və araşdırmaları təkmilləşdirməyin faydalı olduğunu söyləyib.

 

Səmimi qəbula görə təşəkkür edən səfir M.Boçarnikov universitetdə olmaqdan məmnunluğunu bildirib. ADU-da rus dilinin tədrisini və “Rusiyaşünaslıq mərkəzi” Elmi-Tədqiqat Laboratoriyasının fəaliyyətini yüksək qiymətləndirib. O, Rusiyanın növbəti üç universitetinin Azərbaycanda fəaliyyətinin təmin edilməsi istiqamətində danışıqlar aparıldığını diqqətə çatdırıb. Səfir “Səfir saatı” layihəsinin həyata keçirilməsini təqdirəlayiq hal hesab edərək tələbələrin səfirlərlə görüşməsinin faydalı və səmərəli olduğunu söyləyib.

 

Səfir ADU-nun Heydər Əliyev adına Muzey Lektoriyası, “Rusiyaşünaslıq mərkəzi” Elmi-Tədqiqat Laboratoriyası və digər mərkəzləri ziyarət etdikdən sonra “Səfir saatı” çərçivəsində tələbələrlə görüşüb.

 

Görüşdə səfir M.Boçarnikov Azərbaycan və Rusiya arasındakı qarşılıqlı əlaqələrdən bəhs edib.