Lənkəran Dövlət Universitetində (LDU) 8 Noyabr- Zəfər Günü ərəfəsində Vətən müharibəsində şəhid olmuş universitet məzunlarının ailə üzvləri, ali məktəbdə çalışan və təhsil alan qazi və müharibə iştirakçıları ilə görüş keçirilib.
LDU-nun sosial məsələlər üzrə prorektoru, şəhid atası, professor Kamran Kazımov bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. “Tarix boyu torpaq itkilərinə məruz qalmışıq, əzəli torpaqlarımızda Ermənistan adlandırılan dövlət qurulub”-deyən professor K.Kazımov Zəfər Gününü son 200 ilin ən böyük qələbəsi adlandırıb. Bildirib ki, bu qələbə hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq.
Lənkəran-Astara Regional Gənclərin İnkişafı və Karyera Mərkəzi nümayəndəliyinin rəhbəri Famil Məmmədov, LDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent Zaur Məmmədov, I Qarabağ müharibəsi iştirakçısı dosent Qədim Rufullayev, Aprel döyüşləri qazisi Əhliyət Mehdiyev, 44 günlük Vətən müharibəsi iştirakçılarından tyutor Əli Zamanzadə, tələbə Savalan İmanov çıxış edərək bildiriblər ki, 44 günlük müharibədə Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını siyasi və diplomatik müstəvilərdə layiqincə müdafiə etdi. Çıxışlarda vurğulanıb ki, hər günü uğurlu hərbi əməliyyatlarla yadda qalan müharibə dövründə Azərbaycan əsgəri yalnız qələbə haqqında düşündü. Bildirilib ki, artıq Qarabağla bağlı tamamilə yeni reallıq yaranıb. Müzəffər Ordumuzun yaratdığı bu reallıq ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub.