Astara Gənclər Evində rayon Gənclər və İdman İdarəsi, “Astara” İntellektual İnkişaf Klubunun Dövlət Müstəqilliyi Gününə həsr olunmuş 14-29 yaşlı gənclər arasında intellektual bilik yarışı keçirilib. Yarışın açılış mərasimində Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov Müstəqillik Gününün tarixi, yeniyetmə və gənclərdə Vətənə məhəbbət hissinin aşılanması barədə söz açıb.
Sonra çıxışçılar bildiriblər ki, əsas məqsəd “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq maddələrinin yerinə yetirilməsindən, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaqdan, onlar arasında elmin nüfuzunu artırmaqdan, gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliğindən ibarətdir.
Bilik yarışında Astara şəhər 6 və I nömrəli tam orta məktəblərin komandaları I və II yerləri qazanıblar.
Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
Sifai SƏFƏROVA