Uşaq bağçalarında təhlükəsiz öyrənmə mühiti
Bağçada qarşılaşdığı mühit hər bir uşağın düşüncə tərzinin dəyişməsinin, müşahidə qabiliyyətinin artmasının, bədii təfəkkür prinsiplərinin, insanlarla ünsiyyət yaratma vərdişlərinin yaranmasının ilkin mərhələsidir. Məhz buna görə də, hərtərəfli inkişafa yönələn məktəbəqədər təhsil prosesi uşaqların həyatında mühüm əhəmiyyət daşıyır. Bu mühit uşaqların fiziki və mənəvi inkişafına birbaşa təsir edir, onların bacarıqlarını, yaradıcı və şəxsi özəlliklərini ortaya çıxarır. Bağçaların uşaqlara qazandırdığı ən önəmli faydalardan biri də odur ki, onlar evdən kənarda yeni təcrübələr qazanır, başqa uşaqlarla birlikdə bərabər oynamaq, öyrənmək, paylaşmaq kimi vərdişləri formalaşır. Bağça mühitinə öyrəşməsi uşaqların sosiallaşmalarına, xüsusilə nitqin inkişafı üçün zəmin yaradır. Onların söz bazaları artır, ünsiyyətə meyilləri çoxalır. Bu dövrdə yiyələndikləri nitq uşaqların həyat fəaliyyətində böyük əhəmiyyətə malikdir.
Daima inkişafa, kəşf etməyə, araşdırmağa meyilli olan uşaqların fəaliyyətlərini daha da genişləndirmək, dəstəkləmək üçün məktəbəqədər təhsil müəssisələrində sağlam və təhlükəsiz mühitin yaradılması olduqca vacibdir. Mövzu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təhsilə Dəstək Mərkəzinin bölmə rəhbəri Fərqanə Seyidlinin və BŞTİ-nin psixoloqu Heyran Səfərovanın fikirlərini öyrəndik.
- Fərqanə xanım, məktəbəqədər təhsil müəssisələrində təhlükəsiz mühit necə qurulmalıdır?
- Məktəbəqədər təhsil mühiti hər şeydən əvvəl təhlükəsiz olmalıdır. Körpələr evi və uşaq bağçalarında uşaqların təhlükəsizliyini təmin etmək tərbiyəçi-müəllim və müəssisə rəhbərliyinin əsas məsuliyyətidir. Bütün kollektivdən özünü inkişaf etdirmək, təlim prosesində təhlükəsizliyi nəzərə almaq tələb olunur. Təhlükəsiz mühit dedikdə, uşaqların və pedaqoji kollektivin səhhətindən tutmuş, təlimin baş verdiyi fiziki mühit və psixo-sosial sahə nəzərdə tutulur. Belə ki, məktəbəqədər müəssisələrdə işçilərin və uşaqların səhhətinə ciddi və məsuliyyətli yanaşılması vacibdir. Xüsusən də pedaqoji heyət uşaqlarla birbaşa təmasda olduğu və uşaqların səhhətinə birbaşa təhlükə yaratma ehtimalı nəzərə alındığı üçün onların sağlamlığı ikinci plana keçməməlidir. Uşaqların fiziki cəhətdən özlərini rahat hiss etmələri, sağlam böyümələri üçün aktiv fəaliyyət ilə intellektual fəaliyyətin balanslı şəkildə bir-birini əvəzləməsinə fikir verilməlidir. Otaqlarda təbii gün işığından istifadə edilməsi, havalandırma, uşaqların açıq havada gəzintisi, oynaması sağlamlıqları üçün çox vacib şərtlərdəndir.
Fiziki mühit dedikdə, uşaqların oyun sahələrindən tutmuş istifadə etdikləri oyuncaqlar, alətlər nəzərdə tutulur. Uşaqlar üçün qurulmuş mühit onların ölçülərinə uyğun mebel, ekoloji materiallar tələb edir.
Psixo-sosial sahə dedikdə, uşaqlarla ünsiyyət forması, böyüklərin və yaşıdların bir-birinə qarşı davranışı nəzərdə tutulur. Məlumdur ki, uşaqların inkişafı, öyrənməyə həvəsini artırmaq üçün onlara təhlükəsiz və dəstəkləyici mühit yaradılmalıdır.
- Bağçalarda sağlam, təhlükəsiz mühitin qurulmasında pedaqoji heyətin rolu nədən ibarətdir?
- Sağlam mühit pedaqoji heyətdən işin düzgün planlanılmasını və məsuliyyətin kollektiv arasında düzgün paylanılmasını tələb edir. Bəzən yanlış olaraq düşünülür ki, uşaqları təhlükədən uzaqlaşdırmaq üçün onların hərəkətsiz olmalarını təmin etmək lazımdır. Əksinə, uzun zaman hərəkətin növbələşməməsi, passivlik uşaqlarda psixi gərginlik yaradır, onların davranışlarının nəzarət və idarə edilməsini çətinləşdirir. Uşaqların fiziki oyunlara olan ehtiyacı onların harmonik inkişafı üçün çox vacibdir. Bunun fərqində olan müəssisənin rəhbəri, tərbiyəçi-müəllimləri uşaqlar üçün təhlükəsiz mühit yarada bilirlər.
- Valideyn-uşaq-tərbiyəçisinin pedaqoji əməkdaşlığı necə tənzimlənir?
- Qeyd etdiyimiz nəticənin valideynlərlə əməkdaşlıq etmədən uğurlu olub-olmadığını müəyyən edə bilmərik. Buna görə də bağça rəhbərliyi pedaqoji heyətin iştirakı ilə açıq qapı günləri, iclas və tədbirlər, fərdi görüşlər vasitəsilə valideynlərlə ünsiyyət qurur, onlarla həm məlumat, həm də təcrübə mübadiləsi aparır. Məhz pedaqoji heyətin valideynlərlə pedaqoji maarifləndirmə aparması olduqca əlverişli prosesdir.
- Hansı fəaliyyət növləri uşaqların bağçalara marağını daha çox artırır?
- Düşünürəm ki, indiki dövrdə uşaqlar üçün bağçanı cəlbedici edən məqamlardan biri də yaşıdları ilə ünsiyyət qurulması, müxtəlif növ oyunların oynanılmasıdır. Eyni zamanda məktəbəqədər müəssisə uşaqlara ətraf aləmi tədqiq etməyə, “eksperimentlər” aparmağa şərait yaratsa, uşaqlar üçün bağça daha əyləncəli olar. Uşaqlar onları sevən, dəstəkləyən, azad, təhlükəsiz mühiti yarada bilən böyükləri hiss edir, onlara can atırlar.
Psixoloq məsləhəti
Psixoloq Heyran Səfərova məktəbəqədər təhsil müəssisələrində uşağa dəstəkləyici öyrənmə mühiti yaratmaq və onunla sağlam ünsiyyət qurmağın çox vacib olduğunu bildirib. O, humanist pedaqogikanın banisi Şalva Amonaşvilinin: “Uşaqla ünsiyyəti elə qurun ki, sanki o sizin istədiyiniz kimidir”-fikrini səsləndirərək qeyd edib ki, bu günün pedaqoqları alfa nəslinin uşaqları ilə işləyirlər. Məhz bu səbəbdən onlarla ünsiyyətdə nəsillərarası düşüncə fərqliliyinin özünü göstərməsi təbiidir: “Çünki bu günün uşaqları süni intellektlə ünsiyyətdədirlər. Pedaqoji prosesdə uşağa əlverişli öyrənmə mühiti yaradılmalı, uşağın fərdi psixoloji xüsusiyyətləri, onun temperament tipi, meyil və maraqları, öyrənmə tərzi, intellekt növü və s. nəzərə alınmalıdır. Təlim-tərbiyə prosesində ailə ilə əməkdaşlıq çox vacib şərtdir. Çünki məktəbəqədər yaş dövründə uşaq üçün nüfuz sahibi valideyndir. Hər bir valideyn öz davranış və xarakteri ilə övladı üçün nümunə olmalıdır. Hələ öz dövründə Mariya Montessori maraqlı bir fikir söyləyib: “3-6 yaşlı uşaqlar musiqili kamerton kimidir. Onlara hansı səsləri ifa etsəniz həmin səsləri eşidəcəksiniz”.
Heyran Səfərovanın sözlərinə görə, məktəbəqədər yaş dövründə uşağın aparıcı fəaliyyət növü rollu oyunlardır: “Oyun prosesində uşaqlar böyüklərin davranışlarını imitasiya edirlər. Bu davranışlar zamanla uşaqda vərdiş halına keçir, bu səbəbdən tərbiyə prosesində böyüklər uşaqlarla sağlam ünsiyyət qurmalı və onlara düzgün oyun yoldaşı olmalıdırlar”.
Tünzalə QULİYEVA