Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar daha bir tədbir reallaşıb.
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu, AMEA-nın Regional Elm Mərkəzi ilə birgə təşkil olunan elmi sessiyanı giriş sözü ilə LDU rektorunun müşaviri professor Mikayıl Məhərrəmov açıb. Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın bütün sahələr üzrə inkişafında misilsiz xidmətlərindən söz açan M.Məhərrəmov Ümummilli Liderin ölkə elminin tərəqqisindəki rolunu xüsusi dəyərləndirib, bu xəttin Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Elmi sessiyada AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru professor Fərman Quliyev “Heydər Əliyev və Azərbaycanda subtropik bitkiçiliyi”, AMEA-nın müxbir üzvü Tələt Kəngərli “Lənkəran-Astara iqtisadi rayonunun müasir təbii şəraiti və onu əks etdirən yeni xəritələr komplekti”, Geoekologiya və Hidrogeologiya şöbəsinin rəhbəri professor Vaqif Məmmədov “Azərbaycanın su hövzələrinin ekologiyası: gələcəyə baxış”, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərli “Yer elmlərinin populyarlaşdırılmasında elmi jurnalistikanın rolu”, LDU-nun coğrafiya və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sənan Əzizov “Lənkəran-Astara iqtisadi rayonunda təbii şəraitin əhalinin və yaşayış məntəqələrinin yüksəklik qurşaqları üzrə yerləşməsinə təsiri” mövzularında məruzələri dinlənilib. Məruzələrdə H.Əliyevin Azərbaycanda aqrar sahənin inkişafındakı rolu, bu sahədəki çoxşaxəli fəaliyyəti, Azərbaycanda sitrus meyvəçiliyinin və çayçılığın inkişafı istiqamətində görülən işlər, Lənkəran-Astara iqtisadi rayonunun müasir təbii şəraiti və onu əks etdirən yeni xəritələrin tərtibi, yaxın zamanlarda dünyanı gözləyən içməli su problemi və onun həlli yolları, Azərbaycan elminin təbliği məqsədilə elm adamlarının və jurnalistlərin birgə faəliyyətinin vacibliyi və s.barədə ətraflı söz açılıb, təqdim edilən mövzuların slaydlar və diaqramlarla elmi təhlili verilib.
Elmi sessiyanın sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb, Geologiya və Geofizika İnstitutunun elmi nəşrləri LDU-nun Elmi kitabxanasına hədiyyə edilib.