Türkiyənin İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) nümayəndə heyəti böyük tərkiblə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.

 

Qonaqları salamlayan AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova onları universitetdə görməkdən məmnunluğunu ifadə edib.  Rektor AzMİU-nun Türkiyənin nüfuzlu universitetləri və müvafiq qurumları ilə fəal əməkdaşlıq əlaqələrindən danışıb. Dünyada su böhranı fonunda “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisasına tələbatın böyük olduğunu, bu sahədə peşəkar mütəxəssislərin yetişməsinə önəm verildiyini qeyd edib.

 

İSKİ ilə əməkdaşlıq çərçivəsində hər il AzMİU tələbələrinin İSKİ-nin müxtəlif qurumlarında təcrübə keçdiyinə diqqət çəkən rektor gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyinə toxunub.

 

İSKİ dairə başkanı Kurtuluş Gemicioğlu çıxış edərək səmimi qəbul üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib, Türkiyə-Azərbaycan dostluğu və qardaşlığından danışıb.

 

Qonaq İSKİ-nin AzMİU ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Təmsil etdiyi qurumun Türkiyədə apardığı su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi tədbirlərindən danışıb.

 

Daha sonra AzMİU və İSKİ barədə təqdimatlar edilib. “İSKİ 90 il” sənədli filmi nümayiş olunub.

 

Qeyd edək ki, İSKİ dairə başkanı Kurtuluş Gemicioğlunun rəhbərlik etdiyi nümayəndə heyətində Su inşaatı dairə başkanı Secaattin Varer, Təhsil şöbəsinin müdiri Özlem Karaca, Enerjinin idarə olunması şöbəsinin müdiri Osman Tamer Sönmez, Asiya su itkiləri və təzyiqin idarə edilməsi şöbəsinin müdiri Samet Kıran, İkitelli su təmizləmə şöbəsinin müdiri Ömer Turaşlı, Avropa II bölgə tullantı suların təmizlənməsi şöbəsinin müdiri Uğur Örün, İş sağlamlığı və təhlükəsizliyi şöbəsinin müdiri Mehmet Fatih Kayın daxil olub.

 

Nümayəndə heyətinin səfəri 3 noyabr tarixinədək davam edəcək.