Heydər Qafarlı:”Orta məktəbi yaxşı qiymətlərlə bitirməyim, ali məktəbə qəbul olmağım, hazırda da təhsildə yoldaşlarımdan geri qalmamağımın əsas səbəbkarı anamdır”


Mingəçevir Dövlət Universitetinin (MDU) üçüncü kurs tələbəsi Heydər Qafarlı artıq 9 ildir ki, görmə qabiliyyətini tamamilə itirib. Görmə məhdudiyyətli olmasına baxmayaraq o, yüksək akademik göstəriciləri ilə universitetdə fərqlənən qabaqcıl tələbələrdəndir.

 

H.Qafarlı 2004-cü ildə İsmayıllı rayonunda anadan olub. İsmayıllı rayon Culyan kənd tam orta məktəbini bitirib. Tarix fənninə olan sevgisi onu “Tarix müəllimliyi” ixtisasına yönəldib.

 

Heydər ibtidai sinifdə təhsil alarkən sərbəst oxumağı və yazmağı bacarıb, qiymətləri daim yaxşı olub. Beşinci sinifdə birdən-birə gözlərində zəiflik hiss edib. Valideynləri uzun müddət onun gözlərini müalicə etdirsələr də, yaxşı nəticə alınmayıb. Sonda Heydərin görməsi qısa zamanda tam məhdudlaşıb. Ancaq bu vəziyyət 10 yaşlı məktəblinin dərslərinə davam etməsinə mane olmayıb. Onda olan böyük həvəs, iradə və qavrama qabiliyyəti, eləcə də valideynlərinin dəstəyi dərslərinin mənimsənilməsinə kömək olub. Xüsusilə, anası Sevda xanımın əzmkarlığı sayəsində Heydər orta məktəbi yaxşı qiymətlərlə başa vurub və ali məktəbə qəbul olub.

 

Heydər onunla söhbət zamanı valideynlərinin dəstəyini xüsusi minnətdarlıqla vurğulayır: “Mən çatdığım məqama görə, ilk növbədə, valideynlərimə təşəkkür edirəm. Onların dəstəyi və köməyi olmasa idi,  arzularıma çatmaz və tələbə adını qazana bilməzdim. Atam maddi və mənəvi dəstəyim, anam isə, necə deyərlər, mənim gözlərim olub. Bütün həyatını, karyerasını mənim təhsilimə fəda edib. O oxuyub, mən isə dinləyib yadda saxlamağa çalışmışam. Anamın fədakarlığını unuda bilmərəm. Orta məktəbi yaxşı qiymətlərlə bitirməyim, ali məktəbə qəbul olmağım, hazırda da təhsildə yoldaşlarımdan geri qalmamağımın əsas səbəbkarı anamdır. Onun əməyi sayəsində qarşıma qoyduğum məqsədlərə doğru irəliləməkdə davam edə bilirəm. Əsl əngəl fiziki məhdudiyyətli olmaqda deyil, düşüncədədir. İnsan iradəli olunca, aşa bilmədiyi maneə yoxdur”.

 

Artıq üçüncü ildir ki, MDU-da təhsilini davam etdirən H.Qafarlı tələbə yoldaşlarından və ali məktəbin kollektivindən də razılıq edir:”Universitet kollektivi mənə çox səmimi, isti münasibət bəsləyir, tələbə yoldaşlarım da kifayət qədər  dostcanlıdır”.

 

Qeyd edək ki, əvvəllər H.Qafarlının görmə qabiliyyətinin bərpa edilməsinin mümkün olmadığı bildirilmişdi. Lakin hazırda Türkiyədə tibbin müasir texnologiyaları əsasında həyata keçiriləcək əməliyyatlarla Heydərin görməsində müsbət nəticələrin əldə olunmasına ümidlər böyükdür.

 

MDU-nun nümunəvi tələbəsinə sağlamlıq, dərslərində uğurlar arzulayırıq!